Cavidan
İt kimi yorulmuşam.
İt kimi deyəndə ki, səhərdən elə it kimi də küçələrdə veyillənirəm. Veyillənirəm deyəndə ki, süpürgəçimizi axtarıram.
Gözlərim onun döşlərində qalıb, qalıb deyəndə ki…qoy elə hər şeyi əvvəldən danışım…
İt kimi deyəndə ki, səhərdən elə it kimi də küçələrdə veyillənirəm. Veyillənirəm deyəndə ki, süpürgəçimizi axtarıram.
Gözlərim onun döşlərində qalıb, qalıb deyəndə ki…qoy elə hər şeyi əvvəldən danışım…
* * *
Mən balaca bir ədəbiyyat qəzetinin əməkdaşıyam. Əməkdaşıyam deyəndə ki, qəzetin mətbəxində işləyirəm. İşləyirəm deyəndə ki, hər gün mal ətindən döyülmüş kotlet bişirirəm. Amma son vaxtlar baş redaktorumuzun təkidi ilə mən də roman yazmağa başlamışam. Baş redaktorumuz ədəbiyyatı öz canından da çox sevir. Ədəbiyyat – onun üçün hər şeydir, evdir, ailədir, maşındır, hörmətdir, izzətdir və s. Yadımdadır, Böyük Gurultu gününə hazırlanşmağa həsr olunmuş son toplantıda gözləri yaşarmışdı, səsi titrəyirdi, üst-başı, əlində tutduğu, masasının üstünə yığdığı bütün kağızlar göz yaşından islanmışdı:
- Başa düşə bilmirəm, bizim ədəbiyyatımız bu kökə axı niyə gəldi düşdü, hə? Niyə? Soruşuram sizdən! Sizdən soruşuram!
Bizdən soruşurdu təbii.
Amma biz hardan biləydik ki? Ədəbi sima deyilən zad özüydü, özü də bilməliydi cavabı. Biz nəkarəyik ki ? Şəxsən mən mal ətini döyüb qızartmaqdan başqa heç nə bacarmıram.
- Amma bacarmalısan! – İlahi! O mənim ürəyimdən keçənləri necə də duydu və çəp gözlərini üzümə dikib necə də sarsıdıcı bir nitq söylədi:
- Bura sadəcə bir qəzet redaksiyası deyil! Bura ədəbiyyat ocağıdır, eşidin və bunu qulaqlarınızda sırğa edib saxlayın! Haradır bura? Redaksiya? Hə? Hə?-soruşuram sizdən!
- Ədəbiyyat ocağı, – biz hamımız bir nəfər kimi xorla cavab verdik.
Hamımız deyəndə ki, mən idim, üç müxbirimiz, bir korrektorumuz, bir fotomüxbirimiz və bir süpürgəçimiz.
- Ahhaa! Ədəbiyyat ocağı! Bəs bu ocaq niyə yanmır? Bəs bu ocaqda niyə möhtəşəm romanlar, poemalar yaranmır? Bəs bu ocağın istisini demirəm, heç olmasa tüstüsü niyə kənardan görünmür? Hə? Sizdən soruşuram!
Biz hamımız başımızı aşağı salıb masanın üzərində bir-birinə keçirdiyimiz barmaqlarımıza baxırdıq. Hamımız deyəndə ki, mən , üç müxbirimiz, bir korrektorumuz, bir fotomüxbirimiz və bir süpürgəçimiz.
- Mən heç nə bilmirəm, bilmək də istəmirəm! Ədəbiyyat qəzeti olaraq biz öz sözümüzü deməliyik, yazmalıyıq, dünyaya çıxarmalıyıq. Bunun üçün isə hamımız bir nəfər kimi gecə-gündüz çalışmalıyıq. Bu gündən hər biriniz roman yazmağa başlayırsınız. Bu, sizə mənim rəsmi tapşırığımdır hesab edin!
- Nəəə? – bizim hamımızın ağzı birdən əyildi. Həm də baş redaktorun sol tərəfində oturanların ağzı sağa, sağ tərəfində oturanların ağzı isə sola əyildi deyə redaksiyada tam harmonik bir ab-hava yarandı eyni zamanda.
- Həəə!!! Bəli!!!!Elə eşitdiyiniz kimi!!! Hər birinizdən Böyük Gurultuya kimi roman gözləyirəm! Kimin hünəri varsa azad seçimini etsin, heç etirazım olmayacaq. Mənim nə qədər tolerant və demokratik birisi olduğumu bilirsiniz.
- Azad seçim deyəndə…- yarımızın ağzı sola, yarımızın ağzı sağa əyilmiş halda redaksiyanın harmonik əhvallı ab-havasında baş redaktorumuzun sonsuz tolerantlığından və nəhayətsiz demokratikliyindən başımız gicəllənə-gicəllənə mızıldanmağa başlamışdıq ki…
- Azad seçim deyəndə kiiii….yəəəniii, ya roman yazırsınız, ya da işdən çıxmaq haqqında ərizəəə…Aydındır indi..?
- Hhhh…- nəfəslər elə qəfildən içəri çəkildi ki, ağızlar elə birdən düzəlib yerinə gəldi ki, masanın üzərində bir-birinə keçən barmaqlar elə pərən-pərən düşdü ki…
- Gedin…gedin və romanlarınızı yazmağa başlayın…mən özüm də trilogiya başlayacam bu gündən etibarən, dostlar…- aman, o yenə də ağlamağa başlamışdı, artıq döşəməyə yayılmışdı göz yaşları. Mən hər ehtimala qarşı təzə aldığım ayaqqabılarım birdən su keçirər deyə narahat da oldum, – belə olmamalıydı..bu ədəbiyyat bu günə qalmamalıydı…biz onu diriltməliyik, yaşatmalıyıq, biz onu dünyaya çıxartmalıyıq…biz! Başqa birisi yox! And için ki, bu belə də olacaq!- o, ayağa qalxıb sağ əlini ürəyinin üstünə qoydu.
- And içirik!- biz hamımız ayağa qalxıb sağ əllərimizi ürəyimizin üstünə qoyduq. Hamımız deyəndə ki, mən , üç müxbirimiz, bir korrektorumuz, bir fotomüxbirimiz və bir süpürgəçimiz…
* * *
İki həftədən sonra mən artıq romanımın ilk iki fəslini baş redaktorumuza təqdim etmişdim və o məni otağına çağırıb tənbeh etməyində idi:
- Bu nədi yazmısan, hə? Səndən soruşuram, nədir bu?
- Romandı da, özünüz dediz ki.
- Nə romanıdı bu? Nə demək istəyirsən sən bu romanınla ədəbiyyat aləminə? Nə? Söz soruşuram axı səndən!
- …
- Bax bu nədi? “ Unitaz – ev sahibəsinin simasıdır”…bu nə cümlədir, hə?
- …
- Köhnəlikdir bu! Arxaiklikdir! Dünya ədəbiyyatından geridə qalmaqdır!
- …
- Apar bunu! Apar yaz ki, “Ev sahibəsinin siması – unitaz kimi idi” . Oxucuya, oxucuya hansısa unitazın hansısa qadının sifəti kimi pis gündə olmasını yox, hansısa qadının sifətinin hansısa unitaz kimi ağ və saf olmasını aşılamaq lazımdır! Murdarçılıq elementləri gətirməyin ədəbiyyata! Estetik duyumunuz olsun bir az!
- Axı…elə eləsəm bu adi romanlıqdan çıxacaq, olacaq postmodern bir şey…
- Bəs sənin işinin adı nədir görəsən? İndi bütün dünya belə yazır, biz dala qala bilmərik!
- …
* * *
GƏLDİ…
GƏLDİ…
Gəldi o Böyük Gurultu günü…
Məhz bu gün həll olunacaqdı milli ədəbiyyatımızın taleyi.
Məhz bu gün üçün aldığım kostyumu geyindim, saçlarımı şirin çayla isladıb arxaya daradım və arvadımı oyadıb mənə verəcəyi bir şeyi olduğunu ona xatırlatdım. Şeyi deyəndə ki, nənəsindən qalma qədimi bir ərsini var bizim arvadın, onu istəyirdim. Evdə onsuz da mətbəx şkafının bir küncünə atılıb qalıb, işlənmir, işdə isə mən onunla xariqələr yarada bilərdim. Xariqələr deyəndə ki, mal ətini döyüb kotlet qızardardım və o kotletləri qaynar yağın içində bu qədimi ərsinlə milli-milli o üzə-bu üzə çevirməyin bir ayrı ləzzəti olardı, əminəm.
Zarafat deyil, düz beş ildir ki, mən bu redaksiyada…tfu, baş redaktorun qulağından iraq, bu ədəbiyyat ocağında aşpaz işləyirdim və düz beş ildir ki, bu mətbəxdə eyni bir yemək bişirilirdi – döyülmüş mal ətindən kotlet.
Yadımdadır, işə düzəlmək üçün söhbətləşməyə gəldiyim zaman gözləmə otağında azından bəlkə əlli dörd aşpaz vardı. Onların hər birisi azından bəlkə əlli dörd cür yemək bişirə bilirdi.
Bircə mən bircə yeməyi bacarırdım – döyülmüş mal ətindən kotlet.
Bircə məni seçdilər.
Axxx…
- İlk dəfə bişirdiyim o döyülmüş mal ətindən kotletin dadı-tamı hələ də heç kimin damağından çəkilməyib. Heç kimin deyəndə ki, baş redaktorumuzun, üç müxbirimizin, bir korrektorumuzun, bir fotomüxbirimizin və bir süpürgəçimizin…
* * *
MƏNİM ayağımı redaksiyanın kandarından içəri basmağımla içəridən hamının çölə çıxmağı eyni anda baş verdi. Hamının deyəndə ki, baş redaktorumuzun, üç müxbirimizin, bir korrektorumuzun, bir fotomüxbirimizin və bir süpürgəçimizin…
Salam verdim…
Salam verdim deyəndə ki, salamım elə ağzımda qaldı, ağzım da redaksiyanın, tfu, ədəbiyyat ocağının kandarına mal ətindən döyülmüş bişməmiş kotlet kimi şappp eləyib yapışdı.
İçəridən bir-birini itələyə-itələyə çıxanlar məni görmədilər deyə eləcə yerə yıxıb üstümdən adladılar. Daha doğrusu, baş redaktorumuz əlini atıb guya qapının dəstəyindən yapışırmış kimi mənim çiynimdən tutaraq zərblə kənara itələdi və ardınca da bayaq dediyim səhnə alındı. Səhnə deyəndə ki, ağzımın mal ətindən döyülmüş bişməmiş kotlet kimi redaksiyamızın, tfu, ədəbiyyat ocağının kandarına şappp eləyib yapışmasını deyirəm…
Həə, ağzımda salam vardı axı…demək mənim ağzım indi mal ətindən döyülmüş klassik kotlet yox, modern, yəni, mal ətindən döyülmüş içlikli kotlet kimiydi.
Hamı üzərimdən keçib küçəyə çıxdı. Hamı deyəndə ki, baş redaktorumuz, üç müxbirimiz, bir korrektorumuz, bir fotomüxbirimiz və bir süpürgəçimiz…
Yoox, süpürgəçimiz peşə vərdişinə sadiq qaldı deyəsən. Ayağına dolaşan nəyisə həmən hiss eləyib enli ətəyinin uclarını hər iki tərəfdən gətirib güngörməzinin qabağında düyünlədi və əlini atıb nəm əskili döşəməsiləni götürərək məni onunla qapının dalındakı küncə itələdi. Toz ağız-burnuma dolunca asqırdım, salamım hoppp eləyib ağzımdan düşdü.
- Ay əlleyküməssalam, – süpürgəçimiz ədəb-ərkanla belini dikəldib salamımı həmən aldı və üst-başında qoymağa cib axtararkən yadına düşdü ki, enli ətəyinin uclarını hər iki tərəfdən gətirib güngörməzinin üstündə düyünləyib. Güngörməz deyəndə ki. mən görmüşdüm onu bir-iki dəfə…mmm…pis deyildi, olmayan yerdə işə yarayırdı…
- Hara qaçırsız belə, hə? – soruşdum.
- Görmürsən gözlərimizi çıxartmışıq?!
- Həə..görürəm, amma niyə tələsirsiz, onu soruşuram. Onsuz da yenə günortayadək başlamayacaq.
- Qapının açarı məndədi, haydı, həmən sən də gözlərini çıxart qoy, gedək.
- Hara qoyum? Baş redaktor getdi axı..seyf bağlı olar.
- Doğrudan aaa…mənim də cibim yoxdu.
- Mənim var, amma orda girişdə yoxlayacaqlar. Görsələr, həmən çıxaracaqlar, bir də verməyəcəklər mənə.
- Onda sən gəlmə.
- Onda məni işdən çıxaracaqlar.
- Həə…ah, ağlıma bax nə gəldi…ver onları, ver, tez, tez…
- Dayan…özümmm…
Mən süpürgəçimizin ağlına həmişə etibar eləmişəm. Odur ki, həmən gözlərimi çıxarıb onun ovuclarına basdım. Xış-xış, pış-pış səs gəldi.
-Neylədin onları? – soruşdum.
- Lifçiyimin içinə qoydum. Birini o tərəfə, birini bu tərəfə.
- Sən dahisən! – mən onun gündəyməzindən ( ümid edirəm səhv eləmədim) çimdik götürüb kor-koranə ardıncamı, qabağıncamı getməyə başladım.
- İt hürən tərəfə getməliyik, – baş redaktorumuzun səsi bu gün gur-gur guruldayırdı.
- Başqa tərəf də var? – hər dəfə olduğu kimi hamımız xorla soruşduq. Hamımız deyəndə ki, mən, üç müxbirimiz, bir korrektorumuz, bir fotomüxbirimiz və bir süpürgəçimiz…
- Var – işıq gələn tərəf. Amma indi o bizə lazım deyil. Onsuz da görmürük.
* * *
- Hav-hav, hav-hav…
Hamı “hav-hav” hürüşünə doğru gedirdi. Az sonra biz də hürməyə başladıq. Bizdən sonra gələnlər yollarını azmasınlar deyə…
Birdən qonq səsi gəldi və ətrafa sükut çökdü. Böyük Gurultunın adətinə görə qonq səsindən diksinənlər həmən açarlarını salıb itirdilər. Mənim elə ədəbiyyat ocağına ayaq basdığım ilk gündən bu yana açarım olmayıb deyə indi də üstümdə arvadımın nənəsindən qalma qədimi ərsindən başqa heç nə yox idi. Üsulluca onu salıb itirdim ki, adətlərə xilaf çıxmadığım bəyan olsun. Həm də bilmək olmaz, bəlkə milli ədəbiyyatımızda ilk açarını deyil, ərsinini itirən birisi kimi tarixə də düşəcəyəm…Böyük Gurultudan sonrakı ilk toplantıdaca bunu baş redaktorumuzun nəzərinə çatdırıb qəzetdə işıqlandırmasını xahiş edəcəyəm. Əminəm ki, bu məqamdan vaxtında yararlanmasam plagiatçılar həmən göydə qapacaqlar ideyamı və gələn Gurultularda ərsin itirənlərin sayı o qədər olacaq ki, mən yada da düşməyəcəm.
ƏRSİNİMİ itirməyimdən məmnun bir halda elə müəlliflik hüquqlarımı necə qoruyacağımı düşünürdüm ki, qonq ikinci dəfə çalındı və bu Böyük Simanın gəldiyini bildirirdi deyə hamı alqışlamağa başladı. Hamı deyəndə ki, ədəbiyyat ocaqlarının baş redaktorları idi, müxbirləri idi, korrektorları idi, fotomüxbirləri idi, süpürgəçiləri idi və aşpazları təbii…
Gözlərim süpürgəçinin döşlərinə pərçim olmuşdu. Süd gölündə üzürdüm elə bil. Ağappaq idilər. Yupyumşaq. İpisti. Hərəsi azından bir kiloyarım olardı ki, bu da redaksiya heyəti üçün bir iş həftəsi boyunca döyülmüş kotlet bişirməyə bəs edərdi.
Axxx…
Hələ onları duzlasan, istiotlasan, üstünə şaqqaşaraq yumurrtalar çırpsan…Dəhşət!..
Gözlərimlə yeyirdim onları. Zingildəyirdi süpürgəçimiz ləzzətdən. İnildəmək olmazdı, mentalitetə zidd idi deyə ictimai qınağa tuş gələrdi. Həm də belə mötəbər bir soxasoxda.
Soxasox deyəndə ki, ədəbiyyat tariximizin artıq sürüşhasürüş dövrü çoxdan başlayıbdır deyə kimsənin ruhu da incimirdi artıq. O əvvəllər idi, bakirələr çox idi ədəbiyyatda, belə mühüm əhəmiyyət kəsb edən ədəbi soxasoxlarda zarıltı, bağırtı əlindən qulaq tutulardı. Amma zaman keçdikcə “rezbalar” yeyildi, kanallar genişləndi, indi də budur, kimsə kimsədə duruş gətirə bilmir. Elə buna görə də hər dəfə daha çox adam cəlb olunur soxasoxa. Axı basabas olmayan yerdə hansı keyfiyyətli soxasoxdan söhbət gedə bilərdi ki?!.
Mənim başım bu fikirlərlə məşğul ikən qonq üçüncü dəfə çalındı və Böyük Sima öz əbədi-əzəli çıxışını söyləməyə başladı:
- Daha bir Böyük Gurultu gününü sizlərlə üz-üzə dayana bildiyim üçün məmnunam. Gözləriniz üstünüzdə olmasa belə əminəm ki bu anlarda mənim üzümdəki sevinc ifadəsini duymamış deyilsiniz. Öncə ilk dəfə Gurultuda iştirak edən çaş-baş gənc ədəbi simalar üçün bir açıqlama verməyi lazım bilirəm. Gözlərinizi ona görə çıxarmağı tələb edirik ki, onları belə soxasoxlarda korlamayasınız, itirməyəsiniz. Onları qoruyun. Onlar bizim ədəbiyyatımızın parlaq gələcəyini görə bilməkdən ötrü qorunmalıdırlar. Hər ötəri işığa aldanmayın, hər mənasız közərtiyə baxıb onları qamaşdırmayın. Biz gurultu və soxasoxlarını qulaqlarsız, əllərsiz, ayaqlarsız, başlarsız, simalarsız keçirib birtəhər yola verən digər ədəbiyyat ocaqlarından məhz bununla fərqlənirik. Ədəbiyyatımızın parlaq gələcəyini yalnız biz görə bilərik. Bunun üçün isə gözlərimizi möhkəm-möhkəm qorumaqdan daha ali bir missiyamız olmamalıdır!
- Ay Allah! Bizim gözlərimizi çıxart, onun gözlərinə cala! – deyə qoca bir ədəbiyyat xədimi səsləndi.
Həmən uğultu, bağırtı, çığırtı səsləri bir-birinə qarışdı. Bir dəstə adam qoca ədəbiyyat xədimini əlləri üstə qaldırıb “hop-hop” deyə atıb-tutmağa başladı. Kim daha ürəkdən atıb-tutacaq deyə kameralar qarşısında basabas düşüncə də qoca ədəbiyyat xədimi əllər üstündən sürüşüb ayaqlar altına düşdü və mənim səhərki ağzım kimi şapp eləyib yerə yapışdı. Səhərki ağzım deyəndə ki, redaksiyanın, tfu, ədəbiyyat ocağının kandarında döyülmüş mal ətindən olan bişməmiş kotlet kimi şapp eləyib yerə yapışan ağzımı deyirəm…
Basabas daha da artdı.
Bu, Böyük Simanın hamıya əl edərək getməsi demək idi.
Belə məqamların şövqündən ekstaza düşüb ulayanların səsindən tük istəyirəm ki, biz durmasın…
Aləm qarışdı bir-birinə.
Aman Allahım!..
APARDI!…
Apardı mənim gözlərimi güngörməmişin qızı güngörməmiş!
Süpürgəçimizi deyirəme…
İt-bat oldu soxasoxun axırında, lifçiyinin içində apardı onları…hərəsi bir tərəfdəydi, biri sol, biri sağ…
Gözlərimi deyirəme…
Комментариев нет:
Отправить комментарий