23.05.2011

Qəliz məsələ

Zaur Bayramlı              “Millətim” qəzeti

Vallah elə bir duruma düşmüşük ki, qarşıya çıxan suallar müəmmaya çevrilib hər birimizi çaşdırır. Savadından, dünyagörüşündən asılı olmayaraq hər kəs çaş-baş qalıb. Necə edəcək ki, baş verənləri təqdim olunduğu kimi yox, olduğu kimi anlayasan?
Xülasə Azərbaycan vətəndaşları olaraq gəlirimizin əsasını neft satışından gələn pullar olduğunu hər birimiz bilirik. Onu da bilirik ki, nefti nə qədər baha sata bilsək, gəlirimiz də bir oqədər çox olacaq. Üstəgəl onu da anlayırıq ki, ölkəmizə gələn gəlirin həcmi nə qədər çox olsa, hər halda ondan bizə də bir pay düşəcək. İşin bu tərəfini ona görə mükəmməl bilirik ki, son iki ildə neftin dünya bazarında qiymətinin düşməsi səbəbindən sadə vətəndaşların pensiya və əmək haqqı üçün nəzərdə tutlan cüzi artımlar dayandırılmışdı.
Bütün bildiklərimizin fonunda bir onu anlaya bilmirik ki, axı neftin qiymətinin bizim gözlədiyimizdən də yüksək qiymətə satılması niyə bizim güzəranımızı bir qədər də pisləşdirir. Deyəsən məsələnin bu tərəfi xeyli qəliz olduğundan ona bir qədər aydınlıq gətirməyə ehtiyac var.
Məsələ burasındadır ki, yaşadığımız il üçün dövlət büdcəsi təsdiq olunarkən neftin hər barelinin 60 dollara satılacağı ehtimalı üzrə gəlirlər müəyyən olunmuşdu. Guya bu halda əhalinin sosial problemlərinə diqqət yetirməyə imkan olacaq. Elə bu səbəbdən də bütün pensiyaçılar böyük həyəcanla neftin satışını izləməkdə idi. Məlum olanda ki, Azərbaycan nefti nəzərdə tutulduğundan təxminən iki dəfə baha satılır, camaat əməlli-başlı bayram eləyirdi ki, nəhayət bizə də düşəcək payı ummağa dəyər. Amma sonda məlum olanda ki, neftin bahalaşması bizim güzəranımızı bir qədər də pişləşdirdi, o halda çaş-baş qalmamaq üçün dahi olmağa ehtiyac var.
Belə ki, ölkədə ilin əvvəlindən çox sürətlə artan qiymətlər, xüsusən ərzaq mallarında olan kəskin qiymət artımı sabit qalan alacağımızın müqabilində bizi ciddi problemlərlə üzləşdirdi. Ərzaq mallarının qiymətinin qalxması ilə bağlı baş sındıran başbilənlərimizin açıqladığı dahiyanə fikirlər bütün ümidlərimizi alt-üst etdi. Başbilənlərimiz uzun araşdırmalardan sonra bu qənaətə gəldi ki, ərzaq mallarının qiymətinin qalxmasının səbəbi dünyada neftin bahalaşmasıdır. Çünki hər şeyin istehsalına təsir edən neft ərzaq məhsullarının qiymət artımına təsirsiz qalamamalıdır. Doğrudur, bu son arqumenti anladıq. Ancaq onu anlaya bilmirik ki, axı biz neft ölkəsiyik, deməli sərvətimizi nə qədər baha satsaq bir o qədər də pis yaşayacağıq?
Məsələnin bu qədər qəliz olması bəlkə də qəbul olunmaya bilərdi, ancaq bu şərtlə ki, əhalinin ən kasıb təbəqəsi olan pensiyaçıların sosial müdafiəsi ilə bağlı görülən işlərin detalları ortada olmasa idi.
Belə ki, keçən ilin sonuna qədər neftin nəzərdə tutulan qiymətdən baha satılmasının sonucu kimi pensiyaçılar öz payını aldı. Xülasə onlara verilən pensiyanın sığorta hissəsinə daha bir manat əlavə olundu. Söhbət pensiyaçıların 30 faizini özündə birləşdirən aşağı pensiya alanlardan gedir. Yeri gəlmişkən elə buradaca da sosial ədalət prinsipinin ayaqlanması göz qabağındadır. Belə ki, pensiyanın sığorta hissəsinin infilyasiyaya uyğun indeksləşdirilməsi aşağı pensiya alanlarla yuxarı pensiya alanların maddi təminatı arasındakı fərqi daha da dərinləşdirir. Çünki aşağı pensiyada sığorta hissəsi 25-30 manat olduğu halda, yuxarı pensiyalarda bu rəqəm min manatdan da çoxdur. Belə fikirlər səslənir ki, neftin artım qiyməti sabit qalarsa, dövlət büdcəsinə yenidən baxıla bilər. Bu halda pensiyaçıların maddi təminatı daha bir manat yaxşılaşacağı halda, artıb gedən qiymətlərin fonunda nə kimi problemlərlə üzləşəcəyimizi təsəvvür etmək çətin deyil.
Başqa neft ölkələrindən fərqli olaraq Azərbaycanda bu sərvətdən vətəndaşlara ayrıca pay nəzərdə tutulmaması ona aparır ki, sərvətimiz bahalaşdıqca yaşayışımız pisləşəcək. Məsələnin bu qəlizliyi təəsüf dolu bir atalar sözünü xatırlatmağa yönəldir: “İsinmədik istisinə, kor olduq tüstüsünə”.

Комментариев нет:

Отправить комментарий