20.03.2012

“Oğlum təcridxanada özünü öldürmək istədi”


Polis vəhşiliyinin qurbanı olan Cəlilabad sakininin anası «Azadlıq»a danışdı


Cəlilabad polisinin qanunsuz olaraq həbs etdiyi Əfqan Əsgərovun anası “Azadlıq”a danışıb. Solmaz Əsgərova bu il martın 10-da oğlunun mobil telefonuna polis əməkdaşlarının zəng vurduğunu deyir: “Polislər oğlumla görüşüb söhbət eləmək istəyində olduqlarını bildirdilər. 
Həmin gün saat 14 radələrində Cəlilabad şəhər mərkəzi istirahət parkındakı çayxanada 2 polis əməkdaşı ilə görüşən Əfqandan şəxsi ov tüfəngi olub-olmamasını soruşublar. Oğlum onlara bildirib ki, ov tüfəngi var və işlədiyi kəndli-fermer təsərrüfatında saxlanılır.

Polislər Əfqana tüfəngi gətirib şöbəyə təhvil verməyi deyiblər. Oğlum tüfəngi gətirib və könüllü olaraq polislərə təhvil verib. Polislərdən biri Əfqana deyib ki, özü şöbəyə gedib tüfəngi təhvil versin. Çünki orada tərtib olunmuş protokola imza atmalıdı. Polis şöbəsinə gələn Əfqanı orada Oktay Rəhimov adlı polis mayoru dərhal həbs edərək Müvəqqəti Saxlama Təcridxanasına salıb”. 
Ana məktubunda yazır ki, oğlu 5 gün ərzində ailəsi ilə də görüşməyə icazə verilməyərək işgəncələrə məruz qalıb: “Ona təzyiqlər edilir. Buna dözməyən Əfqan Əsgərov çıxılmaz vəziyyətə düşür və intihara məcbur edilir. Əfqanla birgə Polis Şöbəsinin 1 saylı kamerasında saxlanılan şəxslərin hüquq müdafiəçilərinə verdikləri məlumatda qeyd edirlər ki, Əfqan Əsgərov cibindən alışqan çıxarıb onun uc hissəsində olan metal parçası ilə qarın nahiyəsinə və qollarına xəsarət yetirib. Bunu görən polislər təcili tibbi yardım maşını çağırırlar. Polis şöbəsinə getmiş həkimlər elə təcridxanada da Əfqan Əsgərovun yırtılmış qarın yarasına tikiş qoyurlar. Heç bir tibbi müalicə göstərilmədən, antisanitariyanın baş alıb getdiyi və heç bir tibbi şəraiti olmayan təcridxana kamerasında yarasına tikiş vurulmuş Əfqan Əsgərov qarın nahiyyəsində kobud şəkildə aparılmış əməliyyatdan sonra dəhşətli ağrılardan əziyyət çəkir. Onun ağrısına biganə qalan polis əməkdaşlarının yenidən həkim çağırmamasına və davam edən təzyiqlərə tab gətirməyən Əfqan Əsgərov yarasından qanaxmanın dayanmadığını görüb özünü itirir. Stress vəziyyətinə düşən Əfqan təcridxana şəraitində kobud şəkildə aparılmış əməliyyat zamanı edilmiş tikişləri sökərək özünü öldürmək istəyir, ancaq kamera yoldaşlarının səyləri nəticəsində intihara cəhdin qarşısı alınır”.
Martın 17-də saat 10:00-da isə Əfqan Əsgərov Oqtay Rəhimovun rəhbərliyi altında Bakıya - Kürdəxanı istintaq təcridxanasına aparılıb. Ailəsi hazırda onun haqqında heç bir məlumat ala bilmir.


Ramin Deko              "Azadlıq"

Комментариев нет:

Отправить комментарий