23.09.2012

Yatağındakı tənhalıq

Xuraman Hüseynzadə

Ürəyindəki boşluğa
qısqanıram səni
bir də qoluna girən yalnızlığa
nə xoşbəxtdi
siqaretin
öpür dodaqlarından
bir də elə yanır
elə yanır ki
tüstüsü
gözlərini yaşardır
xoşbəxtdi göz yaşların
hər gün
bomboz, saqqal basmış üzünə
dağınıq saçlarına
baxan güzgünün yerinə olaydım kaş...
Yatağındakı tənhalığa
qısqanıram səni
yastığın göz yaşlarını sıxır sinəsinə

mən səni heç vaxt
heç vaxt
o cür sevgiylə bağrıma basa bilmədim
amma
təkcə
taleyinə qısqanmıram səni...

Köhnə küçəmiz

yağış yağar
ayaq izlərimizi
tozunla yoğurar
sinənə çalın-çarpaz dağ kimi
çəkilən dörd yol ayrıcında
xatirələr məni çağırar
köhnə küçəmiz...

biz yeni evə köçən gün
sən köhnəldin
uşaqlıq
yeniyetməlik illərim qocaldı
ayaq izlərim
dəfn olundu səndə

ilk məhəbbətimin ayaq izləri
bir torpağa baş qoyur
ayaq izlərimlə
yağış yağanda
izlərimizi yaxşı yoğur
yaxşı qarışsınlar
biz qovuşa bilmədik
bilirsənmi
köhnə küçəmiz...

xəzəli
qarı
buzu
yorğan elə ayaq izimizə
onları tapdayanlara de ki
qara geyib gündüzü
bulağa dönüb gözü
burda qoşa qarıyır
iki cüt ayaq izi...
***
ağlımı başdan çıxarma
başqa qadınları
yoldan çıxardığın kimi...
Yatağndakı tənhalıq-i-ci şeirin adı belədi

Комментариев нет:

Отправить комментарий