14.03.2012

VERSİYA

Красное вино
Mehman Qaraxanoğlu


Metamorfoza


Dəlisən - deyirlər.
Bəlkə də dəliyəm.
...Sobayla kəlmə kəsmədən
Oturub tüstünü gözləyir baca.
Sükuta daş atır çıqqıltılar.
Ürək var ikən nəyə gərək bu saat?
"Mərhəm" sözünün yazılışına baxdım lüğətdə.
Bu varolmalar, bu yoxolmalar
Özündən betər bir heçliyə üz tutub gedirlər.
Sol çiynindəki düyün cərrah bıçağına təşnə
Sevgilim öpdü.
Fikrimdən daşındım - deyəsən.

Uzanıb tavana baxıram...
Ötən həftə şəhadət barmağını
Gözümün önündə oynatdı sinir həkimi.
"Taledir" - dedim.
"Nə tale, insanın əlindədir hər şey".
İstədim ki, deyəm:
"Cənab həkim, öz nədi, əl nədi?"
İlahi bir "öz"dən özəkdən
Qopub gələn bu "öz"lər
Mənsubiyyət şəkilçisi qəbul edərək
Qayıdış əvəzliyi olursa,
İnsan əli neyləsin buna?
... Toya gedərsənmi - sordu sevgilim.
- Yox.
Sərbəst olacağam - dedi.
Ürəyimdə: "Mən də" - dedim
Və ağladım.
Neyləsin buna insan əli...
Göylər pıçıldadı:
Bəsdi, ay dəli...


"Sənin nəğmələrin" kitabından, 2006


DƏLİXANA
(4 yanvar)


ikimiz də dəliyik -
bir canda iki dəli…


ağıllı bibilər,
xalalar,
dayılar
nə bilim kimlər,
kimlər…
ağıllı həkimlər,
dəli həkimlər
baxıb-baxıb
köks ötürürlər için-için
can qoyub
baş sındırırlar
bizi
ağıllı çağlara qaytarmaq üçün…


– bunlarçün ağıl nəymiş, ay Allah?
– pul imiş, riya imiş, ay Allah.


ikimiz də xorla dedik:
tüpürək ağlınıza!
ağlınıza bir qoz!


yığışaraq bir yerə
bizə böyük ehtiramla
qoydular diaqnoz:
dəlixanaya!
ağıllıxanadan dəlixanaya!


dəlixanadayıq, sevgilim,
ikimiz də cinniyik.
Tanrıdan sonra
İkinciyik!


QAR FƏRYADI
(6 yanvar)


hər yan qar…
qar…
qar..


bacım sarılıq xəstəliyinə tutulub
uşağımın dərdindən – dedi


bu gün həm də günelin iliydi
rusiyada
parkların birində
buz üstündə sürüşərkən
aldığı beyin zədəsindən öldü


cəmi on  yaşı vardı
kənd qəbristanlığında dəfn olunub
başdaşının arxa tərəfində
şahmat xanalı döşəmə üzərində ayaq üstəki şəkli


zərif ayaqları
şahmat taxtasındakı bir cüt füqur
deyəsən ona şah elan edirlər
o isə sol əliylə güllü donunu bir azca qaldırıb
rəqs edir


bu gün qasım kişinin də üçü idi
qolunun birini ikinci cahan müharibəsində itirmişdi
təkqol qasım deyirdilər


günelin atası da üçdə idi.
başını qaldırıb qara baxmırdı
sanki günahkar idi


düz-dünyanı basan ağappaq qarın önündə
insan günahkarlığı necə də miskin görünür ilahi
bacımın gözlərində sarılığın izləri


dəli kimi içmək istədim
qarın sağlığına qaldırdım ilk badəni
ağappaq qarın
sapsarı qarın


Синиий дождьKÖHNƏ TƏZƏ İL
(13 yanvar)


yenə əvvəlkidir payızlar, qışlar,
vurursan, çıxırsan, yenə: heç heçə.
yerdən göyə yağır bu gur yağışlar,
heç nə yeni deyil, köhnəlmir heç nə…


dilinin altında zəhər – əbədi,
çalır rəqəmləri… məzələnir o…
bir köhnə əqrəbdi saat əqrəbi,
elə ki fırlanır, təzələnir o…


elə özü yazan, özü pozandı
dodağım. sinəndə simtək titrəyə.
deyirsən: bu poza təzə pozadı,
yaxşı bax, əzizim, kama-sutraya.


öp məni, öp məni, budur qurtuluş,
dəli qurtuluşlar yenə olacaq!
köhnə doğuluşum təzə doğuluş,
təzə ölümümsə köhnə olacaq!


ÖMRÜN ÜÇ VƏZNİ
(15 yanvar)


bu mənim taleyim… ya əyri, ya düz..
nəyim var, nəyim yox ömür-səbətdə?
adam arasına çıxıram gündüz,
gündüz hecadayam, gecə sərbəstdə.


hey ölçüb biçirəm addımlarımı,
hər heca bir addım… hər heca ümid..
ümidlə gedirəm evimə sarı,
bənd mənim evimdi…
44 saylı ev,


daş kimi atıram qaranlıqlara
sözümü, şeirmi mən öz içimidən.
sərbəst şeirlərim gecətək qara,
qara sərbəst imiş rənglər içində.


əruzda oxunur şeirlər hər an
məni gələcəyə ötürür əruz
zamana daş atıb sındırır məkan
zamanın çatını götürür əruz


elə ki ömür
köhnə bərə kimi
uzaqlaşır zaman-sahildən
bərə ilə sahil arasındakı boşluğu
uzanan saitlər götürür o an…
ayrı düşmüş zamanların üstündən
uzanır saitlər…
uzanır nəfəs…


ŞALVARINDAN ZƏNCİRLİ SAAT ASILMIŞ QOCA
(24 yanvar)


hamı kimi
qocanı görəndə mən də gülürdüm
düşünürdüm:
bir dəri, bir sümükdü, mənə nə eyləyəcək
zənciri görəndə elə bilirdim
əqrəblər zamanı zəncirləyəcək…


sən demə,
yanılırammış…
belə deyilmiş
özündən, zamandan küsmüşdü qoca.
hayıf çıxmaq üçün vaxtdan, saatdan,
saatı şalvardan asmışdı qoca.


bir gün dedi:
vaxtım da şalvarla yeyilib getdi…
gəlib yetişmədi o «son an»ına
işi tərs gətirdi… kimlər ki, getdi
zəncirli saatla qadın yanına…


odur kişi üçün zəncir toxuyan,
köhnəni yenidən başlamır qadın.
qəlbinə, hissinə toxunduğundan
kişidə zənciri xoşlamır qadın…


RAHİB MÜƏLLİMİN ÖLÜMÜ
(29 yanvar)


şərqarışanda öldü Rahib müəllim
sabah dəfn edəcəklər
bir gecə də evdə qalmasını özünə qənimət bildi


ürəktutmadan öldü
haman gün təqaüdünü almışdı,
çayxanada oturub çay içmişdi,
şahmat oynamışdı…
və heç kəsə bir söz demədən
evə tələsmişdi


sanki ölümlə
uşaqlıq illərində olduğu kimi
«kim evə tez çatar» oyununu oynamışdı.


pillələri tez qalxdı
ölüm bir pillə geri qaldı
özünü çarpayıya yetirib:
uddum – dedi


67 illik bir yol gəlmişdi.
67 il  bu qələbəni gözləmişdi
qadını donub qalmışdı
oğlu həkim arxasınca qaçmaq istədi,
qızı su…
işarə verdi ki, qayıdın
çünki qələbəni
ailə üzvləriylə bir yerdə qeyd etmək istəyirdi…


VERSİYA
(6 fevral)


natəvan öldü -
bəyaz gəlin
anası qışqırırdı:
bəyaz gəlinliyin yalan oldu, ay bala!


həkim xəbərdarlıq eləmişdi
dərmanlar çevirər səni
fəqət o:
ana olmaq istəyirəm – demişdi


tabutun üzünə çəkilən qırmızı parçanı da
ayaq tərəfinə qoydular
görqazan ismayıl
qəbri o qədər gözəl qazmışdı ki,
onu torpaqla doldurmağa adamın əli gəlmirdi


cib telefonuna zəng gəldi ismayılın
açıq qəbrə tərəf tutdu telefonu
xəttin o başında
qəbrə tökülən torpağın ən qədim səsi
ağ və qərmızı rəngin yeni versiyasını pıçıldayırdı


ŞÜŞƏTƏMİZLƏYƏN UŞAQ
(11 fevral)


şüşə arxasında
qalan dünyaya
sən öz ovcundakı
əyri-üyrü xətləri
dolaşıq taleyin kimi göstərirsən
sanki şimşək çaxır şüşə-göylərdə


ömrünün yaşılı, sarısı, alı
səni qərq eyləyib… itmisən sanki.
sənin yaşıdların keçir yaşılı,
sənsə qırmızıda bitmisən sanki.


qırmızı gözünə görünən təki
korrida öküzü kimi atılırsan.
səninçün işıqfor üçrəngli deyil.
işıqforun özü azarkeş kimi
göz qoyur o körpə əllərinə


əllərin elə bil silir zamanı
zaman parıldayır
sürücü cibinə əl atır o an
ovcuna basılan təzə dəmir pul
kələ-kötür ovcuna rişxənd edirmiş kimi
irişir üzünə, gülür üzünə…


hər gün özünü yüz dəfə inandırırsan ki,
taksi gözləyirsən başqalarıtək.
onlara maşının qapısı açılır,
sənsə şüşə arxas?ndan baxırsan.


əskiylə rəftarın əladan əla -
gözündə eynidi qarası, ağı..
səninçün əskidi hər enən yarpaq -
ağaclar əyilib silir torpağı…


MƏNƏ QAR HAVASI ÇAL
(13 fevral)


fırlanır göylərdə qar dənəciyi,
ayağım təkərtək batır bu qarda.
bir vaxtlar başıma fırlanan duzun,
qədim təkrarıdı bəlkə bu qar da.


göylərdə rəqs edən əriyir yerdə -
ölmüş gəlinciyin belin bağlaram.
çıxacaq huşumdan rəqs havaları,
mənə qar havası çal – deyib ağlaram.


2008   kultaz.com
Фонтан 

Комментариев нет:

Отправить комментарий