16.02.2012

Utanmaq lazımdır!


Aslan Quliyev


Elçin Hüseynbəyliyə bir yazıçı kimi hörmətim var, başa düşə bilmirəm, belə işə necə qol qoya bilər? Bu çapda yazıçı belə ürək bulandıran işdə alət edilməsinə necə razılıq verə bilər?

İmdat Afşarı Eyvaz Zeynalovun sayəsində tanıdım. Hekayələrini oxudum, son zamanlar ərzində Türkiyə yazıçılarından oxuya bildiyim ən gözəl hekayələrdi. 

Yaşadığı mühiti, Türkiyənin ucqarlarındakı kənd həyatını, adamlarını, ordakı maraqlı və qaynar hadisələri gözəl, səlis işləyə bilmişdi. Hekayələrinin mövzusu öz xatirələrindən, yaşadığı həyatdan gəlirdi. Bir növ mənə rus yazıçısı Vladimir Salouxini xatırladırdı. «Anamın saatları» hekayəsi isə mənə lap güclü təsir elədi, bu hekayədəki material hamımıza tanış, doğma olan, amma heç də hamımızın yazmadığımız və hamımız üçün maraqlı, düşündürücü  mövzuydu.
Eyvaz İmdatın həm də Azərbaycan yazıçılarını türkcəyə çevirdiyini, onun hekayələrini türkcəyə çevirib orda ayrıca kitab halında buraxdırdığını deyəndə, İmdat bəylə əlaqə saxlamağı qərara aldım. Elə buradaca qeyd eləyim, türk şifahi dili ilə yazılı dili arasında ciddi fərqlər var. Deyək ki, bizdə az qala hər evdə çanaq antenası qurulub, əsasən Türkiyə kanallarına baxırlar  və 70-80 yaşlı qocalar da çətinlik çəkmədən türk kinolarını, seriallarını, xəbərlərini seyr edirlər. Uşaqları, cavanları isə demək artıqdır, onlar bəlkə də öz doğma ləhcələrindən çox, türk ləhcəsini başa düşür, bu ləhcədə danışırlar. Yazı isə tamam başqadır. Mən bir ara yazılarımı özüm türkcəyə çevirmək istədim, amma bu təşəbbüsüm uğursuzluqla nəticələndi, bir şey alınmadı.
Buradaca bir haşiyə də çıxım, ümumiyyətlə mən Azərbaycanda türkcəyə çevirən elə bir tərcüməçi ilə rastlaşmadım. Kim çevirdisə, elə bizlərdə deyildiyi kimi, uyğunlaşdırdı,  orada türkcəlik bir şey olmadı, türk dilindən də elədi, azərbaycan dilindən də və sonda belə qənaətə gəldim ki, tərcüməçi qardaşlarım da bu sahədə məndən uzağa gedə bilməyiblər. Lap düzünü desəm, tam əksinə, özüm onlardan bir az irəlidəydim, çünki öz tərcümələrimi sonradan oxuyanda bir şey başa düşürdüm, onların tərcümələrini oxuyanda isə çoxunu başa düşmürdüm və hətta məndə bu yazıların türkcəyə yox, hansısa başqa dilə çevrilməsi şübhəsi yaranırdı. Ona görə də bir Türkiyə türkünün, həm də gözəl bir yazıçının yazılarımı çevirərsə, bunun yalnız işin xeyrinə ola biləcəyi düşüncəsi ilə İmdatla əlaqə saxladım və İmdat yazılarımı tərcümə eləməyə razılıq verdi. İlk olaraq özümün də tərcümə elədiyim «Mapmavi səma və ağappaq buludlar»ı göndərdim.
İmdat hekayəni tərcümə eləyir, elektron poçtla məktub göndərib mənası ona çatmayan (xüsusi ilə də ruscadan keçmə, arxaik, dar çərçivədə işlənən sözlərdə, çiçək, ağac adlarında, və.s) sözlər haqda məlumat verməyimi xahiş eləyirdi və təkcə elə bu, İmdatın az qala hər söz üstə əsməsi onun tərcümə işinə başdan sovdu yox, çox ciddi yanaşmasını sübut eləyirdi. İmdat təxminən on gündən sonra hekayəni tərcümə eləyib mənə qaytardı, oxuduqca gözlərimə inana bilmirdim. O qədər dəqiq, gözəl tərcümə eləmişdi,   bir yazıçı kimi tam əminliklə deyirəm,   tərcümədə hekayə heç nə itirməmişdi, əksinə, mənə hətta elə gəldi hekayə türkcədə daha  yaxşı səslənir. İmdat tərcümə ilə də qalmır, hekayə haqda fikirlərini də yazır, rəy və mülahizələrini də mənimlə bölüşürdü.
Beləcə əməkdaşlığımız başladı, İmdat mənim hekayələrimi, povestimi, romanımı da tərcümə elədi və hamısı da tərcümə keyfiyyəti baxımından məni tam qane elədi.
Mən özüm də ara-sıra türkcədən tərcümə eləyirdim və bu arada Eyvaz zəng eləyib deyəndə ki, İmdatın hekayələrindən bir neçəsini tərcümə eləyərəmmi, burada onun kitabını buraxmaq istəyirlər, həvəslə razılıq verdim. Beləcə İmdatın «Evin yıxılsın, Hacı», «Türbənin dəlisi», «Hökumətin imzası», «Kərəm», «Bəhri usta», «Abdal kişisi», «Bizim evin qibləsi», «Tövbəçilər», «Şeyxin çavuşu», «Molla əmi» hekayələrini tərcümə elədim. Əvvəl oxuduğum hekayələr qədər səmimi, ustalıqla yazılmış, mövzusu mənə doğma olan saf hekayələrdi. Eyvaz da tərcümə eləyirdi və onun da tərcümələri hazır olandan sonra Eyvaz hekayələri Elçin Hüseynbəyliyə göndərmişdi, deməyinə görə kitab Yazıçılar Birliyinin   sponsorluğu ilə çap olunacaqdı.
Kitab çap olundu, düzdü, biz bundan bir qədər gec xəbər tutduq,  Anar Türkiyəyə gedəndə aparıb kitabı İmdata təqdim eləyəndən bir qədər sonra.  Elçinin deməyinə görə cüzi bir yanlışlıq olmuşdu, tərcüməçilərin kim olduğunu yazmağı unutmuşdular  və bu yanlışlığa görə də kitabı oxuyan oxucu  bu qənaətə gələcəkdi ki, hekayələri məhz İmdat Afşar özü Azərbaycan türkcəsində yazıb.
Mən də bunun bir yanlışlıq, daha doğrusu, unutqanlıq olduğunu düşündüm, çünki bu çapda, mövqedə olan insanların bu qədər cılızlaşacağı ağlımın ucundan da keçməzdi,  amma sonrakı araşdırmalarım burda hansısa yanlışlıqdan, unutqanlıqdan söhbət belə getmədiyini, bunun bilərəkdən edildiyini göstərdi. Axı nəyə görə? Biz bu işi təmənnasız, məqsədsiz görürdük, kitab çıxan günə kimi, lap elə çıxandan sonra da onun hekayələrini mənim tərcümə elədiyimi İmdat bilmirdi.
Əvvəlcə mənə elə gəldi Eyvaz yazıları Elçinə göndərəndə tərcüməçilərin adını yazmağı unudub, amma Eyvaz Elçinə yazıları necə göndərmişdisə, mənə də elə göndərdi və baxıb gördüm burda Eyvazlıq bir iş yoxdur. Eyvaz kitabı tərtib eləmiş, əvvəldə verilən «İçindəkilər» səhifəsində hekayələrin adlarını ardıcıllıqla yazmış, hər bir hekayənin tərcüməçisinin  kim olduğunu da hekayənin qabağından qeyd eləmişdi. Bununla da kifayətlənməmiş, hər bir hekayənin sonunda tərcüməçisinin kim olduğunu yazmışdı.
Eyvaz da narazı qalmış və Elçin onunla danışanda iradını bildirmişdi, Elçinsə demişdi, bir işdi olub, «525-ci» qəzetdə yazı verib bu məsələyə aydınlıq gətirərəm.  Elçinin dediyi yazını «525-ci» qəzetdə oxuyanda «Üzürü günahından betər» olduğu məlum oldu.  Yazıda tanınmış türkiyəli yazıçı İmdat Afşarın   Bakıda «Anamın saatları» adlı kitabının nəşr olunduğu, kitabın tərtibçilərinin Eyvaz Zeynalov və Elçin Hüseynbəyli olduğu, Elçin Hüseynbəylinin həm də kitabın redaktoru olduğu qeyd olunur,  kitabın tərcüməçilərinin Eyvaz Zeynalov, Aslan Quliyev, Zakir Sadatlı və Səhər olduqları, kitabın AYB-nin vəsaiti ilə çap olunduğu   yazılırdı.
Bu ədalətsizlik deyilmi?
Axı kitabdakı iyirmi hekayədən 6-sını Eyvaz, 10-nu mən, 1-ni Zakir Sadatlı, 3-nü isə Səhər tərcümə eləmişdi. Bu yazıya görə isə belə çıxır ki, biz dördümüz oturub kitabı birlikdə tərcümə eləmişik.
Yaxşı, çapda unutdunuz, burada, kiçik bir yazıda hansı hekayəni kimin tərcümə elədiyini dəqiq yazmağa sizə kim mane oldu?  Bu kitabda Elçin Hüseynbəyli nə tərtibçilik eləyib, hansı redaktorluqdan danışır? Əlini ağdan-qaraya vurmaya-vurmaya az qala özünü kitabın araya, ərsəyə gəlməsində əsas şəxs kimi qələmə verməyi  özünə necə sığışdırarsan? Bu qələm sahibinə, yazıçıya yaraşan işdimi? Aylarla bu kitab üzərində işləyənlərin zəhmətini yerə vurursan,  adlarımızı yazmağı unudursan, amma özünü sənə dəxli olmayan bir kitabın az qala əsas siması olduğunu göstərməyi unutmursan.
Burada hansı unutqanlıqdan, yanlışlıqdan söhbət gedə bilər? Müasir çap prosesini qələm sahiblərinin əksəriyyəti gözəl bilir, daha yazılar makinada yazılıb nəşriyyata verilmir ki, deyəsən nəyisə yazmağı unutmuşuq.  Diskdə verirlər, nəşriyyat da  oradan hansısa sözü, cümləni çıxartmaz, heç çıxarda da bilməz.
Yazıçılar Birliyi, Elçin bəy, axı Eyvaz sizə göndərdiyi yazıda ilk səhifədə «İçindəkilər» başlığı altında hekayələrin adını və tərcüməçilərinin kim olduğunu yazmışdı.  Sizsə kitabın sonunda «İçindəkilər»i «Bələdçi» başlığı ilə əvəz eləmiş, – ümumiyyətlə başa düşmədim, «Bələdçi» guya davamı uğurluymuş, əttökən, şit  əvəzləmədi, – hekayələrin adlarını Eyvazın verdiyi ardıcıllıqla düzmüş, qabaqlarından isə tərcüməçilərin adlarını silibsiniz. Siyahını olduğu kimi verirdinizsə,  tərcüməçilərin adlarını niyə silirdiniz? Bunu özünüzə necə yaraşdırdınız? Hekayələrin altından da tərcüməçilərin adları verilmişdi, bəs onları kim sildi? Unutqanlıqdanmı sildiniz? Elçin bəy, bu məsələyə aydınlıq gətirə bilərsinizmi? Yoxsa elə sizin tərtibatçılığınız, redaktorluğunuz tərcüməçilərin adlarını silməkdən ibarət olub? Kitabda iyirmi hekayə gedib, beşinin, onunun altından tərcüməçilərin adını silsəydiniz, bəlkə də bunu yanlışlıqla izah elərdiniz, yoxsa birdən-birə iyirmi hekayənin altından bir-bir tərcüməçilərin adlarını silməyin yanlışlığa nə dəxli var imiş?
Bizi qoyun bir qırağa, bir yazıçını, çap prosesinə az-çox bələd olan birisini  bunların təsadüfən olduğuna, adicə bir unutqanlıqdan irəli gəldiyinə inandıra bilərsinizmi? Azərbaycanda indiyə kimi hansı  xarici yazıçının kitabı çap olunub ki, tərcüməçisinin kim olduğu yazılmayıb?
Bu işi incə bir metoda hesablayıblar. Tərcüməçilərin adlarını vermirik, soruşsalar, tələb eləsələr, başdansovdu bir qəzet yazısı ilə sudan çıxarıq. Amma nəyi unudublar, mən bir kimsənin və bir kimsənin haqqımı belə asanlıqla yeməsi ilə barışmamışam, barışmaram da! Bir də belə işlərin bir kimsəyə baş ucalığı gətirmədiyini unudublar!
Həqiqət acıdır, amma faktdır. AYB Eyvazı da, digər tərcüməçiləri də böyük məmuniyyətlə verər, belə adi bir məsələdən ötrü nüfuzlarına kölgə salmazdı. Sadəcə, onların qəlbində Aslan Quliyev xofu var və illər keçsə də bu xofu qəlblərindən çıxara bilmirlər. Necə on illər öncəsi də  adım keçən, tutulan hər yeri qapayır, silir, adımın çəkilməməsi üçün əllərindən gələni eləyirdilərsə və bundan ötrü ən iyrənc əməllərdən də çəkinmirdilərsə,  indi də elə eləyirlər və yenə də heç nədən çəkinmirlər. Amma bununla özlərini rüsvay eləməkdən başqa nəyə nail olurlar?
Elçin Hüseynbəyliyə bir yazıçı kimi də hörmətim var, özüylə də səmimi söhbətlərim olub, başa düşə bilmirəm, belə işə necə qol qoya bilər? Bu çapda yazıçı  belə ürək bulandıran işdə alət edilməsinə necə razılıq verə bilər?
Ərdoğanın amerikalı yazıçıya dediyi kimi, adımı sildiz nə olasıdı, silmədiz nə olasıdı. Neçə illər silibsiz, nə olub, bundan sonra nə ola?
Öz haqqınıza sahib çıxın. Başqasının haqqı, başqasının haqqıdır.
Bir ətrafınıza  baxın, hansı əsrdir, hansı dövrdür, xəbəriniz varmı?
Doymadınızmı, usanmadınızmı? Yorulmadınızmı?
Pis əməl və işlə məşğul olanlar neylədiklərinin fərqində olmasalar da, neylədiklərini yaxşı bilirlər və buna görə onlar azından utanmalıdılar.

P.S: Ən pisi isə ədəbiyyatımız üçün böyük işlər görən, gözəl bir yazıçının adının belə əməllərdə hallanmasıdır. Amma bütün hallarda kitabının azəri türkcəsində işıq üzü görməsi münasibəti ilə İmdat bəyi təbrik edirəm, ona daha böyük uğurlar arzulayıram. Azərbaycan oxucusunun bu kitabı sevə-sevə oxuyacağına əmin olduğumu bildirirəm.

Комментариев нет:

Отправить комментарий