30.09.2012

Qarışqalar

Əziz və hörmətli şairə dostum Ramilə Qardaşxanqızının istəyi və o saf düşüncələri əsasında qələmə aldı bəndəniz Habil Yaşar

  Qarışqalar...Uşaqlıq düşüncələrimin qəhrəmanları.Hə yalnış eşitmədiniz. Məhz qarışqalar. O qarışqalar ki, onlar haqqında daima düşünər,həyat macəraları haqqında olmazın hekayələr uydurardım. Bu hekayələr bəzən özümə o qədər inandırıcı gələrdi ki, insan yaranmaq yox, məhz qarışqa olaraq yaradılmaq da istəyərdim. Üzülərdim arzularımın ancaq arzu olaraq qalmasından dolayı. Təbii ki, uşaqlıq arzularımın saflığına gülə də, haqsız olduğumu düşünə bilərsiniz. Ancaq unudulmamalıdır ki, ən saf arzular, ən bakirə duyğular uşaqlıq illərində yaşanır.
Hamımız etiraf edə bilərik ki, məhz uşaqlıq illərində sehrli nağıllara daha çox inanmışıq və hətta bir gün göydən üç almanın düşəcəyini də gözləyə-gözləyə qalmışıq. Hər nə olursa olsun mənə görə bir qarışqa həyatı yaşamaq bir insan həyatı yaşamaqdan daha gözəl, daha maraqlı və daha şərəflidir. Çünki qarışqaların o kiçik ürəyində böyük bir dünyanın yerləşdiyini görməmək mümkün deyil. O qarışqalar ki, yaşadıqları dünyanın qədrini bilər, hər şeyi ədalətlə, nizam-intizamla həll edərlər. Biz insanların yaradılışdan bəri axtarıb tapmaq istədiyimiz utopik dünyanı onlar realda yaşamağı bacararlar. Bizim üçün əlçatmaz görünənlər qarışqalar üçün o qədər adidir ki, biz bu adiliyə belə həsəd aparırıq. Çünki bu adiliyin içində bizim üçün o qədər qeyri-adilik var ki...Necə olur da kainatın əşrəfi sayılan biz insanlar, biz şüurlu varlıqlar yanımızda qum dənəsi boyda olan qarışqalara belə qibtə edirik? Necə olur da qarışqalardan ibrət almaq üçün onların gözəlliklərlə dolu yaşamına nəzər salırıq? Axı biz ən şüurlu varlıq olduğumuz halda hər şey əksinə olmalı idi və biz hər şeyin ən gözəlinə sahib olmalı idik... Təəssüf ki, hər bir sual özündən sonra bir çox yeni suallar doğurur və biz həyatımızı bu suallara qurban verə-verə yaşamağa davam edirik. Yəni biz, biz şüurlu varlıqlar bir qarışqa qədər də deyilik? Həqiqətən olduqca maraqlı bir sual yaranır. Alınan nəticələrdən əminliklə deyə bilərik ki, bəli bizlər qarışqalar qədər də deyilmişik.
   Onların o kiçicik yuvalarında o qədər böyük mutluluqlar yaşanır ki...Heç bir qarışqa digər bir qarışqadan nə üstün, nə də aşağı yaşayır. Onlar böyük imarətlərə, luks maşınlara sahib olmadıqları halda belə xoşbəxtdirlər. Bəs biz insanlar necə? Hətta hər şeyə sahib olan birimiz belə deyə bilməz ki, mən tam xoşbəxtəm. Bizlər üçün xoşbəxtlik ancaq həyatın  müəyyən anlarında yaşanır və o anlar bir daha ya həyata keçmir, ya da çox gec-gec reallaşır. Qarışqalar bütün ömürlərini böyük səadətlə yaşamağı bacarırlar. Çünki onlar şüurlu varlıq deyilən biz insanlardan daha gəzəl bilir xoşbəxtliyin sirrini. Çünki onların o kiçik dünyasında heç  bir yalana, zərrə də olsun haqsızlığa yer yoxdur və olmayacaqdır da. Çox təəssüflər ki, bizlər çox zaman ayağımız altda qoyub tapdalayaraq qırıb keçdiyimiz qarışqalar qədər də deyilik və bu reallığı əsrlərdir görə-görə görməməzliyə vuraraq yaşayırıq. Günahımızı etiraf etməyə belə qorxuruq, təkəbbürlülük edirik. Çünki biz iradəsiz, mənən cılız, dayaz varlıqlarıq. Hər nə qədər sadalayıb- sadalamadıqlarım var bir o qədər də biz şüurlu varlıq olan insanlar xoşbəxtliyi qaranlıqda işıq gəzə-gəzə axtaracağıq. O işığı tapa bilmək ehtimalı olacağımız halda bəlkə də yenə özümüz söndürəcəyik. Çünki bizlər işığa belə naşükürlük edənlərdənik. Çünki biz qarışqalar qədər güclü mənliyə, qarışqalar qədər ədalət prinsipini qorumağa qadir deyilik. Hər nə olur – olsun özümüz özümüzü dəyişmədikcə qarışqalara qibtə eləməyə davam edəcəyik.

Комментариев нет:

Отправить комментарий