16.02.2012

Olar

Nərmin Kamal

Uşaqlar,
süfrənizdən qalan artıqları
balıq başını, kababın piyini
toyuğun boğazını,
zavod çörəyinin ortasını,
şorbanın soğanını
pəncərəni açaraq tolazlamaq
birbaşa küçəyə, -
ayıb deyil
əgər hava soyuqdursa, yağırsa qar
donursa quşlar,
titrəyirsə itlər, pişiklər,

itiriblərsə qardan əvvəlki izlərini
nimçənizin kənarına itələdiyinizi
onlara ürəklə atın
düşünürsüzsə onları,
onlar da sizi düşünürlər,
əmin olun.

***
Uşaqlar,
atalarınızın incidiyi,
analarınızın küsdüyü
sizə “Danışma, dindirmə, salam da vermə” dediyi
qohumları, qonşuları
dindirmək, onlara salam vermək, zəng etmək, -
ayıb deyil
əgər siz
bilirsizsə onların küsmək səbəbini
görürsüzsə təqsirin atanızda olduğunu
bilirsizsə təqsirin ananızda olduğunu, əminsizsə,
ayıb deyil, -
onlar da buna əmindirlər, salam verdikləriniz,
siz də buna əmin olun.

***
Uşaqlar,
topunuz vurub sındırıbsa qonşunun pəncərəsini
çilik-çilik olub tökülübsə  yerə,
indicə çıxıb görəcək, tanıyacaqsa sizi, -
ayıb deyil qoyub qaçmaq,
qaçıb gizlənmək
əgər o varlı, siz kasıbsızsa,
“qoyub qaçmaq, qaçıb gizlənmək olmaz”, – deməyin,
aparmayın onu kasıb atanızın qapısına,
qaçın,
Olar! – əmin olun,
mən də buna əminəm.

Комментариев нет:

Отправить комментарий