Almadan küsən
gün axşama döndü quşlar yuvaya döndü
sən mənə dönmədin… küsdüm
bir gözüm telefonda bir gözüm qapıda
alma yerinə barmağımı kəsdim
barmağımı kəsdim… qan gördüm qorxdum
bağırmaq istədim qonşunun xətri için susdum
saat səkkiz oldu doqquz oldu on-onbir oldu
artıq gəlməzsən dedim… küsdüm
qapım döyüldü güllə kim atıldım yerimdən
küləkmiş… üşüdüm titrədim əsdim
sən bir də o biri gün axşam gəldin
bu dəfə də almadan küsdüm küləkdən küsdüm
oktyabr, 2009
***
OL!
söyləməyə
dilim yox,
həqiqətlər
çox acı.
nə qardaş var,
nə bacı,
qar, mənim
qardaşım ol
ağca daş,
qaraca daş.
yekə daş,
balaca daş.
həm cavan,
həm qoca daş,
daş, mənim
başdaşım ol
tanrının
yeri uca,
əl uzatmaqla
yetməz.
kimsə
mənimlə getməz,
yol, mənim
yoldaşım ol…
***
N saylı silsilə
1.
burda
səndən neçə şəhər neçə kənd uzaqda
neçə nəğmə
neçə misra neçə bənd uzaqda
darıxmaq öyrədir mənə
qarışqalar böcəklər
bir azdan kölgəyə çəkiləcək adamlar
və darıxmaq içəcəklər
burda darıxmaq saçır günəş
güllər darıxmaq qoxuyur
darıxmaq yağır yağışlar
quşlar darıxmaq oxuyur
sazlar darıxmaq ötür
sular darıxmaq axır
bir də qıvrım saçlı bir qız uşağı
mənə darıxmaq-darıxmaq baxır
burda hər səhər, gülüm
öz gözlərimlə görürəm
quşların yuvadan
darıxmağa çıxmağını
burda bir az da tez tökür
ağaclar darıxmağını
bilmək istəsən, gülüm
burda havalar soyuq keçir
və yanımdan soyuq adamlar keçir
nə gözlərdə sevinc var
nə dodaqlarda təbəssüm
bəs nə var deyə soruşsan
uzaqlıq var ögeylik var
mənsə o qədər yalnızam
bilmirəm kimnən barışım
bilmirəm kimdən küsüm
bilmək istəsən, gülüm
burda çiçəklər tez solur
yarpaqlar tez saralır
ağaclar tez üşüyür
tez sürüşür başından
dağların duman şalı
hə bir də ki buludlar
və qədəhlər tez boşalır
Saat gecənin dördü…
indi nə içmək nə də
mesaj atmaq vaxtıdı
bu günlük yetər, gülüm
artıq yatmaq vaxtıdı
3.
sabahın xeyir gülüm
burda hər səhər günəş
səni xatırladır mənə
istər payız istər yaz
işığı sənin qədər uzaq
istisi sənin qədər uzaq
amma yenə də, gülüm
sənsiz və günəşsiz olmaz
sənsiz olmaz bilirəm
amma yenə də istərsən
nə sən durub gəl, gülüm
nə də ki mən gedəlim
sən orda iç mən burda
yolları sərxoş edəlim
Комментариев нет:
Отправить комментарий