25.09.2012

ZƏHƏRLƏNMİŞ İLAN

 Qalib Şəfahət

Biz, nişanlananda mən özümü dünyanın ən xoşbəxt qadını hesab edirdim. Həyatımı bir an belə Şahinsiz təsəvvür edə bilmirdim. Şahinə olan məhəbbətim dünyanın ən bakirə məhəbbəti
idi. Xəyallarımda canlandırdığım hislərimi, arzularımı Şahində tapmışdım. Həyatımda ilk sevdiyim insan Şahin olmuşdu. Elə hiss edirdim ki, tanrı bizi, bir-birimiz üçün yaradıb.
Mənim uşaqlığım, o qədər də ürəkaçan olmayıb. Qarayanız, arıq bir qız olmuşam.
Arada dost-tanış ata-anama zarafatla, “ay balam, bu qızı alan olmayacaq, bu kimə oxşadı görən?” deyərdilər. Atam da: görün nə qız olacaq! Sonra elçi düşsəniz verməyəcəyəm ha, deyib gülümsünərdi. Mən uşaq olduğuma görə nə danışdıqlarını o qədər də anlamırdım. Bunların nə zarafat etdiklərini çox sonra, başa düşdüm.
Atamı uşaqlıqdan çox istəyirdim. O, da mənə qarşı çox mehriban idi. Atama nə deyirdimsə, bir dəfə də yox deməzdi. Hərdən anam deyinirdi: Sən bu qızı ərkəsöyün böyüdürsən!
Atam isə heç nə deməyib, gülümsünərdi.
Anam deyirdi, çox arıq və cılız bir uşaqlığım olub. Yanımdan yel əsən kimi, xəstələnirmişəm. Həkimə aparıb-gətirməkdən əlimdən zara gəliblərmiş.
Qara-qabaq, qaradinməzliyimlə tay-tuşlarımdan fərqlənmişəm. Onlarla yaxşı münasibət yarada bilməmişəm. Yetənə yetib, yetməyənə bir daş atmışam. Onu da deyim ki, mənimlə işi olmayanla ,heç vaxt işim olmayıb. Həmişə bir kənara çəkilib tək, özüm-özümlə oynamağı xoşlamışam. Yadıma gəlir, bir dəfə tək oynayırdım, mənimlə yaşıd olan qonşunun oğlu Tural mənimlə oynamaq istədi. Sinəsindən necə itələyib yerə yıxmışdımsa, yazıq uşağın alnından daş iki çapıq açmışdı. Uşağın alnından qan göyə fışqıranda əvvəl özümü itirdim, sonra elə yerdə gizlənmişdim ki, bir gün axtarıb məni tapmamışdılar. Hətta məni itmiş kimi axtarışa da vermişdilər. Sonra özüm gizləndiyim yerdən çıxdım. Məni görəndə sevindiklərindən danlamadılar da, anam qılığıma girdi, bax qızım, birdə belə şey eləmə, o səninlə oynamaq istəyir, sən onu yerə yıxırsan, demirsən ,yazıq uşaq ölər, kor olar, bəs valideyninə nə cavab verərik? Özün də qaçıb gizlənmisən, demirsən it-pişik qorxudar, başına bir iş gələr! Bir də belə etmə, yaxşı mənim balam!
Onda yeddi yaşın içindəydim, iki aydan sonra, sentyabrın 1-də birinci sinfə getdim. Tural da mənimlə bir sinifdə oxuyurdu. Onun mənə kini soyusa da, mənim ona qarşı kinim bir müddət davam etdi. Yazıq uşağın alnında çapır hələ tam sağalmamışdı. Biz orta məktəbi qurtaranda da çapığın yeri bilinirdi.
Sonra mən bildim ki, yarası böyük olduğuna görə, onu xəstəxanaya götürüblər, alnına tikiş qoyublar, bir-neçə günə xəstəxanada yatıb! Arada sinif yoldaşlarımız ona, çapıq Tural deyəndə yazıq-yazıq üzümə baxırdı. Bir dəfə Turala çapıq deyib sataşan uşağın alnına iki qəşəng yumruq yapışdırdım, birdə sən ona çapıq desən sənin də alnından çapıq açacam, bildin? axırıncı dəfə olsun? Yazıq uşaq səsini də çıxara bilmədi... O gündən Turala yazığım gəldiyindən həmişə onunla səmimi davranırdım. Tural sinifdə tərbiyəli, səliqəli, çalışqan bir şagird idi. Hamı xətrini çox istəyirdi.
Mən sinifdə hamıdan yaxşı oxusam da, çılğınlığım, ərköyünlüyüm var idi. Uşaqlarla o qədər də ünsiyyət yaratmağı xoşlamırdım. Fikrim yaxşı oxuyub Universitetə girmək, ən böyük arzum hüquqşünas olmaq idi. Birinci il yüksək balla Universitetin hüquq fakültəsinə qəbul oldum. Tələbə yoldaşlarım arasında ən cılız görünürdüm. Arada müəllimlərim zarafatla, bu qız, oxumaqdan bu günə düşüb deyirdilər. Mənimsə fikrim Univerisiteti müvəffəqiyyətlə başa vurmaq idi.
Mən yay tətilindən 3-cü kursa qayıdanda, əvvəl ki, məndən əsər-əlamət qalmamışdı. Qrup yoldaşlarım az qalmışdı məni tanımasınlar.
- Sevda, necə də dəyişmisən?!
- Tam başqa bir Sevda olmusan. Sən indi başqa bir aləmsən.
Göz dəyməsin!
Mənə kompliment desələr də, mənim komplimentdən o qədərdə xoşum gəlmirdi!
O gündən sonra özümə fikir verməyə də başladım. Arada, müxtəlif vaxtlarda, iki oğlan mənə yaxınlaşmaq istədi. Necə sərt cavab verdimsə, bir daha ətrafıma fırlanmadılar.
Universiteti qurtardıqdan sonra, bir il işsiz qaldım. Haraya müraciət edirdimsə, deyirdilər yer yoxdu. Gözləməlisən. Anladım ki, düz deyirlərmiş, dövlət idarələrində işə düzəlmək üçün, yaxşı adamın, çoxlu pulun olmalıdır. Yoxsa kimdir səni işə götürən.
Ona görə də başqa iş axtarmaq fikrinə düşdüm.
Yaxın qohumum Xatirə ,” Məişət avadanlığı“ şirkətində işləyirdi. Bir gün təsadüfən görüşdük.
- Mən də iş axtardığımı bildirdim.
- O, ay qız, bizim şirkətdə olmalıdır, işçi axtarırlar, sən də bilirəm, savadlı, ağıllı-kamallı qızsan, sənədlərini təqdim elə, inanıram səni götürərlər. Özü də maaşı da yaxşıdır.
Xatirəyə minnətdarlığımı bildirdim.
Bir-neçə gün fikirləşdim. Sənədlərimi təqdim etmək qərarına gəldim.
Xatirə ilə zəngləşdim:
- Səhər görüşək, sənədlərimi verim!
Səhəri gün Xatirə ilə görüşdük.
Müdir bir neçə günlüyünə yerində olmadığına görə onun köməkçisi Şahin müəllimlə görüşməli olduq.
Bizi çox mehribanlıqla qarşıladı. Sənədlərimizi qəbul etdi.
Müdir gələndə təqdim edərəm. Tələbat da var. İxtisaslı kadra hər vaxt ehtiyac var.
Elə ilk görüşdən Şahinin baxışları qəlbimə hakim kəsildi. Onun hərəkəti, davranışı məndə xüsusi marağa səbəb oldu. Elə anlayırdım, köksüm ürəyimə dar gəlir, köksüm ürəyimi sıxır.
Bircə sənədlərimi qəbul etsəydi tez çıxardıq. Şahin də elə bil qəsdən bizi yubadırdı.
Sənədlərimi verib çıxanda sifətim qıp-qırmızı qızarmışdı. Elə bil odun içərisindən çəkib çıxarmışdılar.
Bir həftə xəyallarım Şahinin yanında qaldı, Şahinlə yatdı, Şahinlə durdu. İşdən də çox Şahini fikirləşirdim. Bu bir həftə ildən də ağır gəldi mənə.
Bir həftədən sonra məni şirkətə çağırdılar.
Şahin, məni şirkətin prezidentinə təqdim etdi: Sevda xanım, gənc hüquqşünasdır, məsuliyyətli, savadlı bir xanımdır. Ümidvaram ki, şirkətimizi layiqincə təmsil edəcək.
Şahin məni elə təqdim etdi ki, o, danışdıqca elə bilirdim ayaqlarım yerdən üzülüb, göyün yeddinci qatındayam, harada olduğumun fərqində deyildim.
- Mən, İntiqam müəllim, şirkətin prezidenti! deyib özünü təqdim etdi.
Şahin müəllim inamlı, etibarlı insandır. Hamının ona böyük hörməti var. O, razıdırsa, biz də razıyıq. Elədirsə, Şahin müəllim, əmrini verin, işə başlasın.
İntiqam danışanda elə bil yuxudan ayıldım, özümü möhkəm tutmağa çalışdım.
Amma, İntiqamın baxışlarından xoşum gəlmədi. Elə bilirdim mənə müştəri gözü ilə baxır.
Elə ilk gündən ondan zəhləm getməyə başladı. Sırtılmışa oxşayırdı. Həmin gün əmrim verildi. Səhəri gün şirkətdə hüquqşünas kimi işə başladım. İşimdə məsuliyyətlə yanaşırdım, mənə göstərilən etimadı doğrultmalıydım.
O gündən hiss edirdim ki, Şahinə olan münasibətim adi münasibət deyil. Dərin bir sevgiyə çevrilmişdi. Günü-gündən özümü Şahinsiz bir an da rahat hiss edə bilmirdim.
Onun da mənə qarşı münasibətinin fərqli olduğunu hiss edirdim.
Altı aya qədər bizim münasibətimiz beləcə davam etdi. Bir gün Şahin mənə ürəyini açdı.
Danışığından, baxışından, hərəkətlərindən hiss olunurdu ki, çox həyəcanlıdır. Sevda mən səni sevirəm, ilk tanışlıqdan mən sənə vurulmuşam. Məqam axtarırdım ki, sənə ürəyimi açam!
Sən nə deyirsən?
Özümü itirdim, nə deyəcəyimi bilmədim, elə bil ki, bu anı gözləyən mən deyildim. Aramıza dərin sükut çökmüşdü. Şahinin üzünə baxa bilmirdim. Başımı aşağı salıb, hə, “mən də səni sevirəm!” dedim.
Sanki, söz dilimdən qayadan bir parça daş qoparılan kimi qopdu.
O gündən biz gələcək planlarımız haqda birgə düşünürdük.
Şahin rayonda böyümüşdü. Rayonda orta məktəbi bitirib, İqtisad Universitetinə daxil olub, oranı qurtarıb, rayona qayıtmamışdı. Bu şirkətdə əvvəlcə iqtisadçı kimi işə düzəlib işləmiş, sonralar hamının etibarını qazanmışdı.
Şirkətin prezidenti nazir oğlu idi. Başqa şirkətləri də olduğuna görə, işlərinin çoxluğunu bəhanə gətirib, əsas işləri ona həvalə etmişdi.
Şahinin işlərinin çox olmasına baxmayaraq özümüzə vaxt tapa bilirdik. Hamı bizi xoşbəxt cütlük hesab edirdi.
Həmin ilin yağışlı payız günlərinin birində, işdən sonra dəniz kənarı parka çıxmışdıq. Bir xeyli gəzib-dolandıq. Birdən Şahin ayağını saxladı: üzümə baxıb, bilirsən Sevda bir təklifim var, icazə verirsənsə?
- Hə, buyur dedim:
- Mən səninlə nişanlanmaq istəyirəm, evdən də deyirlər, daha subaylığın daşını atmaq vaxtıdır! sən nə deyirsən?
- Sən necə məsləhət görürsən elədə et, deyib, başımı aşağı salıb, dodaqaltı qımışdım!
Məsləhətləşdik, bir neçə gündən sonra, bizim qapımıza elçi gəldilər.
Biz nişanlandıq, məsləhət olundu ki, toyumuz Şahin ev alandan sonraya qalsın.
O gündən sevincimin üstə bir sevincdə gəldi. Bütün xəyallarım gələcəyin üzərində qurulmuşdu. Özümü xoşbəxt bir evin xanımı, xoşbəxt bir ana kimi xəyallarımda canlandırırdım. Hər an Şahinlə necə yaşayacağımızı, necə işləyəcəyimizi, körpələrimiz dünyaya gəldikdən sonra onların necə qayğısını çəkəcəyimizi, onları necə böyüdəcəyimiz haqqında düşünürdüm.
Mən işə qəbul olunandan bir neçə gün sonra Şirkətin prezidenti İntiqam müəllim işimlə maraqlanmaq bəhanəsi ilə, məni kabinetinə çağırtdırdı. Əvvəlcə işimlə maraqlandı, sonra atmacalar atdı.
Üzünə tərs-tərs baxdım.
Dişini ağardıb:- xətrinə dəydimsə bağışla....
- Hə... Şahinlə münasibətin necədi?
- Mən, əladır! dedim.
Sifətinin dəyişdiyini hiss etdim.
Başqa sualınız yoxdursa gedim.
Dilucu ” get “dedi.
Onda, ”sağ ol”, deyib kabinetdən çıxdım.
Ondan sonra bir neçə dəfə üz-üzə gəldik, hər dəfə bir atmaca atırdı. Çox vaxt fikir vermirdim. Fikir verməyəndə də it kimi öcəşirdi.
- Mənimlə yaxın olmaq istəyirdi . Ona görə də, yeni bəhanələr, yeni uydurmalar axtarırdı.
Bir dəfə ona ağır söz deyib, şirkəti tərk elədim. İşdən çıxmaq fikrinə düşdüm. Sonra fikrimdən daşındım. Həm qürurum imkan vermədi, həm də Şahindən uzaq olmaq istəmədim. Əlinə imkan düşəndə hamını zəhərləyirdi. Ən çox da qadınlara qarşı sərt davranırdı.
Yetənə yetir, yetməyənə də bir daş atırdı.
Bu xasiyyətinə görə hamı ona “ilan” deyirdi. Bizimlə həmyaşıd olardı. Nə ağıla-kamala, nə də dərin savada malik idi. Ona müəllim deməyə də adamın dili gəlmirdi, məcbur idik, şirkətin prezidenti idi.
Şahinlə nişanlandıqdan sonra bir müddət məndən uzaqlaşdı. Amma, hiss edirdim ki, ilan kimi arxamca yalmanır. Şahindən çəkindiyinə görə cürət etmirdi.
Günlərin bir günü Şahin bir həftəlik rayona getməli oldu. Yaxın qohumu rəhmətə getmişdi.
Şahinin ondan icazə istəməsi, onun üçün toya-bayrama çevrilmişdi. O nə sözdür, Sən bilirsən ki, sənin xidmətin bu şirkətdə böyükdür. Hamımızın əzizisən. Allah ölənlərinə rəhmət eləsin!
Arxayın, get, gəl.
Şahinin getməsinin ikinci günü, şirkətdə toplantı keçirdi. İşçilərin əksəriyyəti toplantıda idi. Çox sərt sifət almışdı. Elə bil gəmisi dəryaya qərq olmuşdu.
Bilirsinizmi, şirkətdə çoxlu çatışmamazlıq yaranıb. Görünür bu bizim hamımızın öz işimizə məsuliyyətlə yanaşmamağımızın nəticəsidir. Tapşırığım budur ki, hamı, mən də başda olmaqla məsuliyyətimizi artırmalıyıq. Əl-ələ verib, vəziyyətdən çıxış yolu tapmalıyıq. Lazım gələrsə, gecəmizi-gündüzümüzə qatmalıyıq, yoxsa işsiz qala bilərik.
Heç kəs onun bu alovlu danışığını çoxda ciddi qəbul etmirdi. Hərə öz işinə getdi. Məndə gəlib öz işlərimlə məşğul idim. Saat təxminən 12-i olardı. Otaq yoldaşım Səbinəni çağırtdırdı, İntiqam müəllim sizi istəyir, nə isə iş tapşıracaq.
Səbinə otaqdan qanı qaralmış çıxdı.
Aradan heç yarım saat keçməmişdi ki, mənə də çağırtdırdı. Elə bil başımdan bir qaynar qazan su tökdülər. Özümü toplayıb, ayaqlarım sürünə-sürünə onun oturduğu kabinetə keçdim.
-Intiqam müəllim məni çağırtdırmısınız!
- Bəli, gəl əyləş.
- Bu rəfiqəndə iş yarıdan deyil. Bir-iki sənət var idi, dedim, onu hazırlayaq! Bilirsiniz də, bizim şirkət Rusiya, Çin, Turkiyə ilə sıx əlaqədədir. Ona görə sənət hazırlayıb ,təcili göndərməliyik.
- Bu rəfiqən yarıtmadı, inamım sənədir!
- Hə nə olar Səbinə ilə köməkləşib işləyərik!
- Yox ay qız, səhərdən başımı dəng eyləyib. Başını qatacaq! Qoy gedib işi ilə məşğul olsun. Bir-iki saatlıq işdir. Cəld işləsən tez qurtararsan!
Elə bil Səbinə bu sözə bənd idi. Sağ olun deyib, cəld kabinetdən çıxdı.
Hansı sənədləri işləmək lazımdır, başa saldı. Mən işə başladım.
O, arada bir işlərin necə getdiyindən xəbər tutur, sonra telefonla kiminləsə danışırdı.
Bir saatdan çox idi ki, sənətlər üzərində işləyirdim.
- Deyəsən sənə də çox əziyyət verdim, sən Allah üzrlü hesab elə! Neyləyim, başqalarına ümidim yox idi, rəfiqən də bacarmadı, məcbur olub səni işindən elədim. Çoxmu qalıb?
Öz-özümə fikirləşdim deyəsən adam olmaq istəyir!
- Haradasa yarım saatlıq işim qalıb, İntiqam müəllim!
- Onda bir az dincəl, bir çay iç, qoy yorğunluğun çıxsın!
Mən yox deyənə kimi ,katibəni səslədi:
İki stəkan çay gətir, birini mənə, birini də Sevda xanıma!
Yazıq nə vaxtdIr işləyir!
Katibə çayın birini mənim oturduğum stolun üstə qoydu, birini onun. O mehribancasına çayı içməyimi təkid etdi.
Mən çayı içdikdən sonra işə başladım. O isə, sən işlə, mən bir az hərlənib gəlirəm deyib, kabinetdən çıxdı.
Bir az işləmişdim ki, qəfildən elə bil gözlərimə qaranlıq çökdü. Mürgü məni basırdı.
Aradan nə qədər vaxt keçdiyini bilmirəm, ayıldım ki, onun istirahət otağında yatacağın üstündə uzanmışam, üstümə nazik bir adyal atıb.
Qalxmaq istədim, qarnımın aşağı hissəsində küt ağrı hiss etdim. Yerimdə qıvrıldım. Bir az özümə gəlib, ayağa durdum. Bu mehriban davranışın səbəbini indi anladım.
Yatacağın yan tərəfindəki stoldan durub, dişlərini ağarda-ağarda, gördüm yatmısan, məndə narahat olmayasan deyə, yatacağın üzərinə yerləşdirdim!
Dişləri hələdə ağarırdı, hirsimdən içimi yeyirdim. “Alçaq ilan“ deyib, üzünə bir sillə ilişdirib, kabinetdən çıxdım.
Çölə çıxdıqdan sonra hara gedəcəyimi bilmirdim. Özümə qəsd etməyi düşündüm. Dənizin kənarına getdim. Özümü dənizə atmaq istədim. İndən sonra mən kimə gərək idim. O, ilan həyatımı zəhərlədi.
Bir anlıq beynimdən, arzularım, Şahin, gələcək haqqında düşüncələrim gəlib keçdi. Yox, mən özümdə güc tapmalıyam. Həyatımı zəhərləyənin ,həyatını qara etməliyəm. Başıma gətirdiyi bu oyunu ona bircə-bircə yedirtməliyəm.
Mən özümə qəsd etsəm, mənim haqqımda nə düşünəcəklər? Buna nə ad qoyacaqlar? Hərə bir zurna çalacaq, mənim haqqımda. Dost-tanışın da başını aşağı edəcəyəm.
Artıq qaranlıq düşürdü, evə döndüm. Evdə mənim yolumu gözləyirdilər. Evə girəndə mənim belə pərişan, halsız gördükdə evdəkilər narahat oldular.
“Narahat olmayın. Ciddi bir şeyim yoxdur. Bu gün işimiz çox oldu, həm də soyuq su içmişəm, boğazım ağrıyır, keçib gedər deyim“ vəziyyətdən çıxdım. Üç –dörd gün işə çıxmadım. Şahin zəng eləməsəydi, bəlkə də bir neçə gün də çıxmayacaqdım. Zəng edib, gəldiyini bildirdi. Mən də bir-neçə gündür ki, işə çıxmıram, bir balaca xəstələnmişdim. İndi düzəlmişəm, səhər çıxacam, görüşərik, deyib sağollaşdım.
Bir neçə gün işə pərişan halda gedib gəldim. Şahin də narahat idi.
Xəstələnməyimlə əlaqədərdi, keçib gedər, dedim.
Heç özümə yer tapa bimirdim. Çox fikirləşirdim. İndən sonra kimə gərək idim, Şahinəmi, o ilanamı, yoxsa qara torpağamı. O ilan mənə ömürlük bir ləkə vurmuşdu. O ləkəni heç nə ilə təmizləmək mümkün deyildi. Bircə yaşamağımın səbəbi ondan intiqamımı almaq idi. Sonrasını heç özüm də bilmirdim.
O gündən sonra, ürəkdən olmasa da, Şahindən uzaq olmağa çalışırdım. Vicdan əzabı çəkirdim, Şahinin üzünə baxa bilmirdim. Aramızda soyuqluq yaranmasını istəyirdim .Bu işin belə bitməyi daha yaxşı olardı. Mən bu məsələni ona necə deyəcəkdim. Bilirdim ki, Şahin bu məsələyə soyuqanlı yanaşmayacaqdı. Qorxurdum əlim qana bata. Öz talehimlə onun da talehini qara etmək istəmirdim, özümün ,onunla bir yastığa baş qoymağımı, vicdanım qəbul edə bilməzdi.
Münasibətimizin bitməsini istəyirdim. Özümlə baş-başa qalıb, bir yol aramalıydım. Ona görə də, ya işə gəlmirdim, ya da gec gəlib, tez aradan çıxırdım. Həm də, o ilanı görmək istəmirdim.
Bir müddət beləcə davam etdik. Yenə də işdən tez çıxmaq fikrim var idi. Hazırlaşırdım ki, Şahinin başımın üstünü kəsdiyini gördüm.
- Hə qaçaq, nə qədər qaçacaqsan, indi qaçanmayacaqsan, birgə çıxacağıq, sənə şad xəbərim var.
Bu günləri evə yox, başqa bir yerə gedərik ,səni neçə vaxtdır əməlli-başlı görə bilmirəm. Məndə yorulmuşam, deyirəm bir tərəfə çəkilək, bir az eynimiz açılsın.
Razılaşdıq, dəniz kənarındakı fəvvarələr restoranına getdik. Şahinlə bir yana çıxanda birinci dəfə idi ki, özümü yaxşı hiss eləmirdim. Özümü onun yanında bir alçaq qadın kimi görürdüm.
- Sənə bir şad xəbərim var: ev aldım, muştuluğu səndə.
- Mən də onu təbrik elədim.
Sağ olsunlar, özüm pul toplamışdım, üstünü də rayondan düzəltdilər.
İçərim qan ağlasa da, üzdən sevincək görünməyə çalışırdım. İstəmirdim bu an, xırda bir hərəkətimdə, Şahinin xətrinə dəysin. Mənim də ən böyük arzum idi, bu anın, sevincini yaşamaq. Nə olsun ki, onun arzularında, ondan xəbərsiz, bir irinli çiban kimiyəm!
O axşam evə qayıdanda gecədən xeyli keçmişdi. Evdə Şahinlə bir yerdə olduğumu bildirdim, ev almışdı, onu qeyd edirdik. Onlar da mənə gözaydınlığı verdilər. Elə bilirdim onlar mənə göz aydınlığı vermirdilər, dünyanın ən pis söyüşünü söyürdülər.
Mən səhəri günü işə gec getmişdim. İşə çatanda aləm bir-birinə qarışmışdı. İş yoldaşlarım dedilər ki, şirkətdə külli miqdarda maliyyə problemi yaranıb. Araşdırma aparılır.
Şahinlə, İntiqam arasında da soyuqluq hiss olunurdu. Bir neçə gündən sonra araşdırma aparmaq üçün Şahin Türkiyəyə və Rusiyaya getməli oldu. İntiqam gic qoyun kimi ortalıqda firlanırdı.
Yenə də mənə yaxınlaşmaq, nə isə demək istəyirdi. İşdən çıxanda üz-üzə gəldik. Dik gözlərinin içinə baxaraq sözlü adama oxşayırsan?
- Bəli, sözüm var!
- Sözünü de!
- Bilmirsənsə gəl kabinetə, bilərsən!
Kabinetə keçdim.
- Sözünü de!
- Bilirsən sənin nişanlın nə oyunlardan çıxıb. Bu boyda şirkəti ona etibar etmişəm, nəticədə ortaya nə qədər maliyyə çatışmamazlığı çıxıb. Qoy araşdırsın! Onsuz da bir şey çıxan deyil .Onu türməyə saldırmaq mənim əlimdə su içimi kimi bir şeydir. Amma, onu sən xilas edə bilərsən, onun talehi sənin əlindədir.
- Necə?
- Gərək razılıq verəsən!
- Nəyə?
- Yaxşı bir yerdə görüşməyə razılıq verəsən, yoxsa sənin məhəbbətinə qurban gedəcək .Düşün, nə vaxt istəsən qulluğunda hazıram.
- “Alçaq ilan” deyib, üzünə bir sillə çəkdim.
- Nə deyirsən de, sonra özün yalvaracaqsan!
Qapını möhkəm vurub çıxdım. Birbaşa evə gəldim. Yaxşı ki, evdə heç kəs yox idi. Otağıma keçib yerimə uzandım. Artıq bu ilanın məqsədini anladım. Mənə görə Şahinə tələ qurub. Yazıq Şahin haradan başa düşə bilərdi! Yox, mən istəmərəm Şahin mənə görə, heç nədən xəbərsiz, bu qədər əziyyət çəksin. Mütləq intiqamımı almalıyam. Səhərə qədər ilan vuran yatdı, mən yatmadım. Elə bil yerimə qor dolmuşdu, yerimdə eşələnirdim. İlk yadıma düşən atamın tapançası oldu. Onu mütləq gəbərtməliyəm. Elə bil bir az rahatlandım.
Yaxşı ki, atamgili, yaxın dostu, uzaq rayonda ailəlikcə toya dəvət etmişdilər. Hamımız getməli idik. Mən xəstə olduğumu bildirib, getməyəcəyim dedim. Yol uzaq olduğundan sübh tezdən çıxdılar. Bu mənim üçün göydən düşmə oldu. Atamgil çıxandan sonra gedib silahı götürdüm. O yanına, bu yanına baxdım. Yox, onsuz da atamın başı bəlada olacaq, silaha görə də əlavə bir bəla gətirməyim. Birdə ki, bu ölüm onun üçün şərəfli bir ölüm olar! O, məni rüsvay edib, mən onun başına elə bir rüsvayçıliq gətirəcəm ki, o ölənə kimi bu rüsvayçılıqdan qurtula bilməyəcək!
Ən yaxşısı onu sünnət etməkdir, dibindən, tərtəmiz! Görünür müsəlman sünnəti onu nə müsəlman, nə də insan edə bilməyib. Mən ona”intiqam sünnəti” edəcəm. İntiqama ”intiqam sünnəti“ edib, sonra da təcili tibbi yardımı çağırmaq idi fikrim, qoy ölməsin. Beləcə yaşasın, məni tam qane edirdi, belə yaşamağı. Gedib aptekdən bir cərrah neştəri aldım. Artıq mən, hər şeyə hazır idim. Bircə vaxtı gözləyirdim ki, saat 9-10 olsun, ona zəng edib ,onunla görüşməyə razı olduğumu deyim. Elə bil vaxtda donmuşdu, saatın əqrəbləri irəli getmirdi.
Saat 10-na qalmış ona zəng etdim.
- Sabahınız xeyir, İntiqam müəllim, mənəm Sevda!
- Çox sağ ol ,gözəlçə sən necəsən, deyəsən ağıllanmısan? ha.. ha.. ha..
- Hə, İntiqam müəllim, istəmirəm, mənə görə Şahinə pislik olunsun, nə vaxt istəsəniz görüşə bilərik!
- Həəə, gözəlçə bu yenillik oldu, təzə yenilik, amma, bu gün vaxtım yoxdu, bəlkə sonraya qalsın.
-Yox, yox İntiqam müəllim, həm evdə heç kim yoxdur, həm də Şahində burda deyil, yaxşı vaxtdır.
- Yaxşı, onda, gərək özün gələsən, mənim səni götürməyə vaxtım olmayacaq, işim var, bir taksi tutub gələrsən, qoruxma, pulunu artıqlaması ilə verəcəm. Mərdəkana gələrsən, Aslan Zamanov küçəsi 13, Arzu şadlıq evinin arxası, kimdən soruşsan deyərlər.
Axşam saat 5-də gözləyirəm, birdən alladarsan ha? ha ..ha....ha
Danışdıqdan sonra özümdə bir az rahatlıq tapdım. İntzarla vaxtı gözləyirdim.
- Bəli,”İlan” bu yenilik oldu. Özü də təp-təzə yenilik olacaq, qatı açılmamış. Mən daha sənin üçün təzə yenilik deyiləm, artıq köhnəlirəm, səni unamadığın bir yenilik gözləyir. Ömür boyu səni tərk etməyəcək, bu yenilik.
Saat 5-ə qalmış dediyi ünvana çatdım. Həyəcandan tir-tir əsirdim. Qorxub –çəkinmə nə idi bilmirdim. Artıq mənimki qorxmaqdan-çəkinməkdən keçmişdi. Darvazanın zəngini basdım. Səs-soraq çıxmadı, qapını itələyəndə açıldı. İçəri keçdim, heç kəs gözümə dəymədi. Pilləkənlərlə yuxarı qalxdım. İkinci mərtəbəni qalxanda yeməklərin ətri məni vurdu. Demək, ”alçaq ilan“ “kef-damaq məclisi” qurub. Otağa girəndə stolun üstü müxtəlif cür yemək və içkilərlə bəzədilmişdi. Otaqda heç kəsi görmədim. Elə bildim yenə meymunluq edir. Stolun baş tərəfinə boylandım, onu yerə sərilmiş gördüm. Ağzından qan axıb döşəmənin üstə tökülmüşdü. Qanın döşəmənin üzərində qurumasından hiss olunurdu ki, çoxdan ölüb.
Bir anlıq xəyala getdim, demək bu ilan çox insanların həyatını zəhərləyib! Geri dönüb çıxmaq istədim, ayaqlarım sözümə baxmırdı. Elə bil döşəməyə pərçimlənmişdi. Bu an, gözüm stolun üstündə ki, şəkilə sataşdı. İlan şəkli çəkilib, baş hissəsinə bu alçağın başı çəkilmişdi. Şəkilin alt hissəsindən böyük və rəngli hərflərlə yazılmışdı! ZƏHƏRLƏNMİŞ İLAN...

Комментариев нет:

Отправить комментарий