20.02.2012

Baş redaktor təzyiqlərdən danışdı

Vasif Turan: “Yaxın günlərdə Ədliyyə Nazirliyini məhkəməyə verəcəyik”


Bölgəxeber.az portalının baş redaktoru Vasif Turana qarşı təzyiqlər davam edir. Belə ki, iki gün bundan öncə qaynanası Umudova Gülxanım Qaraoğlan qızına məxsus yaşayış evində oğurluq hadisəsi baş verib. Bu barədə baş redaktorun özü məlumat verib: “İki gün bundan əvvəl qayınanam Umudova Gülxanım Qaraoğlan qızının evinə ziyan vurulub. Qapı, pəncərə sındırılıb. Evin bütün elektrik sitemi dağıdılıb, kabelləri kəsib aparıblar. Bununla bağlı Daxili İşlər Nazirliyinə məlumat da vermişik. Artıq qayınanamı çağırıb ifadəsini də alıblar. Ancaq hələ də bu cinayətin kimlər tərəfindən törədildiyi açıqlanmır”.
Baş redaktor bütün bunları özünə qarşı edilən təxribat və təzyiqlərin davamı hesab edir: “Hazırda evimin və övladlarımın yandırılması ilə bağlı istintaq davam edir. İstintaqın gedişi müddətində bu hadisələrin ardıcıl şəkildə baş verməsini mənə qarşı təzyiqlərin tərkib hissəsi kimi qiymətləndirirəm.”
V.Turan istintaqın gedişindən də razı qalmadığını da deyir. O bildirir ki, ekspertiza kimlərinsə təsiri ilə həqiqəti gizlədir: “Ədliyyə Nazirliyinin ekspertiza idarəsi rəy verib ki, guya evdəki elektrik xətlərində qısaqapanma baş verib. Evin və övladlarımın yanması da bununla bağlıdır. Mən bunu qəbul etmirəm. Bütün bunlar cəfəngiyyatdır və kimlərsə ekspertizanın düzgün rəy verməsinə mane olur. Hazırda vəkil də tutmuşam və vəkilim Rasim Əlizadə də bununla bağlı sənədləri hazırlayır. Yaxın günlərdə Ədliyyə Nazirliyini məhkəməyə verəcəyik. Məsələ ilə bağlı isə mətbuat konfransı keçirməyi planlaşdırırıq”.

Комментариев нет:

Отправить комментарий