10.05.2011

Oliqarxların baş nazirlik savaşı

Qruplararası savaşın mühüm səbəblərindən biri Arturun çəkilməsi ilə bağlıdır
Azərbaycan mafiyasının anatomiyasında yeni patalogiya meydana çıxıb
Son zamanlar siyasi polemika çevrələrində Azərbaycanın nazir-oliqarxlarının qarşılıqlı ziddiyyətləri haqqında çox müzakirələr gedir. Oliqarxlar da öz davranışları ilə bu müzakirələrə mövzu verirlər. Bu davranışlar o qədər şiddətlidir ki, hətta parlamentdə də rezonans yaradır və Azərbaycan hakimiyyətinin bu ən maraqsız strukturu da məhz, bu münaqişələrin hesabına diqqəti cəlb edir.
Gəlin, ziddiyyətləri təsnifləşdirək:
1. Kəmaləddin Heydərovla Ziya Məmmədovun münaqişəsi;
2. Kəmaləddin Heydərovla Rövnəq Abdullayevin münaqişəsi;
3. Kəmaləddin Heydərovla Ramiz Mehdiyev qruplaşmasının (buraya Ramil Usubov da daxildir) münaqişəsi.
“Fövqəlnazir” düşmənlərlə əhatələnib, dostlara isə etibarı yoxdur
Hal-hazırda ictimai-siyasi çevrələrdə daha çox bu üç münaqişə ocağı barədə müzakirələr gedir və göründüyü kimi, bunların hər birinin bir tərəfi fövqəladə hallar naziridir.
Heydərovun, hakimiyyətin mətbəxini təşkil edən iri qruplaşmalarla bütün ziddiyyətlərin tərəfi olması bu münaqişəyə Ilham Əliyevin sadəcə, müşahidəçi kimi qatılmasının görsənişidir. Baş nazirlik uğrunda savaşın təhlilini, hələlik bir kənara qoyub prezidentin hakimiyyətdaxili münaqişə ocaqlarını sadəcə, seyr etməsinin səbəblərini araşdıraq. Əlbəttə, bəziləri deyə bilər ki, Ilham Əliyev adının münaqişə tərəflərindən biri kimi hallanmasını istəmir. Amma o, faktiki olaraq, müşahidəçi statusunu saxlamaqla da tərəf olduğunu göstərir və fövqəlnazirin sıxışdırılmasında maraqlı görünür. Ictimai rəy birmənalı olaraq belə qəbul edir ki, Heydərov Azərbaycan hakimiyyətində ikinci adamdır, idarəetmənin mühüm sahələrinə, özəlliklə də qara iqtisadiyyatın istiqamətləndirilməsinə təsir imkanları baxımından, hətta birinci adam sayılır. Azərbaycanla bağlı bütün beynəlxalq hesabatlarda da, demək olar ki, bu nəticə bildirilir. Ilham Əliyev avtoritar hakimdir. O özündən sonra ikinci, üçüncü, dördüncü,.. adamın olmasını arzulaya bilməz. Avtoritarizmin bir idarəetmə sistemi olaraq da mahiyyəti budur.
Iri pullar iri müharibə deməkdir
Yuxarıda qeyd edilən münaqişələrin kəskinləşməsi və ictimai müzakirələrin predmetinə çevrilməsi isə Azərbaycana iri pulların axını ilə paralel başlayıb, desək, səhv etmərik. Hakimiyyət daxilində bu qəbildən olan münaqişələr çox zaman olur, amma iri pullar korrupsiya rejimlərinin patalogiyasında ciddi problemlər yaradır. Ölkəyə gələn iri pullar üzərində ictimai nəzarətin deyil, korrupsiyalaşmış oliqarxların nəzarətinin olması, təbii olaraq bu pulların ətrafında yaranan biznes (qara) mühitinin də formalaşması uğrunda mübarizəni yaradır. Azərbaycan hakimiyyətindəki ziddiyyətlərin ən ciddi səbəblərindən biri budur.
Digər mühüm səbəb: formal olaraq ikinci siyasi post sayılan baş nazir kürsüsü uğrunda mübarizə kəskinləşib.
Oqtay Əsədov və Əbülfəs Qarayev baş nazirlik uğrunda savaşın içində olmaq istəmir
Adı yuxarıda hallanan şəxslərdən Kəmaləddin Heydərovun, Ziya Məmmədovun, Rövnəq Abdullayevin və adı qeyd edilməyən Əbülfəs Qarayevlə Oqtay Əsədovun bu posta yiyələnmək planları barədə danışılır. Görünür, Oqtay Əsədov baş nazirlik uğrunda aşkar mübarizəyə qoşulmağı mənasız sayaraq, bunu birinci şəxsin ehtimal olunan lütfünə bağlayır. Əbülfəs Qarayev isə Paşayevlərin kadrı sayılır və buna görə də özünü kifayət qədər şanslı namizəd saydığı üçün konfliktlərə qarışmır. Oqtay Əsədov Qərbi Azərbaycanlıların təmsilçisi kimi, formal olaraq təqdim edildiyini bilir. Hətta “Azərsu” kimi nəhəngin də onun nəzarətindən çıxarılmasını gözlənilən baş nazirlik postu ilə müqayisədə ciddi itki saymır. Təsərrüfat adamıdır və bu keyfiyyətlərin onun işinə yarayacağını güman edir.
Heydərov ikinciliyi halal haqqı sayır
Kəmaləddin Heydərovun baş nazirlik iddiası gerçək vəziyyətin de-yure təsbit olunması istəyilə bağlıdır. Bir halda ki, o, ikinci şəxs hesab edilir, deməli, bu vəziyyəti rəsmiləşdirmək də olar. Ikincilikdən birinciliyə bircə addım yol qalır. Doğrudur, siyasi şərait Kəmaləddin Heydərovun birinci şəxs olmasının adi ssenarisi üçün yer qoymur. Amma hər hansı fors-major şəraiti onu birinci şəxsə də çevirə bilər. Azərbaycan kimi qeyri-sabit ölkələrdə (hərçənd, iqtidar təbliğatı Azərbaycanı dünyanın ən sabit ölkələrindən biri kimi təqdim etməyi xoşlayır, amma əlbəttə, bunun ciddi əsası yoxdur) fors-major istənilən halda yarana bilər.
Ziya Məmmədov “yad adam” olduğu üçün ikinci olacağına inanır
Ziya Məmmədovun birinci şəxs olmaq istəyi və iddiası heç zaman ola bilməz. Amma indiki vəziyyəti də onu təmin etmir, çünki qruplararası təmaslarda, o, ən zəif həlqə olduğunu da fərqləndirməmiş deyil. Onun siyasi geneologiyası mövcud hakimiyyətin üzvi elementi sayılmır, mövqelərini möhkəmləndirəcək başqa arqumentlərdən məhrumdur. Əslində, zəif həlqə olması onun baş nazirlik postuna şansını bir az artırır. Nəyə görə? Bu barədə az sonra...
Rövnəq Abdullayev əsas klanın zəruri əlavəsidir
Rövnəq Abdullayev elə bir qruplaşmanın üzvüdür ki, onun ikinci adam olması üçün yalnız və yalnız indiki siyasi sistemin mövcudluğu lazımdır. Əgər ictimai rəydə və beynəlxalq təşkilatların arayışlarında göstərilənlər yanlış deyilsə (ən azı) və Abdullayev Bəylər Əyyubov-Vasif Talıbov qruplaşmasının üzvüdürsə, bu qruplaşmanın siyasi perspektivinin yalnız indiki sistemlə mövcud olacağına şübhə etmək olmaz. Söhbət etnik mənsubiyyətdən (kürd faktoru), hətta həmin zəmində siyasiləşmiş etnik komandadan gedir. Bu qruplaşma, eyni zamanda Əliyevlərin əsas dayaqlarındandır və həmişə də belə olub. Rövnəq Abdullayev də birincilik iddiası təsəvvür edilməyən və heç zaman təsəvvür edilməyəcək adamlardan olduğu üçün baş nazirlik iddiasında özünü şanslı hesab edə bilər.
Ikincilik onuncu olmaq kimi bir şeydir, amma...
Zəif siyasi fiqur olmaq Azərbaycanda baş nazir olmaq üçün ən uyğun göstəricidir. Sadə bir səbəbə görə ki, avtoritar liderlər ikinci şəxsin, onuncu və daha aşağı ranqda qəbul edilməsini xoşlayırlar. Normal siyasi proseslərin olduğu şəraitdə iqtidar komandasının növbəti alternativi baş nazir, xarici işlər naziri, paytaxt meri,.. kimi adamlar ola bilər. Azərbaycanda hər üç vəzifənin daşıyıcısını gözünüzün qarşısına gətirin. Artur Rəsizadə, Elmar Məmmədyarov və Hacıbala Abutalıbov hansısa “x” günündə hakimiyyət komandasının seçimi ola bilərmi? Əlbəttə yox. Amma məsələn, Ziya Məmmədov bu postu ələ keçirməklə Kəmaləddin Heydərov kimi rəqibinin daimi pressinqlərindən xilas ola bilər. Kəmaləddin Heydərov isə baş nazir postunda özünün növbəti Artur Rəsizadə olacağını heç bir halda təsəvvür etmir. O, Azərbaycanın baş nazirini indiki “fövqəlnazir” iddiaları ilə təsəvvür edir və Əliyevlərin ailə biznesinin əsas menecerlərindən biri olaraq, bu posta təyinatını zəruri edən şəraiti yetişdirməklə məşğuldur.
Maraqlıdır ki, Azərbaycanla əməkdaşlıq edən bir sıra dövlətlər də (bunların arasında aparıcı Qərb ölkələri də var) Azərbaycanın növbəti baş nazirinin Artur Rəsizadə kimi formal səlahiyyət daşıyıcısı yox, Heydərov kimi, ölkədəki situasiyaya təsir imkanları olan birisinin olmasını istərdilər. Diplomatlardan biri bunu “Azadlıq”ın əməkdaşı ilə privat söhbətdə, hətta etiraf edib və vurğulayıb ki, onlar “baş nazirlə ciddi məsələləri müzakirə etmək istərdilər, çünki prezidentlə heç də həmişə görüşmək mümkün olmur”.
“Mavr getməlidir”
Artur Rəsizadə isə getməlidir. Onun təqaüd yaşı çatıb və indi kabinetin işinin təşkilində onun rolu sıfırdan azacıq yuxarıdır. Oliqarxlar Rəsizadənin istefaya (təqaüdə) göndəriləcəyini çoxdan gözləyirlər və əla bilirlər ki, bu mühüm vəzifənin boşalacağı gün sadəcə bir səbəbə görə təxirə düşüb: hələlik, yeni baş nazirin kim olacağı ilə bağlı qəti qərar yoxdur. Onlar bir-biri ilə münaqişənin gedişində həmin qərarın verilməsinin sürətlənəcəyinə ümid edirlər.
"Azadlıq" qəzeti

Комментариев нет:

Отправить комментарий