20.03.2012

Koroğlunun kimliyi haqqında dartışma


Azər Həsrət


“Koroğlu haqqında nə qədər deyilmiş, nə qədər yazılmışdır! Hələ nə qədər də deyiləcək, nə qədər də yazılacaq! Amma tədqiqatçılar inciməsinlər, Koroğlunun şəxsiyyəti məsələsinə aydınlıq gətirilməyincə bu tədqiqatların elə bir dəyəri olmayacaq”.
Yuxarıdakı sitat Mirzə Hacıyevin ötən ilin avqustunda Ankarada dərc edilmiş “Koroğlu sirri: əfsanədən həqiqətə” adlı kitabındandır. Anlaşılan odur ki, müəllif Koroğlu ilə bağlı bu günə qədər mövcud olan təsbitləri rədd edir və Koroğlunun, əslində, bizim bildiyimiz şəxs olmadığı iddiasını irəli sürür.
Düzdür, irəli sürdüyü ehtimal və tutarqalar hələ ciddi araşdırılmalı və sübut edilməlidir. Ancaq istənilən halda bu kitab Koroğlunun kimliyi ilə bağlı araşdırmaçılarda yaxşı mənada şübhələrin yaranmasına təkan verə bilər. Müəllifə görə, Koroğlu heç də 16-cı yüzilin qəhrəmanı deyil. Onun tarixi daha qədimdir: “Koroğlu on altıncı əsrdə yaşamış olsaydı tüfəngi görüncə heyrət etməməli idi. Çünki tüfəng də, top da ondan hələ azı 150 il əvvəllərdən Osmanlı ordusunda istifadə olunurdu”.
Düzü, bu fikir heç də məntiqsiz sayılmaz. Doğrudan da, necə olur ki, bir neçə yüz il öncə icad edilmiş tüfəngi Koroğlu bu qədər gec fərq edir? Hər halda, araşdırmağa dəyər məsələdir.
Müəllif iddia edir ki, Koroğlu ən azı tüfəngin icad edildiyi yüzillikdə, yəni 13-cü yüzillikdə ömür sürmüş olmalıdır. Bir daha qeyd edirik ki, məntiqsiz sayılmaz. Doğrudan da tüfəng kimi bir silah Koroğlu kimi asıb kəsən oğlana bu qədər gec gəlib çatmamalıydı. Ancaq bir daha qeyd etmək istərdik ki, bu iddialar ciddi araşdırılaraq rəsmən təsdiq edilməlidir.
Müəllifin daha bir maraqlı tutarqası da ondan ibarətdir ki, Koroğlunun əsas qalası olan Çənlibeldən azan səsi yüksəlmir: “Koroğlu hər bir dini münaqişədən uzaqdır. Ümumiyyətlə, Çənlibeldən azan səsi eşidilmir”.
Doğrudan da, islamın artıq tam olaraq oturuşduğu bir coğrafiyada 7777 dəlisi olan bir topluluqda islamın olmaması mümkün deyil. Demək, Koroğlu hardasa daha öncəki yüzillərdə, yəni islamın hələ də öz mövqelərini tam olaraq təsdiq etmədiyi dönəmlərdə yaşamış olmalıdır.
Kitabda Koroğlunun niyə cəmi iki atının olması da sual edilir. Doğrudan da, bu boyda dəlilər ordusu olan bir sərkərdənin atlarının sayı daha çox olmalı deyilmiydi? Müəllifə görə yürüşlərdən birində sonradan Koroğlu kimi tanınmış sərkərdə döyüşçülərinə əmr edir ki, hər kəs yanına yalnız əlavə bir at alsın. Koroğlu özü də istisna deyil.
Və bu iki atın dərya atından əmələ gəlməsi haqda da maraqlı fərziyyə irəli sürülür. Koroğlu və döyüşçüləri Amudəryadan keçərkən qarşı sahildəkilər sudan çıxan atları görmüş və onlar haqqında əfsanə qoşmuşlar. Burada təbii ki, yuxarıda qeyd edildiyi kimi, hər kəsin və Koroğlunun da iki atı olduğu üçün dastanda iki atdan – Qırat və Düratdan söhbət gedir.
Koroğlunun bizə bəlli olan “Rövşən” adı üçün də müəllifin maraqlı izahı var. Ona görə, bu söz farsca “işıqlı” anlamına gələn “rövşən” deyil, əslində, özbək türkcəsində olan “urusan” sözüdür. Azərbaycan türkcəsinə uyğunlaşdırdıqda bu sözün qarşılığı “vuruşan” kimi olur. Yəni Koroğlunun əsl adı Rövşən deyil, Uruşandır. Axı doğrudan da, niyə türk millətinin bu böyük qəhrəmanının əsl adı farsca olmalıydı ki?
Və müəllif tarixi olayları sıralayaraq sonda Koroğlu adlı dastan qəhrəmanının əsl kimliyinə qərar verir. Bu şəxs heç də uydurma deyil, Çingiz xanın tarixdə ad qoymuş generallarından olan Subuday bahadırdır! Və bu Subuday bahadır da bir türk sərkərdəsidir: “O əsrlərdə tayfa, ləhcə müxtəlifliyi olsa da vahid türk coğrafiyası, vahid türk milləti anlayışı mövcud idi, bu vahid coğrafiya, sadəcə olaraq, müxtəlif türkdilli hökmdarların təyin etdikləri dövlət sərhədləri ilə bölünürdü. Çormaqun noyon da, Cəlaləddin də, qıpçaqlar da, Subuday bahadır da türk övladları idilər”.
Bura qədər müəllifin iddiaları ilə razılaşmaq olardı. Lakin ortada bir qədər çaşqınlıq yaradan məqamlar olmasaydı. Məsələ ondadır ki, kitabda tüfəngin 1259-cu ildə icad edildiyi yazılır. Koroğlu olduğu iddia edilən Subuday bahadır isə 1248-ci ildə dünyasını dəyişib. Deməli, bu şəxs tüfəngi görməyib. Görmədiyi üçün də Koroğlu olması sual doğurur.
Başqa bir tərəfdən, bəlli olduğu kimi Avropada ilk tüfənglər 15-ci yüzildə meydana gəlmişdir. Osmanlı torpaqlarında isə ilk tüfənglərin 16-cı yüzilə aid olduğu tarixdən bəllidir. Və Koroğlunun da məhz həmin dövrə aid qəhrəman olması, tüfəng çıxdıqdan sonra mərdliyin əldən getdiyini deməsi dastanlarda aydın yazılmaqdadır. Belə olan halda Mirzə Haciyevin iddiaları, hər halda, bir daha təsdiq edilməyə məhkumdur.
Bütün bunlarla bərabər demək istərdik ki, müəllifin iddialarını dərhal və araşdırmadan rədd etmək doğru olmazdı. Bizcə, irəli sürülən fikirlər ətrafında müzakirələrin açılması, daha köklü bir araşdırma aparılması işin xeyrinə olardı. Bu baxımdan, düşünürük ki, müəllifin əməyi dəyərləndirilməlidir. Bizim fikrimizcə, hansı yüzildə yaşamasından asılı olmayaraq, Koroğlu gerçək bir ümumtürk qəhrəmanıdır və müəlliflə də məhz bu məqamda fikirlərimiz yüzdə yüz üst-üstə düşür.
Sonda, kitabı mənə göndərdiyi üçün müəllifə təşəkkür edirəm.
 

Комментариев нет:

Отправить комментарий