04.03.2012

Müftə də bahayıq güllələnməsək

Sayman Aruz

Əllərin əlimdə, gözüm gözündə
sevimli bir kədər ürəyimdədi.
Gördüyün bu xoşbəxt, bulut kimidir
Tabutu şəhərin kürəyindədi.

Payımız nə idi?
                        Şeir və şərab.
Haqqımız nə idi?
                        Bilə bilmədik.
Ancaq bu şəhərin kafelərində,
keçmişi unutduq, silə bilmədik!

Siqaret, siqaret, yenə siqaret.
Ya yelə gedildik, ya yellə getdik
Məqsədi olmayan məktublar kimi,
gah elə gedildik, gah belə getdik!

Yorğun bu şəhərdən, bu küçələrdən,
yumuruq çırpıram kərpicə, daşa.
Sevgilər, sayqılar, müharibələr,
xox kimi gəlirlər bu mən külbaşa!

Arağı olmayan qədəhlər kimi
boş olsam faydasız,  dolsam acıyam.
Baltasın gözləyən ağaclar kimi
özüm öz başıma çırpılasıyam!

Əllərin əlimdə, hekəyədir bu
bizsə kağazlardan xalat geymişik.
Pas ilə dəmirin sevgisi kimi
sonumuz ya sınmaq, ya dəli-deşik!

Daraq dustağında yatan güllə tək
müftə də bahayıq güllələnməsək.
Bəzən getməyəndə ucuzlaşırsan,
Güllələ, güllələ,
                           qoy çıxıb gedək...

Комментариев нет:

Отправить комментарий