14.01.2012

AZƏRBAYCAN PAYTAXTINDA "QOLUBOY"LAR 4 GÜN MİTİNQ KEÇİRƏCƏKLƏR!


Avroviziya-2012 mahnı müsabiqəsinə paralel olaraq Bakıda gey-parad keçiriləcək

Yəqin ki, bu il may ayının 26-da Avroviziya mahnı müsabiqəsinin Azərbaycanda keçiriləcəyindən xəbəriniz var. Bu hamımıza gün kimi aydındır. Amma gün kimi aydın olmayan başqa bir məqam da var. Belə ki, lezbiyan, gey, biseksual və transeksual “mədəniyyəti”ni qeyd etmək məqsədi ilə hər il dünyanın müxtəlif şəhərlərində gey-parad adlı festival və aksiyalar keçirilir ki, bu da mahnı müsabiqəsinin simvolu halına gəlib.

Bəs nədir bu gey-parad, nə vaxtdan keçirilməyə başlayıb, kimlər keçirir və məqsədləri nədir? İlk öncə ondan başlayaq ki, İngiliscədə "gay pride parade" adlana bu sözün hərfi tərcüməsi "homoseksualların qürur paradı"dır.

LQBT-nin (lezbiyan, gey (homoseksual), biseksual, transeksual) məqsədi cəmiyyətin onlara normal münasibət göstərməsi məqsədilə aksiyaların keçirilməsidir ki, bu da gey-parad adlanır.

Qeyd etmək yerinə düşərdi ki, 1960-cı illərdə amerikalı gey və lezbiyanların qanun qarşısında cavab verməli olurlarmış. Belə ki, homoseksual əməllər, hətta yaşlı insanlar tərəfində və şəxsi evlərdə həyata keçirilərdisə də, bu bütün ştatlar üzrə cinayət əməli hesab edilərmiş. Bunun üçün pul cəriməsi və 20 ilə qədər həbs nəzərdə tutulurmuş. Polis vaxtaşırı gey-klublarda reydlər keçirərmiş və saxlanılan şəxslərin şəkilləri qəzetlərdə dərc olunarmış ki, digərləri iş yerlərini itirməkdən və ictimai qınaqdan çəkinsinlər.

1969-cu il 27-28 iyun tarixlərində polis belə reydlərin birində geylərin daş və şüşə butulka hücumuna məruz qalır. Qarşıdurma səhərə qədər davam edir. Səhərisi gün polis yenidən əməliyyat keçirir və bu zaman qarşıdurmalar bir həftə davam edir. Elə həmin ilin noyabrında LQBT-nin konfransı keçirilir və Kreyq Rodvell adlı homoseksual tərəfindən bu hadisənin hər il qeyd olunması təklif edilir və "Stounvollski üsyanı" adlandırılması qərara alınır.

1970-ci ildə hadisənin ildönümü ilə əlaqədar ilk gey-parad keçirilir. İştirakçılar homoseksual əlaqəni cinayət sayan qanunlara etiraz edirlər. Aksiyanın şüarları isə belə olub: "Biz nə istəyirik? Homoseksuallara azadlıq! Bunu nə vaxt istəyirik! Elə indi! Ucadan deyin: Homoseksual - bu şərəfdir!" Bu aksiya növbəti il də keçirildi və Nyu-York ştatının hər il keçirilən gey-paradı halına gəldi. Ancaq bu aksiya Nyu-Yorkla məhdudlaşmadı və Çikaqo, Los-Anceles, San-Fransisko, Atlanta və Torontoda da keçirilməyə başlandı. Hazırda bu aksiya hər il bütün ABŞ və Kanada ərazisində keçirilir.

Daha sonra bu aksiyalar Avropaya keçdi. Və ilk aksiya 1970-ci ildə Londonda baş tutdu. 1971-ci ildə Fransada, 1979-cu ildə Berlində, 1983-cü ildə Dublində gey-parad təşkil edildi. Zaman-zaman bu paradlar Cənubi və Şimali Amerika, Avropa, Avstraliya, Yeni Zellandiya, CAR, Türkiyə, İsrail, Tayland, Hindistan, Yaponiya, Tayvan və Çində də keçirilməyə başlayıb və indi də keçirilir.

Ancaq bu cür aksiyalar keçmiş Sosialist ölkələrində təzyiqlərlə üzləşiblər. Belə ki, 2001-ci ildə Serbiyanın paytaxtı Belqradda geylər millətçi gənclərin hücumuna məruz qalıblar. 2009-cu ildə isə Serbiyada futbol fanatları ilə geylər arasında baş verən qarşıdurmanın zərəri 1 milyon avro oldu. Analoji qarşıdurmalar Bratislava, Buxarest, Budapeşt və Riqada da baş verdi. Amma onlara hökumətlərin yaratdığı şərait öz sözünü deməyə başladı. Belə ki, 2011-ci ildə Zaqrebdə keçirilən gey-paradda heç bir insident qeydə alınmadı.

2005-ci ildə isə Polşanın paytaxtı Varşavada keçirilməsi nəzərdə tutulan gey-parada mərhum prezident Lex Kaçinski qəti şəkildə etiraz edərək, paradın keçirilməməsi göstərişini vermişdi. Onun bu qərarı Avropa Məhkəməsi tərəfindən 2007-ci ildə insan haqlarının pozulması kimi qiymətləndirilmişdi. Kaçinskinin təyyarə qəzasına dünyasını dəyişməsindən sonra isə geylərin yolu açıldı.

Gey-paradın keçirilməsinə qadağa 2005-ci ildə isə Moskvada da qeydə alındı. Dövrün meri Yuri Lujkov gey-paradı qadağan edən qərar çıxardı. Aksiyanı keçirməyə cəhd göstərən geylərin qarşısına isə millətçi gənclər çıxdı. Bu hadisələr növbəti illərdə də təkrarlandı. 2010-cu ildə Avropa Məhkəməsi gey-paradın Moskvada qadağan olunmasını qeyri-qanuni adlandırmasına baxmayaraq, Rusiya rəhbərliyinin 2011-ci ildə də qərarı dəyişmədi.

Qey-paradların keçirilməsi isə müxtəlif şəkildə olur - parad, mitinq, marş, festival, yarmarka, piknik və sair. Bu paradlar müxtəlif ölkələrdə müxtəlif cür adlandırılır. Məsələn Avstriyada "rəngarəng parad", Hollandiyada "çəhrayı şənbə", Almaniya və İsveçrədə "Kristofer-strit günü", Latviyada "dostluq günü", Avstraliyada isə gey-parad karnaval şəklində bayram edilir və "Mardi Qra" adlanır.

Bəs Azərbaycanda bu paradı necə adlandıracaqlar? Səhv oxumadınız, bəli, Azərbaycanda. Bu il ölkəmizdə, İslam Mədəniyyətinin Paytaxtı elan edilmiş Bakıda gey-parad keçiriləcək. Çünki Avroviziya mahnı müsabiqəsinin keçirildiyi ölkələrdə belə bir paradın keçirilməsi artıq dəb halını alıb. Yəni bir qayda olaraq bu müsabiqənin keçirildiyi ölkələrdə may ayında gey-parad təşkil olunur. Ola bilsin kimlərsə iddia eləsinlər ki, yox belə bir iyrənc addım Azərbaycanda atıla bilməz! Amma əmin olun ki, bu belə də olacaq. Çünki bunu geylərin saytı bəyanlayır. Onların saytında bir il ərzində keçiriləcək aksiyaların təqvimi verilib və siyahıda ölkələrin adları göstərilib. Siyahıda 2012-ci ilin may ayının 22-26-sı tarixlərində Bakıda gey-paradın keçiriləcəyi bildirilir.

Комментариев нет:

Отправить комментарий