23.05.2011

Məmurda fərasətə bax!

İlkin Ağalı                    Millətim qəzeti

Vallah mən həmişə demişəm, yenə də deyirəm: Bizim məmurlarımızın iti ağlı, fərasəti bütün dünyanın həsəd aparacağı bir müstəsnalığa sahibdir. Belə bir qabiliyyət sahibləri ilə öyünməmək üçün gərək adamda birdəfəlik vətənpərvərlik ruhu  ölə.
Axı necə öyünməyəsən ki, bizim orta məmurlarımız dünyanın super dövlətlərinin başçıları ilə görüşə bilsələr, onların daha ağır iqtisadi durumunu bildikləri üçün hər birinin şəxsi xərclərini gen-bol qarşılamağa, necə deyərlər onlara qonaqlıq verməyə hazırdırlar ki, çox da sıxıntı çəkməsinlər.
O ki, qaldı bəzi mötəbər məmurlarımıza dünyanın ən ünlü iş adamları, ömrünü bu yolda fəda edib illər boyu yüksək gəlirin yollarını axtaranlar bizim haman məmurların qazancına qibtə ilə həsəd aparırlar. Zarafat deyil, heç nədən, yəni heç bir istehsal olmadan, heç bir biznes fəaliyyətinə girişmədən gen-bol pul qazanmağı bacarmaq elə bir fərasət tələb edir ki, bu fərasətə qibtə ilə yanaşmamaq olmur.
Əslində qazanc naminə həyata keçirilənlər sadədir: Bu sadə yolun başında sadəcə məmur olmaq dayanır. Bundan sonra qalır iş qazanma tərəfi ki, ona gözü götürməyənlər səlahiyyətdən sui-istifadə deyirlər.
Onsuz da qabağa çıxanlara hərə bir cürə irad tutmağa çalışacaq. Ona görə də, belə qazanca nə qədər qarayaxmalar olsa da, onu gözdən salmaq çətin olacaq. Birincisi ona görə ki, ölkəmizin reallığı buna geniş şərait yaradır. İkincisi, isə pulsuz kişinin heç bir hörməti olmaması cəmiyyətdə aksioma kimi qəbul olunur. Bir anlığa təsəvvür etsək ki, yağlı vəzifə sahiblərindən birinin pulla bağlı problemləri var, ona necə tənəli sözlərin yağdırılacağını, hətta fərasətsizlikdə təqsirləndiriləcəyini anlamaq adi məsələdir. Bax, elə buna görə də bizim məmurlar sadəcə olaraq fərasətli olmağa məhkumdur ki, qınaq obyektinə çevrilməsin.
Baxmayaraq ki, bizim məmurların fərasəti yalnız şəxsi qazanc naminə səfərbər olunub, bu da onların reytinqini azaltmır. İstər adını korrupsiya qoysunlar, istər monopoliyada təqsirləndirsinlər bu mahiyyətdə məmurların fərasətinin bir qədər də itiləşməsinə səbəb olur. Yəni yeni şəraitdə daha çevik oyunbazlıq etməyə gərək qalır ki,  məmuru yuxarıdan qamçılamasınlar.
Ona görə də vətəndaşı hörmətlə qarşılayan məmur, onu (müştərini) nəzakətlə dinləyib, sonra canıyananlıqla onun vəziyyətini nəzərə almaq istəyərək öz yardımını əsirgəmir. Əvəzində onu başa salır ki, filan səbəblər bu işin düzəlməyinə mane olur. Onun ortaya atdığı, əslində işlə əlaqəsi olmayan “filan səbəblər” isə o qədər müşkül görünür ki, vətəndaş işin düzələcəyinə ümidini itirməklə geri dönmək istərkən məmur fərasəti burada özünü göstərir. Bu dəfə onu vəziyyətdən “çıxarmaq” üçün bir kəsə yol göstərir. Vətəndaş da böyük razılıqla və dua-səna ilə məmurun “bığının altından” keçərək ona duaçı olub minnətdarlıq hissi ilə ayrılır.
Bu son mənzərə, məmur-vətəndaş münasibəti ilə bağlı görüntü ölkədə korrupsiya və məmur  özbaşınalığına qarşı savaş açılandan sonra özünə əməlli başlı yer tutub. Deməli çevik fərasət sahibləri öz ağlının itiliyindən yararlanmaqla şəraitə görə dəyişə biliblər. Həm də elə ustalıqla dəyişiblər ki, nə ona kimsə yuxarıdan cəza vermək üçün səbəb tapa biləcək, nə də aşağıdan onların ünvanına təşəkkürdən artıq söz eşidiləcək. Çünki bu müstəsna fərasət sahibi olan məmurlar artıq inandıqları  “ağzı bərk” adamlarla iş görürlər. Necə deyərlər qazancı-qazanc, minnəti də üstəlik.
Ölkədə korrupsiyaya qarşı başlamış savaş daha az məmurları da “ələdi”. Hələ də korrupsiyaya “açıq qapı” kimi yanaşanlar bu mərhələni adlaya bilmədilər. Əvəzində məmur ordusu daha fərasətlilərin hesabına bir qədər də gücləndi. Bu mərhələdə xalqın da bir qazancı oldu: Onlar daha qapıdan qovulmadan, nəzakətlə qarşılandı. Lakin onların içərisində layiqli “müştərinin” olmadığını dərhal seçən iti məmur ağlı onları elə qarşıladıqları kimi nəzakətlə də yola saldılar. Amma təbii ki, problemlərini həll etmədən. Bu mərhələdə isə məmur fərasəti vətəndaşın pulunu qazana bilməsə də, onun hörmətini qazanır. Belə yerdə demək yerinə düşər, məmurda fərasətə bax! 

Комментариев нет:

Отправить комментарий