25.09.2012

Sənsizlik...

Arzu Abdulla

Bunu sənə yazıram, aramızdakı anlaşılmazlığın uzun ömrü bitmədi deyə. Bu əslində soyuq payız gecəsində pəncərəmin daş kimi bərk üzünə dəyib yerə diyirlənən yağış damlalarına bənzəyir.
Gör, göydən yerə nə qədər yağış damlası gəlir. Amma hamısı ayrı-ayrıdır. Yəqin ona görə soyuqdular. Ayrılıq soyuq olur axı.
Əslində bu, yazın burnu görünən kimi qıy-qışqırıq salan çay sularına bənzəyir. Qışqırır, ona görə qışqırır ki, özünün gətirdiyi lildən xəbəri var.
Ona görə qışqırır ki, bu lilin onun başına gətirəcəyi bəladan xəbəri var. Lillə axan çayların dibi tez dolur. Getdikcə dayazlaşır və yolunu dəyişməyə məcbur olur.
Bu gerçəkdən yazın ilk günlərindəki dumana bənzəyir. Duman göy üzünü tutanda bax ha, bu gün hava isti olacaq deyirlər. Duman ağ donunun altında gizlətdiyi istini xəlvət gətirir və qəfil ətəyini çəkib istini canımıza salır.

Yaman da bürkü olur, adam lap boğulur. Ayrılıq da isti və bürkülü olur. Amma sevgi duman kimi bu ayrılığı tumanının altında daim gəzdirir, qəfil canımıza salmaq və bizi yandırmaq üçün.

“Bağa girmərəm sənsiz,
Gülü dərmərəm sənsiz”. 

Əslində bağa da girirsən, gülü də dərirsən, amma o gülün tikanı əlinə batsa belə heç nə anlamırsan. Gül isə o gül deyil. Elə bağ da o bağ deyil.

“Bu dağda maral gəzər
Tellərin darar gəzər
Mən yara neyləmişəm
Yar məndən kənar gəzər”.

Bəzən iki nəfərin arasında yaranan sevgi o qədər təmiz, o qədər saf olur ki, bu sevgi hər iki şəxsdən daha uca məqama yüksəlir. Bax, bu sevgini qorumaq gərəkdir. Hətta bu sevgini qorumaq naminə ayrılmağa da dəyər. Sevgi isə itmir.
Uzaqbaşı o, yaradanlarının sonrakı münasibətlərindən formasını dəyişir. Yəni dünənki sevgi bugünkü ayrılığa çevrilir. Amma sevgi heç vaxt nifrətə çevrilmir. Bu mümkün deyil. Bir filosof dostumun dediyi kimi, sevgi təmizdir, sevgi qüsursuzdur.
Bu göydən yerə yellənə-yellənə gələn qar dənəciklərinə də bənzəyir. Bilirsən niyə, çünki o qar dənəciyi yerə, yəni sonuna yaxınlaşmanın ömrünü uzatmaq üçün yellənir. Bilir ki, onu yerdə nə gözləyir.
Sonsuzluq, bitməyən ağrı və hər an tapdalanmaq, əzilmək, yox olmaq qorxusu. Amma məncə, əzilmək yox olmaqdan daha qorxuludur və daha ağrılıdır.

“Ərzurumun gədiyinə varanda
Onda gördüm, birəm-birəm qar gəlir
Lələm dedi, gəl qayıdaq bu yoldan
Bu yoldan qayıtmaq mənə ar gəlir”

Hə, bir də bu qorxu var içimdə... yoldan qayıtmaq. Əslində qayıdacağım, üz tutacağım məkan da yoxdur. Lopa-lopa, birəm-birəm qar isə yağmaqdadır. Özü də nazlana-nazlana. Hə, bəzən mənə elə gəlir ki, qar dənəcikləri göydə yellənmir, nazlanır. Buna güc lazımdır, yoxluğuna gedirsən, bunu da dəqiq bilirsən, amma nazlanırsan. Guya ki, vecinə deyil. Vecinə deyilsə niyə rəngin ağarıb, niyə buza dönmüsən?
Bu sənsizliyimin rəsmi idi. Cızmağa çalışdım. Bilmirəm rəssamlığım alındımı? Amma bildiyim odur, bu rəsmi bu qəzetə büküb sənə göndərəcəm. Bu tablonu divarından asmasan da olar. Amma qəlbindən çıxarma.
Mismara və ya yapışqana da ehtiyac yoxdur. Yaşadıqlarımızı arxada qalan ömür adlı mismar vurur qəlbimizə. Elə bərk vurur ki, bunu nə çıxarmaq, nə atmaq olmur. Bu parçalanmış, əzilmiş qəlblə yaşamağa məhkumam.
Bu, SƏNSİZLİYİMDİR...

arzuabdulla@inbox.ru

Комментариев нет:

Отправить комментарий