10.08.2011

45 yaşın həndəvərində


Faiq Balabəyli  


Salam Sarvan haqqında

Avqustun 10-cu günü şair Salam Sarvanın 45 yaşının son günü olacaq. Və ədəb-ərkanla ömrünün 46 yayının ilk gününə adlayacaq. ”Qorabişirən” ay olmasa da əslində qorabişirən günlər yaşadığımız bu günlərdə şair Salamın 45 yaşının həndəvərində bir az  var-gəl eləmək istədim.

Çox illər bundan öncə bir şeir məclisindəki tanışlığımızın ilk təməl daşı möhkəm olduğundan dostluğumuz bu günə qədər davam edir. Arada inciklik olmasa da bir müddət bir-birimizdən uzaq olduğumuz vaxtlar olub. Lakin dostluğumuz  qorabişirən ayın istiliyindən də isti olduğu üçün bu heç də hiss edilməyib. Günləri ard-arda düzmüşük, mən 47 –nin kürəyini yerə vurmuşam, o, 46- ya keçib məni “dabanqırma” izləyir.
Haqqında şox yazılıb, çox danışılan şair Salam haqda az danışmağa cəhd edəcəyəm. Yaşının bu həndəvərində onu xatirələrimin dəstəyi ilə “bir balaca” geriyə qaytarmağa həvəsliyəm.
Salamın qəribəlikləri çoxdu və bu qəribəliklər təkrarolunmazdır.
Bu arıq-şüvərək oğlanın dalaşmağa meyli olmasa da, dalaşmaqda əli var idi və yeri gələndə bu bacarığını da işə salmaqdan çəkinmirdi. Belə hallarımız arada olurdu. Bizim gənclik illərimizin dava-şavası da maraqlıydı. İndi adına polis dediyimiz o dövrün milisinin qapısına heç yolumuz düşməzdi.
Şeirlə nəfəs aldığımız zamanlar idi. Elə indi də şeirlə, yazı-pozu ilə ilgiliyik, amma o dövr bir başqa cür idi. Vasif Süleyman, Həjar Şamiloğlu, Salam və mən. Arada Balaxan Qərib də qatılardı.  Şeir “dartışmalarından” sonra  məxsusi  məclislərimiz baş tutardı, indi şirin xatirələrə çevrilən macəralar yaşanardı.
Salam ilkin olaraq adama danışmağa həvəssiz görünə bilər. Az danışan, sözü düz deyən və sair. Deyəcəklərini şeirlərində dediyindəndir, ya nədirsə, bu xasiyyət son illər onda daha çox müşahidə olunur. Bu mənim qənaətim deyil. Belə deyirlər. Ama əslində başqa cürdü. Dəfələrlə səfər yoldaşı olmağım da imkan verməz ki şairimizə “qaraqabaq” yarlığı verək. Ünsiyətcildi.
Onunla səhərə qədər dayanmadan şeir dediyimiz, meyxana söylədiyimiz günlərimiz də olub,dava-dalaş saldığımız məqamlarımız da, həttda dostlar üçün qız qaçırdıb toyunda “ölənə qədər” içdiyimiz vaxtlarımız da.
Bütün bunlardan indi bizi ən azından 25 illik bir məsafə ayırır. Amma çox şeylərin dəyişdiyi bu vaxtlarda dəyişməyənlər də var. Gecənin bir zamanı qəfil bir zəng gələ bilər: – mən filan yerdəyəm, burda olmağın vacibdir. Yaxud mənim ona gözlənilməz situasiyada açdığım zəngə eyni reaksia…
İndi yaşımızın üstünə gələn yaş bizə , qocalığa tərəf gedən yolun üstündəki dayanacağı göstərir. Gur saçlarımızın xəyanətindən sonra həkimlərin dişlərimizlə məşğul olduğu vaxtlara çatmışıq. Bunula belə çox şeylər indi başlayır…amma bəzən  yaddaşımızdak xatirələri  vərəqləməyin hesabına.
Bir-neşə gün bundan qabaq  gecənin bir aləmi yenə də ərkyana bir zəng etmişdi. Hiss etdim ki dostlardan təzəcə ayrılıb. Mən istəyirəm sən, Vasif, Həcar, Balaxan yığışaq ad günümü birlikdə keçirək. Az-az görüşürük. Onu başa düşürəm.
O, yaxşı dostdu, o qədər yaxşı dostdu ki hətta yanında ağlaya da bilər. O, şairdi…bunu isə deməyim yəqin ki  yersiz olu – bunu kim bilmir ki…
Salamın 45 yaşının həndəvərində nələri isə sizlərnən bölüşmək istədim… yuxarıda söz vermişdim – çalışıb az danışacam. Mən həmişə sözümün üstündə dururam..
Faiq Balabəyli                   kultaz.com

Комментариев нет:

Отправить комментарий