23.05.2011

Şəhriyar


                                   *****
Ulduz sayaraq gözləmişəm hər gecə yaarı,
Gec gəlmədədir yar, yenə olmuş gecə yaarı.

Gözlər asılı yox nə qaraltı, nə də bir səs,
Batmış qulağım gör nə düşürməkdədi darı.

Yatmış hamı, bir Allah oyaqdır, daha bir mən,
Məndən aşağı kimsə yox, ondansa yuxaarı.

Qorxum budu yar gəlməyə birdən açıla sübh
Bağrım yarılır, sübhüm açılma səni tarı.

Dan ulduzu istər çıxa, göz yalvarı çıxma!
O çıxmasa da ulduzumun yoxdu çıxaarı.

Gəlməz, tanıram bəxtimi, indi ağarar sübh,
Qaş böylə ağardıqca, daha qaş da ağaarı.

Eşqin ki, qərarında vəfa olmayacaqmış,
Bilməm ki, təbiət niyə qoymuş bu qərarı?

Sanki xoruzun son banı xəncərdi soxuldu,
Sinəmdə ürək varsa, kəsib qırdı damaarı.

Rişxəndilə qırcandı səhər, söylədi: durma!
Can qorxusu var eşqin, uduzdun bu qumarı.

Oldum qara gün ayrılalı, ol sarı teldən,
Bunca qara günlərdir edən rəngimi saarı.

Göz yaşları hər yerdən axarsa, məni tuşlar,
Dəryaya tərəf bəllidi çayların axaarı.

Əz bəs məni yarpaq kimi, hicrində saraldıb,
Baxsan üzünə, sanki qızıl güldü qızaarı.

Mehrabi şəfəqdə özümü səcdədə gördüm,
Qan içrə qəmim yox, üzüm olsun sənə saarı.

Eşqi var idi Şəhriyarın güllü çiçəkli,
Əfsus qəza vurdu, xəzan oldu bahaarı.

                 «HEYDƏR BABAYA SALAM» POEMASINDAN

Heydər baba, kəkliklərin uçanda,
Kol dibindən dovşan qalxıb qaçanda,
Bağçaların çiçəklənib açanda,
Bizdən də bir mümkün olsa, yaad elə,
Açılmayan ürəkləri şaad elə.

Bayram yeli çardaqları yıxanda,
Novruz gülü, qar çiçəyi açanda,
Ağ buludlar köynəklərin sıxanda,
Bizdən də bir yaad eləyən sağ osun,
Dərdlərimiz qoy dikəlib dağ olsun.

Heydər baba, yolum səndən kəc oldu,
Ömür keçdi, gələmmədim gec oldu.
Heç bilmədim gözəllərin nec odu,
Bilməz idim döngələr var, dönüm var,
İtkinlik var, ayrılıq var, ölüm var.

Heydər baba, Mirəjdər səslənəndə,
Kənd içinə səsdən, küydən düşəndə
Aşıq Rüstəm sazın dilləndirəndə
Yadındadır nə həvəslək qaçardım?
Quşlar təkin qanad açıb uçardım.

Daşlı bulaq daş qum ilə dolmasın,
Bağçaları saralmasın, solmasın.
Ordan keçən atlı susuz olmasın,
Deynə: bulaq, xeyrin olsun axarsan,
Üfüqlərə xumar-xumar baxarsan.

Heydər baba, sulu yerin düzündə
Bulaq qaynar çay çəmənin gözündə.
Bulaqotu üzər suyun üzündə
Gözəl quşlar ordan gəlib keçərlər
Xəvətləyib, buaqdan su içərlər…

                                            AĞIZ YEMİŞİ

Bir gün ağız qalı boş,
Bir gün dolu dad olu.
Gün var ki, heç zad olmaz,
Gün var ki, hər zad olu.

Bəxtin dura, baxasan,
Yadlar qohum, qardaşdı.
Amma bəxtin yatanda
Qohum–qardaş yad olu.

Çalış adın gələndə
Rəhmət oxunsun sənə.
Dünyada səndən qalan
Axırda bir ad olu.

Gördün işin əyildi,
Durma, əyil, gözdən it.
Dostun görər, darıxar,
Düşmən görər şad olu.

Комментариев нет:

Отправить комментарий