02.03.2012

Çirkin və mənasız ölən Hyuston


Sevda Sultanova


Dünya ulduzları ilə bağlı (müğənni ya aktyor, aktrisa olsun, fərq etməz) xəbərləri bir qayda olaraq oxumuram. 
İnformasiyaların başlıqlarına nəzər yetirməklə kifayətlənirəm. Bəzən heç başlıqlara da baxmıram. 
Bu aralar dünya mediasında Uitni Hyustonun ölümü, ölümündən sonra həyatının indiyədək bəlli olmayan hansısa mənasız məqamları ilə bağlı xəbərlər yayılır. 


Ümumiyyətlə, dünyanin nüfuzlu agentlikləri, qəzetləri Maykl Ceksonun, Emi Uaynhausun, indi də Hyustonun ölümündən yararlanaraq onların həyatında nə zamansa olmuş ən əhəmiyyətsiz nəsnələri vacib xəbər kimi sırıyır və bunun doğurduğu miskinlikdən, prozaiklikdən ruhum sıxılır (“ikrah doğurur” desəm, lap yerinə düşər).
Əgər bizdə mollalar yasdan, vay- şivəndən çörək pulu qazanırsa, qərbdə media, prodüsserlər dünyamızdan ayrılan ulduzları mələyə çevirib ölümündən mədəni şəkildə gəlir əldə edir. 
Prodüsserlər ölən ulduzun albomlarını təkrar satışa çıxarır, kimsə öz xatirələrini yazıb kitab nəşr etdirir, başqa birisi film çəkir. 
Və nə yazılan kitabın ədəbiyyata dəxli var, nə də bu tip filmlərin sənətə. Xəbərlərin də ictimai məzmunu yoxdur. 
Bu yerdə yadıma illər öncə oxuduğum bir xəbər düşdü. İngilis yazıçısı Ayris Merdokun ölümündən sonra əri onunla bağlı xatirələrini çap etdirəndə ingilislər onu arvadının hesabına pul qazanımaqda suçlamışdılar.
Emi Uaynhausun meyiti soyumamış səsyazma studiyaları, musiqi portalları, kitab nəşriyyatları gəlir əldə etməyə tələsdilər. İnsanın cansız bədəni belə kapitalist dünyası üçün alınıb -satılan əmtəədir.
11 senytabr hadisələrindən sonra isə Amerika işbazları Bin Ladenin kuklalarını istehsal etdilər ki, insanlar onları alıb döysünlər və guya bununla da stress atsınlar. 
Ən dözümsüz yanaşdığım şeylərdən biri insanların ölümündən sonra onları riyakarcasına ideallaşdırmaqdır.
Telekanallardan birində Hollivudun ortabab aktyorlarından biri Kevin Kostnerin Hyustonun cənazə törənində “Tanrı belə onun möhtəşəmliyi qarşısında heyran olur və onu cənnətə apardı” fikrinə eşidəndə ətim töküldü. Heç dəxli var? 
Əcəba, Kostner dediyinə inanırmı? Görəsən, Tanrı ona niyə heyran olmalıdır? Məsuliyyətsizliyinə, yoxsa iradəsizliyinə görəmi? Qızını pis vəziyyətə saldığına görəmi? Ya belə mənasız ölümə görəmi? Qara qitədə insanlar acından gəbərəndə, ağ qitədə insanlar şaxtada soyuqdan donanda Uitni isti vanna otağında narkotikdən canını tapşırdı. 
“İzvestiya” qəzetində jurnalist İqor Maltsevin Emi Uaynhausla bağlı yazdığı məqalənin sonluğu şüurlu şəkildə həyatlarını uçuruma aparan bütün məşhurlar üçün xarakterikdir: 
“Bax budur bədbəxtlik: istedad heç də insandan asılı deyil. O göydən tökülür və sən zərbəyə ya tab gətirisən, ya da yox. Bəzən şəxsiyyətin ölçüsü istedada davam gətirməyə kömək edir. Bəzən də istedad insana tab gətirir. 
Bizə 27 yaşlı insandan iki val və şəxsiyyətinin çöküşü haqda bir yığın qəzet parçası qaldı. 
Bax, insana Tanrı istedad verib. Uğur verib. Gözəl görkəm verib. Səs. Sevgi və populyarlıq. Çoxlu pul verib. Amma insan Qolyanovo rayonunun uğursuz, pis məhəllələrinin həyat tərzində yaşadı və elə də öldü- çirkin və mənasızca”.


kulis.az

Комментариев нет:

Отправить комментарий