26.09.2012

Ataxan Əbilov: "Yaxşı əsər sərhəd tanımır"

“Burada “Əli və Nino” romanı hamıya tanışdır”


“Soydaş” rubrikası dünyada yaşayan soydaşlarımızın üzünə işıq tutub, onların öz yurdunda da unudulmadığını xatırlatmaqla bərabər, dünya adlı evimizin tanımadığımız qapılarını üzümüzə açır. Növbəti qonağımız Niderland Krallığında yaşayan soydaşımız Ataxan Əbilovdur. 


O, 1965-ci ildə Masallı rayonunda doğulub. 1991-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib və 6 il orada çalışıb. Daha sonra BDU-dan siyasi baxışlarına görə kənarlaşdırılıb. 1997-2007-ci illərdə qeyri-hökumət sektorunda fəaliyyət göstərib. Azərbaycanda hüquqi dövlət, azad vətəndaş cəmiyyətinin formalaşması istiqamətində İnsan hüquqlarının müdafiəsi Mərkəzi, Sülh və Demokratiya İnstitutu, Talış Mədəniyyət Mərkəzi, Avropa insan hüquqları Məhkəməsinə müraciət etmə Mərkəzi, Beynəlxalq xüsusi hüquq şirkəti, Avroasiya Fondu kimi təşkilatlarla əməkdaşlıq edib. Hüquq və beynəlxalq hüquq fakültələri üçün yazılan bir dərsliyin, insan hüquqları və Azərbaycan - Avropa Şurası əlaqələri ilə bağlı bir neçə kitab və monoqrafiyaların, xeyli sayda elmi və publisistik məqalələrin müəllifidir.

- Niderland Krallığına gəlişiniz necə oldu?
- 2007-ci ildə vətəni tərk etmək qərarına gəldim. Rusiyanın paytaxtı Moskva şəhərinə gələrək BMT-nin Qaçqınlar üzrə Ali Baş Komissarlığına müraciət etdim. Bu qurumun dəstəyi ilə Niderland Krallığının hökumətindən burada yaşamaq üçün dəvət aldım. Beləliklə, 2009-cu ilin yanvarından bu dövlətdə yaşayıram.

- Hansı şəhərdə yaşayırsınız və bu şəhər haqqında oxucularımıza məlumat verin...
- Yaşadığım Rotterdam əhalisinə görə Niderlandın ikinci böyük şəhəridir. Burada Avropanın ən böyük limanı qərarlaşıb. Tarixi XIII əsrdən başlayan şəhər Maas və Reyn çaylarının deltasında yerləşir. Niderlandın digər şəhərlərindən fərqli olaraq Rotterdam özünün modern görünüşü ilə diqqəti cəlb edir. Şəhər II Cahan Savaşında strateji mövqeyinə görə bombardman edilib. Lakin müharibədən sonra şəhər modern üslubda tikilib, yeniləndi.

- Sizin ölkəniz Azərbaycanda daha çox cinsi azlıqların ən azad diyarı kimi tanınır. Bəs siz Niderlandı oxucularımıza necə təqdim etmək istəyirsiniz?
- Bu ölkənin adı rəsmən Niderland Krallığıdır. Hollandiya isə onun yalnız bir hissəsinin tarixi adıdır. Krallıq 12 əyalətdən ibarətdir. Tarixi Hollandiya torpaqları hazırda iki əyaləti: Şimali və Cənubi Hollandiya əyalətlərini əhatə edir. Digər 10 əyalətin öz adları var və onları Hollandiya adlandırmaq qəbuledilməzdir.
İdarəçilik formasına görə Niderland konstitusiyalı monarxiyadır. Dövlət başçısı funksiyası monarxa məxsusdur. Ölkəni demokratik seçkilər yolu ilə seçilən parlamentdə çoxluq təşkil edən siyasi partiya və ya partiyalar qrupunun yaratdığı hökumət idarə edir. Krallığın ərazisi Azərbaycanla müqayisədə iki dəfə az, əhalisi isə iki dəfə çoxdur.
Niderland azadlıqlar ölkəsidir. Cinsi azlıqlarla bağlı qeyd etdiyiniz məsələ bu sistemdə yalnız bir elementdir və burada ümumiyyətlə, nəzərə çarpacaq dərəcədə deyil. Faktiki həmin problemlə Azərbaycanda qarşılaşma imkanı müəyyən səbəblərdən Niderlandla müqayisədə daha çoxdur.

- Niderland Krallığının gəlir mənbəyi, yerüstü, yeraltı sərvətləri haradandır, nələrdən ibarətdir?
- Niderland Krallığı inkişaf etmiş iqtisadi sistemə malikdir. Tarixən bura kənd təsərrüfatı ölkəsidir. Bu növ məhsulların ixracına görə ölkə ABŞ-dan sonra dünyada ikinci yeri tutur. Kənd təsərrüfatı mexanikləşdirildiyindən bu sektorda ölkə əhalisinin cəmi dörd faizi çalışır. Ölkə iqtisadiyyatında maşınqayırma, elektronika, neft-kimya, gəmiqayırma, aviasiya sənayesi xüsusi çəkiyə malikdir. Dünya şöhrətli trans-milli korporasiyalar olan “Philips” və “Shell” buradan idarə olunur. Niderlandda qaz yataqları, kömür mədənləri istismar edilir, ölkənin kontinental şelfində neft yataqları kəşf edilib. Dövlətdə inkişaf etmiş kommunikasiya sistemi qurulduğundan şəhərlə kənd arasında olan fərqlər demək olar tamamilə aradan qalxıb.

- Bəs təhsil sistemi haqqında nə deyə bilərsiniz?
- Niderland Krallığında istehsal prosesinə qədər fərdlər üçün üçpilləli təhsil sistemi mövcuddur: ibtidai, orta və ixtisas təhsili. Uşaqlar dörd yaşından məktəbə məcburən getməlidir. Onlar səkkiz il olmaqla, 12 yaşlarına qədər ibtidai məktəbdə təhsil alırlar. İbtidai təhsil ölkə üzrə eyni gündə keçirilən test imtahanı ilə başa çatır. Həmin testin nəticəsindən asılı olaraq uşaqlar orta təhsil almaqdan ötrü üç qrupa bölünür: orta-peşə təhsili, orta-ali təhsil, universitet qabağı təhsil. Həmin qruplar üzrə müxtəlif təhsil alma müddətləri mövcuddur. Sonrakı illərdə əldə etdiyin nəticədən asılı olaraq qruplar üzrə yerdəyişmə imkanları da mövcuddur. Orta təhsilin yekunu olaraq aldığın diplom növbəti pillələrdə təhsilin davam etdirilməsi üçün əsasdır və bu zaman ali məktəblərdə yenidən qəbul imtahanların verilməsi nəzərdə tutulmayıb. Yeri gəlmişkən, burada “məktəbli forması” deyilən bir anlayış yoxdur. Şagirdlər istədiyi geyimdən, o cümlədən hicabdan istifadə edə bilər.
Ölkə boyu təhsil müəssisələri bərabər maddi-texniki bazaya və kadr potensialına malikdir. Eyni zamanda xüsusi qeyd edilməlidir ki, ölkədə monarx ailəsinin üzvü ilə sadə vətəndaşın təhsil almaqla bağlı start imkanları eynidir.

- Bu ölkə zanbaqları və pendiri ilə tanınır. Bəs bizə tanış olmayan daha nələri var?
- Bu gün krallıq özünün bir sıra göstəriciləri ilə fəxr edə bilər. Ölkə nadir nəqliyyat kommunikasiyasına malikdir. Burada bütün ölkə boyu demək olar metro sistemi kimi işləyən dəmiryolu seti mövcuddur. Bu balaca ölkədə avtomobil yollarının uzunluğu 110 min km-i aşır. Gəmiçilik üçün 5 min km-dən çox daxili su yolları mövcuddur.
Bundan əlavə, Niderland dünyada su ilə mübarizə və suda tikinti işlərinin aparılmasına görə böyük təcrübəyə malikdir. Eyni zamanda dövlət muzeylər ölkəsi kimi tanınır. Ölkə boyu 800-dən artıq muzey fəaliyyət göstərir.

- Tələbələrə dövlət hansı imtiyazları verir?
- Əvvəla, burada təhsil almaq üçün hər bir şərait var. Qonşu ölkələrlə müqayisədə təhsil haqqı aşağı olduğundan son illər Niderland ali məktəbləri qonşuluqda yaşayanlar üçün də cəlbedici olub. Digər tərəfdən, təhsillə bağlı dövlətin imkanı olmayan tələbələrə subsidiya sistemi mövcuddur. Tələbə təhsil haqqını gələcəkdə qaytarmaq şərtilə dövlət hesabına ödəyir. Tələbələrin ictimai nəqliyyatdan pulsuz istifadə etmək və s. bu kimi güzəştləri də mövcuddur.

- Rotterdamda Azərbaycan ədəbiyyatından xəbər tutan varmı? Orada Nizami ilə Füzulidən başqa, hansı azərbaycanlıları tanıyırlar?
- Yaxşı əsər sərhəd tanımır. Burda yerli əhali kitabla dostluq etməyi xoşlayır. Hər evin öz kitabxanası var. Bəzi ailələrdə beş-altı yüz ilin arxivi mövcuddur. Azərbaycan ədəbiyyatının bir nümunəsi olaraq “Əli və Nino” romanı buradakı oxuculara yaxşı məlumdur. Hətta buranın mərkəzi qəzetlərindən biri Bakıda keçirilən “Eurovision” mahnı yarışması ərəfəsində həmin əsərə geniş istinad edilməklə böyük bir yazı dərc etmişdi.

- Siz qədim tarixi olan ölkədə yaşayırsınız. Bu ölkədə qədim abidələrə münasibət necədir?
- Yerli əhali tarixinə hörmətlə yanaşır və onunla fəxr edir. Qeyd etdim ki, burda çoxlu sayda muzeylər fəaliyyət göstərir. Onlar da əsasən Niderlandın tarixi ilə bağlıdır. Köhnə bina və qurğulara dəymirlər, onlar xüsusi qayğı ilə qorunur.

- Holland polisi ilə Azərbaycan polisinin fərqi nədir? Bu ölkədə polisdə və ya başqa dövlət işində işə düzəlmək üçün nələr tələb olunur?
- Kobud ifadə etsək, belə deyə bilərik, Niderlandda polis gözə görünməməyə üstünlük verir. Azərbaycanda isə polis yeri gəldi-gəlmədi özünü gözə soxmağa can atır. Burada qanunlara riayət edəcəyin halda polislə üzləşməyin demək olar istisnadır. Adi halda polisi yalnız kütləvi tədbirlərdə görə bilərsiniz. Fövqəladə situasiyalarda, yaxud təcili çağırışlarda isə polis təcili tibbi yardım və yanğınsöndürənlə bir yerdə fəaliyyət göstərir.
Niderlandda nəinki polisə, ümumiyyətlə, bütün sahələr üzrə işə götürmə sdandart prinsiplərlə həyata keçirilir. Boş qalmış yerlərə tələblər göstərilməklə elan verilir. Təhsilin və digər göstəricilərin uyğun gələcəyi təqdirdə iddiaçı müsahibəyə çağırılır və bundan sonra işə götürmək haqqında qərar qəbul edilir.

- Niderlandda ictimai nəqliyyat necə idarə olunur?
- Bəri başdan deyim ki, burda ictimai nəqliyyat Azərbaycanla müqayisədə çox bahadır. Bunun müqabilində ictimai nəqliyyat yüksək keyfiyyətli xidmət təklif edir. İctimai nəqliyyatın bütün növləri qabaqcadan müəyyən edilən vaxt cədvəli ilə işləyir. Bu sistem internetə yüklənib. İctimai nəqliyyatla hər hansı səfəri internetdə həmin sistemdə hesablayıb yola çıxa bilərsiniz. Bu zaman dayanacaqlarda vaxt sərf etmədən və ciddi yubanma olmadan mənzil başına çatırsınız. Şəhərlərdə vahid nəqliyyat sistemi fəaliyyət göstərir və bu sistemdə tramvay xüsusi çəkiyə malikdir. Vahid mərkəzdən həssaslıqla idarə olunan ictimai nəqliyyatın rahat və təhlükəsiz olmasına təminat verilir.
Əhali velosipedden istifadəyə daha çox üstünlük verir. Bunun üçün xüsusi yollar çəkilib. Ölkədə velosipedlərin sayı əhalinin sayını ötüb keçir. İnsanların gediş-gəlişinin sıx olduğu yerlərdə velosipedlər üçün düzəldilmiş dayanacaqlar var.

- Bu ölkənin mətbəxi və qədim adətləri haqqında nə deyə bilərsiniz?
- Mütəxəssislərin fikrinə görə, Niderland mətbəxinin formalaşmasında əhalinin kənd təsərrüfatındakı fəaliyyəti mühüm rol oynayıb. Bundan irəli gələrək burdakı milli yeməklər daha çox ət məhsulları və müxtəlif növ göyərtilərin kombinasiyasından ibarətdir. Burada şam yeməyi xüsusi adət halını alıb. Şam yeməyi dəqiq bir vaxtda (adətən saat 18.00-da) və bütün ailə üzvlərinin iştirakı ilə baş verir. Ailə stol arxasında birgə oturmalı və bir qayda olaraq isti sup yeməlidirlər.
Ölkədə ilboyu rəsmən bir çox bayramlar qeyd edilir. İki bayram istisna olmaqla, (30 aprel - kraliça günü və 5 may - azadlıq günü) onların hamısı xristian adət-ənənələri ilə bağlıdır.

- Niderlandda azərbaycanlılar çoxdurmu? O ölkədə erməni diasporu güclüdür, yoxsa Azərbaycan?
- Niderlandda azərbaycanlıların sayı ilə bağlı dəqiq məlumatım yoxdur. Müxtəlif rəqəmlər səsləndirirlər. Buradakı diaspora pərakəndə fəaliyyət göstərir. Amma heç də onun erməni diasporasından zəif olmasını deməzdim.

- Niderlanddan baxanda Azərbaycan necə görünür?
- Niderland əhalisində də Azərbaycan haqqında kütləvi bilgi yoxdur. Məlumatı olanlar Azərbaycanı neft ölkəsi kimi tanıyır. Dünyada demokratik proseslərin labüdlüyünü nəzərə alaraq tezliklə vətənimizin də sivil dünyanın bir hissəsi olacağına inanıram.

Arzu Abdulla                    teleqraf.com           

Комментариев нет:

Отправить комментарий