16.02.2012

"Dəstəbazlıqdan narazıyam"


“Azadlıq” radiosunun saytında Rövşən Qəmbərov çevir tatı, vur tatı eyni adamları yayımlayır

Kəramət metrodan, şəhərdən yazsaydı inandırıcı çıxmazdı

Bu dəfəki müsahibim şair, “Azərbaycan” jurnalının poeziya şöbəsinin müdiri Qəşəm Nəcəfzadədir. O, Azərbaycan Yazıçılar Birliyinin (AYB) ən qalmaqallı və ən çox tənqid olunan üzvlərindən biridir. Ona görə də şairlə müsahibəmizin böyük marağa səbəb olacağını öncədən desək yanılmarıq. Qəşəm Nəcəfzadə ilə AYB-nin dördüncü mərtəbəsində - onun öz kabinetində görüşdüm. O, məni öz iş otağı və kitabları ilə tanış etdi. Elə ilk sualım da şairin yaradıcılığı barəsində oldu.

Hal-hazırda hansı yaradıcılıq işləri ilə məşğulsunuz?
Mənim üç dildə- ingilis, azərbaycan və rus dillərində saytım var. (qeshemnecefzade.net – red.)  Bu saytın üzərində yenidənqurma işləri aparıram. Fevral ayının sonlarında  saytımı oxucularıma təqdim edəcəyəm. Bundan başqa əsərlərimin xarici dillərə tərcüməsi üzərində işləyirəm. Bu yaxınlarda Belçikada fransiz dilində kitabım işıq üzü görəcək. Şeirləri fransız diline  tanınmış belçikalı şair və tərcüməçi Jean  Marie Fleamal çevirib. Kolumbiyada ispan dilində xeyli şeirlərim dərc olunub. Son illər  Tehranda fars dilində, Türkiyədə türkçə,  Hollandiyada hollandca, Albaniyada  albanca şeirlərim işıq üzü görüb. Bütün bu tərcümə edilən şeirlərim də yeni saytımda geniş oxucu kütləsinə  təqdim olunacaq.


Belə başa düşdüm ki, sayta xüsusi diqqət yetirirsiniz.
Bir çoxları şeirlərini internetdə yayımlamaqdan qaçır.  Daha çox kağızdan oxumağı sevirlər. Ancaq mən bununla razılaşmıram.  Bütün yaradıcılığım internetdədir. Onsuz da Azərbaycanda  kifayət qədər çap olunuram.   İndi marağım daha çox xarici ölkəyədir. İstəyirəm ki, duyğularımı, hisslərimi ölkədən kənardakı insanlara çatdırım. Məsələn istəyirəm biləm ki, onlar dənizi, yağışı, qarı, kədəri, sevgini  necə görür, necə  hiss edirlər. Elə bizim hisslərimizin bir-birinə qarışması bir növ dünyanın inteqrasiya etməsi deməkdir.

Sizin şeirlərinizi oxuyarkən adam teatrı  xatırlayır. Obrazlarınız sanki teatr səhnəsində çıxış edirlər. Şeirlərinizdən bir tamaşa qurmağı planlaşdırırsınızmı?
Mən şeirlərimi yazarkən Filarmoniyanın və ya hər hansı bir teatrın səhnəsini düşünürəm.Tamaşaçını düşünürəm, zalı düşünürəm. Şeirimin arxekturası, quruluşu özü səhnəni tələb edir.  Bilirsənmi şeir səsdir. Elə misralarım var ki, o misranı yazanda özümdən asılı olmadan bu əlim (sağ əlini yuxarı qaldırır-red) göyə qalxır.Əlimi özüm göyə qaldırmıram. Şeirin içindəki səs əlimi göyə qaldırır.Ümumiyyətlə şair şeiri estradaya çevirməlidir. Əgər bu gün oxucular kitabda səni oxumurlarsa, beziblərsə artıq oxucunun nəzərində həmin şeirin səhnə quruluşunu yaratmalıyıq.


Son zamanlar belə bir şayiə gəzir ki, bir çox şairlər xarici şairləri tərcümə edib, onların şeirlərinin üstündə işləməklə yeni şeirlər yaradırlar. Sizin şeiriniz necə kimlərsə tərəfindən oğurlanıbmı?
Bir misal çəkim sizə. Görürsən toyda kimsə hava çaldırır və deyir ki, mən tək oynayacam. Amma bir də gördün hamı töklüşdü meydana. İndi bizim şeirimizin də iki-üç havası var. Bütün hamı bu iki-üç hava üstündə yazırlar. Məsələn bizdə bir çox şairlər Ramiz Rövşən yaradıcılığını keçə bilmirlər. Onu imitasiya edirlər. İndi hamı sərbəst şeir yazır. Küll halında. Artıq bu taptologiyaya çevrilib. Mənəlimi Günel Mövludun şeirinin üstünə qoysam deyərəm ki,  Rəbiqə yazıb, və ya  Aysel Əlizadə yazıb. Məsələn bir şeir var idi. “Saat zamanın qandallarıdır”
. Aqşin Yenisey isə deyir ki, “Saat zamanın buxovudur”. Lap götürək Salam Sarvanı. Onun şeirlərinin boyu bir santimetrdi. Nəfəs gödəkdi. Salam bir santimetrdən ikiyə, üçə atılmalı idi, çıxmalı idi. Ancaq bir santimetrdə qalmamalı idi. Ümumiyyətlə Salam Sarvanın şeirləri yalnızca frazoloji söz birləşmələrindən ibarətdi.
Mən çalışmışam öz havamı yaradım. Şeirimdə öz cahargahımı, öz segahımı   formalaşdırmışam. Məsələn mən fərqli şəkildə qoşmaya fərqli baxmışam. Qoşma nədir? Məsələn quşu ağaca qoşursan, gülü bülbülə və yaxud bizdə deyim var ki, kiminsə adına söz qoşurlar. Mən sərbəst gəraylılar yaratmışam. Yəni  mənə qədər olan ənənəvi  şeiri bir-birinə qarışdırdıb ordan yeni şeir yığdım.Belə çoxlu fərqli şeirlər yazmışam. Ancaq mənim şeirlərimin “kserokopiya”sına rast gəlməmişəm. Çünki, onun aparatı yoxdu. O, şeirin ki, “kserekopiya”sını çıxardırlar  demək o şeiri yazmaq asandı.


Necə düşünürsünüz AYB sizin layiq olduğunuz dəyəri verirmi?
Mən  Anar müəllimdən çox  raziyam. O, ədəbi zövqümə inanıb ki məni “Azərbaycan” jurnalının poeziya şöbəsin müdir təyin edib.

AYB-nin qurultayının gecikməyini necə qarşılayırsınız? Ümumiyyətlə AYB-ni bu və ya digər səbəblərdən çox tənqid edirlər. Sizcə haqlıdırlarmı?
Bu dəqiqə teniki cəhətdən ədəbiyyatın başında AYB durur.Düzdü Yazıçılar Birliyindən kənarda çox söz-söhbətlər gəzir.Ancaq mən çoxsuna haqq qazandırmıram. Sədrimiz çox demokratik  bir insandır. Ona qarşı haqsız tənqidlər  yol verilməzdir.
Qurultaya gəldikdə isə bizdə dəyişikliyi daha çox bir adamı başqa bir adamla əvəzləmək kimi başa düşürlər. Məsələn  bu şah çıxdı, yerinə başqa şah gəldi. Yazıçılar Birliyin sədrinin qalıb-qalmamasını qurultay təyin edir.Amma bununla belə Anar müəllimin yerinə də namizəd görə bilmirəm. Anar müəllimi dəyişməklə heç bir nəticə əldə etmək olmaz. Daha çox struktur dəyişməlidir. Sədr dəyişsə də yenə də həmin otaq qalacaq, həmin kreslo qalacaq. Ona görə də adamları deyil strukturu dəyişmək lazımdır.
Qurultaydan mən çox şeylər gözləyirəm. İstəyirəm qurultay bizim dünyaya çıxışımız üçün yeni yollar açsın. Sosial problemlərimiz həll edilsin. Maaşlarımızı qaldırsın. Ədəbi jurnallarımızın tirajı artsın.

Jurnallardan danışdınız. AYB-nin çap etdirdiyi jurnalları da çox tənqid edirlər. Sizcə bu nə ilə bağlıdır?
Məncə düzgün tənqid eləmirlər. Hansı yazını biz geri qaytarmışıq? Hansı yaxşı müəllifi yayımlamaqdan imtina etmişik? Bizdə necə ki, kitaba münasibət dəyişib eləcə də jurnala münasibətdə birmənalı deyil. “Azərbaycan” jurnalının formasını görürlər və elə bilirlər Sovet dövründəki kimidir. Gərək açıb oxuyasan, içindəkilərlə tanış olasan. Onda fərqi görə bilərsən. Jurnalla bağlı təkcə dizaynı dəyişməlidir. Bununla razıyam. Ancaq içərisində yetərincə  istedadlı müəlliflər var. Elə götürək Azad Yazarlar Ocağının (AYO) nə qədər istedadlı yazarı var  coxunu çap etmişəm. Bəs tənqid edənlər bunu niyə qiymətləndirmirlər? AYB-nin tərkibində  Gənc Ədiblər Məktəbi var. Burada çoxlu istedadlı gənclər var ki bizdə çap olunurlar. Bunları danmaq olarmı?
Mənim özümü də çox tənqid edirlər. Çünki, mən sözün düzünü deyirəm. Özü də AYO-dan kimisə tənqid edəndə bir topa adam tökülür üstünə. Çünki, bunlar ədəbiyyata topa gəliblər topla gəliblər.

Bəs onda bu tənqidlərin səbəbi nədir?
Əsas səbəb məncə naqislikdi. Mən həmişə qarşımdakı insanın gücünü hesablamışam. Mən bilirəm ki, qarşımdakı insan hansı kitabdan yazıb, onun şeiri plagiatdı, yoxsa yox? O, hansı şairdə ilişib qalıb? Bütün bunlara görə də belə deyək məni sevmirlər. Götürün bizim jurnalda Rasim Qaracanı və ya Aqşin Yeniseyi çap edin xeyri olmayacaq.
Yenə də tənqid edəcəklər. Götürək  Rasim Qaracanın dərc etdiyi “Alatoran” jurnalını. Baxın görün orada nə qədər zəif müəlliflər yayımlanır. Sadəcə o jurnalın dizaynı fərqlidir. Bilirsənmi bunlar danışığı bəzəkli danışırlar amma fərqli söz demirlər. Elə çar-çarpaz söz deyirlər ki,  baxan elə bilir ki, bu dəhşətli bir fikirdi.

Səhv etmirəmsə bir müddət öncə oğlunuz Kəramət Böyükçölün “Çöl” romanı ilə bağlı da müəyyən polemikalar olmuşdu. Hətta bəzilər iddia edirdi ki, o romanı siz yazmısınız.
Buna kim şübhə edirsə Kəramətin başqa yazılarına baxsınlar. Onda görərlər
ki, bu cür təffəkkür sahibi həmin romanı yaza bilər. Kəramət gördüyünü yazıb əslində.  O, tərəkəmə balasıdır. Qoyunun qulağından gəlib. Otun, dovşanın, yovşanın, itin, qurdun nə olduğunu bilir. Kəramət babasının dilindən yazır əslində. O, metrodan, şəhərdən yazsaydı inandırıcı çıxmazdı. Kəramət isdedadlıdır. Ancaq bununla belə ondan narazıyam. Məsələn, Kəramət Böyükçöl Rəşad Məcidin əlehinə yazmaqla böyük səhv edib. Mən Rəşadı çox istəyirəm.

Sizin nədən narazılığınız var?
Sonra dəstəbazlıqdan narazıyam. Şəxsən mən özüm heç bir dəstəyə aid deyiləm. Məsələn “Azadlıq” radiosunun saytında  Rövşən Qəmbərov var. Çevir tatı, vur tatı eyni adamları yayımlayır. Mən o sayta yazılarımı
, videolarımı verə bilmirəm. Günlərin bir günü Rövşən Qəmbərov başa düşməlidir ki, Praqada onun başına tökülən pullar Qəşəmin Bakıda kasıb yaşamağına görədi. Yaxud da “Kulis.az” saytına baxın. Qan Turalı eyni adamları yayımlayır. Bir şeir oxumuşdum bir vaxt -Özü günah içindədi, günahımdan keçənə bax.

Müsahibəni aldı: Rövşən Danyeri               adyazar.az

Комментариев нет:

Отправить комментарий