23.05.2011

Xalqın hakimiyyət payı

Zaur Bayramlı                       “Millətim” qəzeti

Tarix boyu xalqları tərk etməyən bir istək onların həyat amalına istiqamət verib. Bu istək hakimiyyətə şəriklik, başqa sözlə desək hakimiyyət payına sahib olmaq üzərində köklənib. Çağdaş dünyada “demokratiya” termini ilə tanınan xalqın hakimiyyətdə iştirak payı elə bir qarşısıalınmaz istək üzərində də köklənib ki, bu yolda zaman-zaman ortaya çıxan maneələri dəf etmək üçün toplumlar ölüm-dirim savaşına girməkdən çəkinməyiblər.
Dünya xalqları sırasında hörmətlə yanaşılan toplumlar məhz hakimiyyətdə hansı paya sahib olmaları ilə müəyyən olunur. Sivil demokratik rejimə sahib olan xalqlar  bu nailiyyətinə görə elə hörmətlə qarşılanır ki, sanki insan olaraq bir ömür yaşamaq üçün doğulmuş, əvəzində hakimiyyət payından kənarlaşdırılan xalqlarla müqayisədə tamam fərqli varlıqlardır. Daha çox o səbəbdən ki, insanın toplumda gerçəkdən insan kimi yaşaması məhz onun hakimiyyətdə təmsil olunduğu payla müəyyən olunur.
Demokratiya gediləsi elə bir uzun yoldur ki, bunun yetkin mərhələsinə yetişmək üçün uzun müddət və inadla mübarizə aparmaq lazımdır. Nəsilləri əvəzləyən belə uzunmüddətli mübarizəyə yetişməyi bacaran xalqlar sözün əsil mənasında hər cür ehtirama layiqdir. Təkcə ona görə ki, bu yolda yaşanan bütün məşəqqətlərə rəğmən, sonadək öz mübarizələrini aparmışlar. Elə demokratik toplumlara qoyulan hörmətin məğzini də bu fədakarlıqda axtarmaq lazımdır.
Xalqın hakimiyyət payının ideal səviyyədə təmin olunduğu toplumlar, hələ buna nail olmamış xalqlar üçün o qədər cəlbedicidir ki, kimsə bu hədəfə yetişmək mübarizəsindən kənarda qalmaq istəmir. Ancaq bu sadə həqiqəti anlamağa gərək var ki, hakimiyyətdə normal paya sahib olmaq üçün heç zaman bir həmlənin mübarizəsi kifayət etmir. Buna görə də usanmadan və yorulmadan sonadək mübarizə aparmağa ehtiyac yaranır. Bu həqiqəti anlamaq üçün bu gün demokratiyaya ən yüksək səviyyədə nail olmuş xalqların bu anadək keçdiyi mübarizə yoluna baxmaq kifayətdir. Bu mübarizə yolu bir daha təsdiqləyir ki, hakimiyyət payını artırmaq üçün toplumlar zaman-zaman ölüm-dirim savaşı ilə bu istəyə yetişməyə nail ola biliblər. Hər dəfə isə payı artırmaq üçün aparılan inadlı mübarizə toplumları yalnız bircə addım irəli apara bilib. Bax elə hakimiyyətdə arzu olunan paya sahib olmağın qiyməti də bununla müəyyən olunur.
Yenicə müstəqillik yoluna qədəm qoymuş toplumlarda xalqın birdən-birə hakimiyyətdə yüksək paya sahib olma şansları yox dərəcəsində hesab olunur. Doğrudur yalnız bir hal istisna hesab oluna bilər. Belə ki, yenicə müstəqillik yoluna çıxmış ölkələri yüksək demokratik dəyərlərə sahib güc sahibləri gerçəkdən səmimi olaraq himayədə saxlamaqla, ona xüsusi dəstəklə arzu olunan hədəfə vaxtından əvvəl çatdıra bilər. Bu müstəsna halı biz Qərbin təmənnasız yardımı ilə demokratiyaya qısa zaman kəsiyində yetişə bilən Baltikyanı ölkələrin timsalında görə bildik.
Müstəsna hallara çox az təsadüf edildiyindən, əksər xalqlar hakimiyyət paylarını artırmaq üçün uzun müddətli mübarizəyə hazır olmalıdır. Həm də bu mübarizə yolunda bir həqiqəti unutmamalıdır ki, əgər xalq fəallığını itirsə, nəinki qazandığı hakimiyyət payı artmaqda davam edəcək, hətta bir qədər azalacaq. Deməli hakimiyyət payını artırmaq istəyi ardıcıl və artan dinamik mübarizə fonunda həyata keçə bilər.
Müəyyən məqamlarda fəallığını itirən, yaxud irticanın hucumu qarşısında geri çəkilən toplumlar hakimiyyət payını bir qədər ayaqlada bilir. Lakin bütün bunların sonucu xalqı sosial problemlərə doğru sürükləyirsə, bu problemlər kütləni hərəkətə gətirən mənbəyə çevrilir.
Hakimiyyət payını artırmağa olan ehtiyac və bu yolda geriyə yolun olmaması bu gün ərəb ölkələrinin timsalında kifayət qədər qabarıq görünür. Təxminən 50 il bundan əvvəl qanlı savaşa qalxaraq hakimiyyətdə paya sahib olmağı bacaran bu toplumlar yenidən silaha sarılmağa ona görə ehtiyac duydular ki, onların hakimiyyət payı istəniləndən xeyli az idi. Buna görə də bu gün iç savaşın tüğyan etdiyi ərəb ölkələrində belə vəziyyətin yaranmasına aparıcı səbəbi  xalqın hakimiyyət payının azlığı ilə müəyyən olunmalıdır. Bu mərhələdə isə daha bir müzəffər inqilabın həyata keçməsi hələ də həmin toplumların ideal hakimiyyət paylarına sahib olmalarının təminatı olmaya bilər. Hətta bu paya nail olunulsa belə onun qorunması üçün növbəti mərhələnin mübarizəsinə gərək qalır.
Bir sözlə, xalqa hakimiyyətdən pay verilmir, bu alınır özü də güzəştsiz mübarizədə. Mübarizliyini itirən xalqlar hakimiyyət payından da məhrum olurlar.   

Комментариев нет:

Отправить комментарий