23.05.2011

Həbs olunan Masallı dindarı məhkəmədə hakimdən üzr istəmələrini təkzib etdi

deyerler.org: Xəbər verdiyimiz kimi, Azərbaycanın "Eurovision 2011" müsabiqəsində 1-ci yerə çıxması münasibəti ilə Masallıda keçirilən tədbirə etiraz edən iki nəfər - Araz Quliyev və Rza Ağalı həbs edilmişdi. May ayının 15- də Masallı rayon məhkəməsi onları Azərbaycan Respublikasının inzibati xətalar məcəlləsinin 310.1 maddəsi ilə təqsirli bilərək 5 gün müddətinə azadlıqdan məhrum etmişdi.
Onların həbs müddəti dünən bitib. Həm Araz Quliyev, həm də Rza Ağalı artıq azadlığa çıxıblar. Amma bu gün ölkə mediasında həbs olunan dindarların güya məhkəmədən üzr istəmələri barəsində məlumat dərc olunub. Belə ki, məlumatda deyilir ki, güya onlar məhkəmədə hakimdən üzr istəyərək, bir də belə bir iş tutmayacaqlarını bildiriblər.
Lakin redaksiyamıza bu məlumatla bağlı həbs olunan dindarlardan Araz Quliyev zəng vuraraq, yayılan xəbəri təkzib edib. "Səhv etmirəmsə, "Musavat.com" saytı verib, həm də "Media forum" saytından götürüb. Onlar da güya Masallı məhkəməsindən müsahibə alıb. Və biz də güya məhkəmədə səhvimizi başa düşərək üzr istəmişik. Bir də belə bir hərəkətə yol verməyəcəyimizi bildirmişik. Amma bu, yalan informasiyadır. Çünki əksinə, biz orada öz sözümüzün üstündə durmuşuq. Orada elə bir şey baş verməyib. Hamısı yalandır və biz sözümüzün üstündə durmuşuq, indi də dururuq. Biz heç də peşiman deyilik bu əməlimizə görə, əksinə sevinirik ki, belə bir hərəkət etmişik", - deyə o, bildirib.

Комментариев нет:

Отправить комментарий