17.02.2012

O günlərə qayıt


Emin PiriEmin Piri  

BULUDLARI KİM SAĞIR?!

Şəhərin üst-başı qar,
dərdimiz qardan yağır.
Balacalar soruşur:
buludları kim sağır?!

Boylanıb baxır körpə,
gözündə sual yatır.
Göydən onun üstünə,
ulduzları kim atır?!

Xəzər çəkilib geri,
sahilə çatmır əli.
Danışıb bir söz demir,
donubdu dalğa dili.

Uşaqlar baxır evdən:
Buluddan qar dərməyə,
əlimiz çatmır niyə?!
Çöldə üşüyən qarı
gətirək isitməyə...

TƏLƏSƏN

Böyüməyə çalışan körpə
özü də bilmədən
can atır
isti ana qucağından
soyuq torpaq ağuşuna.

GÜLSATAN QIZIN XƏTRİNƏ

Sənə dön deməyə
Nə cəsarətim,
nə üzüm,
nə də sözüm yox.

Səndən də,
məndən də çox
üzülən birisi var:
Sənin üçün gül aldığım
gözü dolmuş
Yeddi yaşlı gülsatan qız.

Demirəm heç mənə görə,
heç demirəm sevgimizçün.
Amma
o qızçün
o günlərə qayıt,
Qayıt o sevgiyə.

Heç sevməsək belə
bir-birimizi
Tutaq əl-ələ,
Lap yalandan...
O qızın xətrinə.
gül alım sənə...

SON

Çıxın gizləndiyiniz yerdən
ölülər!
Göydən səs gəlir,
eşitmirsiniz:
Oyun bitdi!

GEDİŞ

Arxanca qışqırdım:
EHEY!!!
əşyalarını yığıb,
tələm-tələsik
qaçarkən həyatımdan
unutmusan...
əllərin qalıb əlimdə.

MƏKTUB

Bağışla məni,
oxşamadım
silahım qədər səni.
sarılmadım gecələri
ona sarılantək.

Sən
köksünə sıxıb isindirdin
Mənli xatirələrini.
mənsə
sinəmə sığınan gülləni

Комментариев нет:

Отправить комментарий