17.03.2012

“Mən sizi tanımıram”

“O xanıma elə gəlir ki, bəzənib-düzənib efirə çıxmaqla hər iş bitir. Fikirləşir ki, onun danışığına, nə dediyinə qulaq asan onsuz da yoxdur”

“Mərkəz”in məlumatına görə, ATV kanalında yayımlanan “Gün keçir” proqramında insident yaşanıb. Tanınmış yazıçı-dramaturq Natiq Rəsulzadə proqramın aparıcısı Nanə Ağamalıyevaya etiraz əlaməti olaraq canlı yayımı yarımçıq tərk edib. Buna səbəb aparıcının məşhur yazıçıya qarşı sayğısız davranışı olub. 

Belə ki, gənc yazarların və  Natiq Rəsulzadənin dəvət aldığı verilişdə Nanə Ağamalıyeva üzünü tanınmış yazıçıya tutaraq “Mən sizi tanımıram” ifadəsini işlədib. Daha sonra aparıcı tamaşaçılara üzünü tutaraq N.Rəsulzadəni tanıyıb-tanımamalarını soruşub. Onlar da “yox” deyiblər…
Məsələyə aydınlıq gətirmək üçün Natiq Rəsulzadəyə müraciət etdik. Baş verənlərdən məyus olduğunu dilə gətirən tanınmış yazıçı, aparıcının bu sözlərini təkcə özünə qarşı deyil, həm də çoxsaylı oxucularına qarşı təhqir kimi qiymətləndirdiyini bildirdi: “Mənə çox maraqlıdır, o aparıcı ədəbiyyat aləmindən xəbərsiz ola-ola necə ürək edib ədəbiyyatdan danışır, kimlərəsə roman barədə mühazirələr oxuyur. Əslində o, məni deyil, özünü gözdən saldı. Deyir ki, mən sizi tanımıram. Yaxşı əgər sən məni tanımırsansa, niyə verilişinə qonaq dəvət etmisən? Digər tərəfdən o üzünü auditoriyaya tutaraq “Natiq Rəsulzadə adlı yazıçını tanıyırsınızmı?” sualını verməsi gülünc idi. Çünki bu sualdan öncə həmin auditoriyadan son illərdə oxuduqları kitabların adlarını soruşduğumda ağızlarına su alıb durdular. Əgər o cavanlar kitab oxumayıblarsa, məni hardan tanıyacaqlar? Digər tərəfdən heç olmasa mənim adımı tanıyırsan, sizin yazıçı adlandırdığınız dayınızın heç adını mən belə eşitməmişəm”.
N.Rəsulzadəni əslində əsəbiləşdirən və narahat edən başqa məqamdır. Onun sözlərinə görə, bu gün televiziyaların qeyri-peşəkar aparıcıların ümidinə qalması faciəvi durumdan xəbər verir: “O xanıma elə gəlir ki, bəzənib-düzənib efirə çıxmaqla hər iş bitir. Fikirləşir ki, onun danışığına, nə dediyinə qulaq asan onsuz da yoxdur. Təki vizual görüntüsü olsun və hamı ona tamaşa etsin. Xeyr, belə deyil, aparıcı savadlı, intellektual, bilgili olmalıdır ki, dəvət etdiyi qonağı tanımaqla bərabər, onun yaradıcılığından xəbəri olsun. İnanın, proqramdan çıxıb Yazıçılar Birliyinə gedənə qədər mənə oxucularım tərəfindən yüzlərlə telefon zəngləri oldu. Hamısı verilişdə mənə qarşı sayğısız davranışdan təəssüf hissi keçirdiklərini deyirdilər. Mənim isə onlara cavabım bu oldu; nə qədər ki, telekanallar qeyri-peşəkar aparıcıların ümidinə qalıb və nə qədər ki, telekanal rəhbərləri o aparıcıları dəstəkləyib arxasında dayanır, vəziyyət belə acınacaqlı olaraq qalacaq”.
Məlumat üçün nəzərinizə çatdırmaq istəyirik ki, əməkdar incəsənət xadimi Natiq Rəsulzadə 1975-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. Respublika Dövlət mükafatı laureatı olan yazıçı on beşdən artıq filmin ssenari müəllifidir; “Bayramda yağış” (film, 1985), “Biz qayıdacağıq”, “Gecə qatarında qətl” (film, 1990), “Girov” (film, 2005), “Ovsunçu” (film, 2003) və s. Eləcə də saysız-hesabsız kitabların müəllifidir.

Комментариев нет:

Отправить комментарий