07.08.2011

DAO TƏNHA YOLDUR


NARINGÜL

Kənan Hacının yaradıcılığı haqqında

  Dao xəritəsiz, nəzəriyyəsiz, yolsuz yoldur. Mən də Daodan başlamaq istəyirəm və bu müəllifin Daoyla nə əlaqəsi var, hələlik bilmirəm, aydınlaşdırmağa çalışacağam, bəlkə də elə azıb qalacağam yolda.
  Onun yazılarının semantikası qət etdiyi yol qədərdir, öz yaşam tərzidir. Ən azından şeirlərində belədir. Belə ki, şeirlərində yol özündən başlanır, özündə qurtarır:

                            Ömrümün xəritəsi
                            qurd şəklindədi,
                            ömrümün baş kəndi
                            ümid.
                            Ümid şəhərinə axışıb gəlir
                            ayağı yer tutan,
                            sabahda dolaşan günlər,
                            ömrümün xəritəsindən
                            ümidi siləndə ölüm
                            bir ağ bayraq da qalxar
                            həyat qərargahından...

   Kənan Hacının şeirləri klassik şeir ruhundan tamamilə üzülməsə də yeni şeirlərdir. İstər forma, istərsə məna-məzmun baxımından bu şeirlər modern şeirlərdir, model olaraq yenidir. Onun şeirlərində qeyri-adi bir tapıntı, gözlənilməzlik axtarmaq əbəsdir. Ancaq bu şeirlər yetərincə orijinaldır, səmimidir.
  Daoda insan daha çox fərdiliyə can atır, kütlədən üz döndərir, burda yolu tənha qət etməlisən. Şeirdə də belədir.
  Kənanın şeirlərinin çoxunda  “mən” obrazı var. Bu obrazın  epistomoloji mərkəzi: “Bir mən var məndən içəri”  mistikasından qaynaqlansa da, bu obrazın səsi ətrafda baş verənlərə çatır, onları ən azından nişan verir, münasibətini bildirir. Kənanın şeirləri daxili gərginliklərin, emprik təlatümlərin içində gömülmür, bir sözlə, bu şeirlər monofonik deyil.

                        Bu gecə yuxumu
                        Sənə bağışladım, qız.
                        Oyaq gözlərimi
                        Sənin şəklin ilə ovuduram hey.
                        Sən mənim yuxumu yatdın, qurtardın,
                        Mən isə səhərə çıxa bilmirəm...

  Kənan Hacının yazdığı yazılara münasibəti aydındır, yazdıqlarının içində itib-batmır, onları aydınlığa çıxarda bilir, duruldur.
  Onun yaradıcılığında qədərindən asılı olmayaraq təsdiq var. Bu şeirlərdə təhkiyəçilik, nəsr elementləri, mətnə söykənmək dərhal gözə çarpır. Poetiklik poeziyadan daha çox mətnə söykənir:

                        Uşaqlığımı
                        köhnə evimizin
                        daim eyvana əyilən
                        ərik ağacının kölgəsində
                        dəfn etdim.
                        İndi o yerdə bir kötük qaralır
                        başdaşı əvəzi.

   Həm özüm üçün, həm oxucu üçün haqqında danışacağım müəllif də yola çıxıb- əbədi yola. Əvvəl publisistik yazıları və şeirləriylə, sonra nəsr əsərləriylə.  Bununla da həyat trayektoriyasını cızmağa çalışıb, əslində isə  bu tale özü mövcuddur. O, talenin dalınca düşüb, bu yolu keçməyə məhkumdur. O, bu yola öz həyatını gətirir, bu yol ilə apardığı həyat sona qədər onunladır.
  Bu yazılar ömür kimidir.
  Onun həyatının dağınıq olması təbiiliyindən irəli gəlir, başqalarını yamsılamır, yazdıqlarında öz yaşadıqlarını əks etdirməyə çalışır.
  Yolun o başına çatmağın əsas ana xətti də var. Bu yola düşüb yürümək hamıya qoşulmaqdır, müdafiə olunmaqdır. O, hamıya qoşulub təkrarlanmaq istəmir, öz daxili imkanlarından arxayındır, özü bildiyi tərzdə irəliləmək istəyir.
  Kənan Hacı içindəki dağınıqlığı, xaosu bədii sözün vasitəsilə sahmana salmağa, düzənləməyə çalışır, böyük olacağına, həyatının haçansa nizama düşəcəyinə inanır.
  Əslində isə bu, bəlkə də illüziyadır, onun daxilindəki xaos, qarmaqarışıqlıq davam edir, heç nə dəyişməyib; bu, həyatın təhkiyəsidir.
  O, içindəki qarışıqlığın üstünə yeriyir, onu enməyə çalışır. Ona elə gəlir ki, bu xaos yalnız özünə məxsusdur, başqalarına oxşamır.
   Kənan nəsr əsərlərində əsas gücü təhkiyəyə verir, təhkiyə forma dəyişikliyinə, yaxud hansısa sərt dönüşə rast gəlib qırılmır, öz axarıyla davam edir.
  Onsuz da içindəki xaos qurtaran deyil, daim dəyişir, yenilənir, bəlkə də heç mübarizə aparmağa dəyməz.
  Dao azadlıqdır. Azad olmaq təkliyə çəkilmək, fərd olmaqdır və bu, təhlükəlidir. Kütlə sığınacaqdır, hazır yol ilə getmək, hazır konsepsiyalardan istifadə etmək, təklikdən qurtulmaqdır. Asan yolu keçmək Daodan qurtulmaqdır.
  Haqqında yazdığım müəllif də azad olmaq istəyir. Təhtəlşüuru, reallığı, məntiqi bir-birinə qatıb absurdlardan qaçır.
  Daoda yolu özün keçməlisən, yaxud da başlamalısan. Başqasının keçdiyi yol işə yaramır, təsirlənmələr, müşahidələr də effekt vermir.
  O, özünə güvənir, yola çıxmaqdan qorxmur. Məntiqə inanmır. Öz şəxsi təcrübəsində olanlara üstünlük verir. Bilir ki, məntiqi özü uydurub və yaxud onun kimi bir başqası uydurub, ona sırıyıb.
  Və başqalarından seçilə bilir.
  Kənan nəsrdə personajların xarakterini yarada bilir, bu xarakterlər təbii şəkildə oxucunun gözləri qarşısında canlanır, fərdi şəkildə inkişaf etdirilərək, genişlənərək oxucunu təsirləndirir. Burada əhvalatların bütün məqamları müəllifə tanışdır, təhkiyə müəllifin bədii şərhidir.
  Kənan Hacının nəsrində üst qatda hadisə və əhvalatların bolluğuna, rəngarəngliyinə rast gəlinmir, heç bir gözlənilməzlik, fövqəlhadisə, qəfil dönüş ilə rastlaşmırsan. Burada daha çox mənəvi-psixoloji məqamların qabardılması, fəlsəfi yanaşma diqqəti çəkir və bu yanaşma mental yanaşmadır.
  “Oğlan fikirləşdi ki, o, indiyədək tanıdığı qızlardan müqayisə edilməyəcək dərəcədə maraqlı, erudisiyalı, son dərəcə mədəni və əxlaqlı bir qızdır. O, əmin idi ki, qəlbindəki bütün naqislikləri bu qızın sevgisi yuyub aparacaq, beləliklə, həyatın qaranlıq təəssüratlarından  xilas olacaq. Bəlkə də o, qızı dərindən-dərinə tanıya, anlaya bilmədiyi üçün çox sevirdi.” (“Xeyir-dua” hekayəsindən)
  O, rasional düşüncədən yan keçərək, həyatı alt qatlarıyla sərgiləməyə üstünlük verir.
  Ancaq bu mətnlər reallıqdan uzaq da deyil, altqatda baş verənlər reallığın yaratdıqlarıdır, epistomoloji mərkəz üstqatdadır. Uğurlu dil və təhkiyə bədii mətnin əsas təkanverici qüvvəsidir və Kənanın bədii mətnlərində nəqletmə çox uğurludur, oxunaqlıdır.
  Kənan Hacı da daoçular kimi yoldan keçənin izinə düşmək istəmir, ancaq onlardan fərqli olaraq öz izinin olacağına inanır, təşəbbüs edir. Bir-birinin ardınca nəşr etdirdiyi şeir və hekayə kitabları, ortaya qoyduğu bədii mətn nümunələri bunu bəlli edir və təşəbbüs xeyli uğurlu görünür. Bu yolda heç bir kömək ola bilməz, o, özünə arxalanmalıdır.
  Mən ona yolçu kimi aydın və uğurlu yol arzulamaq istərdim. Yolun hamar olması isə absurddur, çünki o zaman artıq bu, Dao olmazdı.
  Və sonda...  Dao yolunu başdan- başa keçmək lazımdır. Orijinal və təkrarsız yaşamaq, olduğun kimi yaşamaq çox dəyərlidir.

Комментариев нет:

Отправить комментарий