30.09.2012

Əbuhəfs Sührəvərdi

sufizm_1624Əbuhəfs Sührəvərdi sufi nəzəriyyəçisi, hüqüuüşünas, ictimai-siyasi xadimdir. O, 1145-ci ildə Zəncan yaxınlığındakı Sührəvərd şəhərində doğulub. Ə.Sührəvərdinin müəllimi, qadiriyyə sufi ordeninin banisi Əbdülqadir Cili şagirdinin gələcəyinə böyük ümid bəsləyərək, ona “sən İraqda məşhurların axırıncısısan” demişdi.
Bağdadda baş şeyx rütbəsini tutmuş, xilafətə səfirlik etmiş Ə.Sührəvərdi varid olduğu yerlərdə böyük təntənə ilə qarşılanırmış. İbn Bibi onun Kiçik Asiyaya gəlməsini təsvir edərkən yazır ki, səfirin Aqsaraya yetişdiyini eşidəndə Sultan Əlaəddin sufilər, əxilər və fütüvvə sahibləri ilə birlikdə onu qarşılamağa çıxdı. Sultan Sührəvərdi ilə görüşərkən onun əlini öpdü. Sultan Əlaəddin Şeyx Sührəvərdinin hədiyyəsi olan bəzədilmiş qızıl nallı qatırın dırnağından öpdü. Şəmsəddin Əhməd Əflakinin verdiyi məlumata görə, Şeyx Sührəvərdinin Konyada qəbulu epizodu maraqlıdır. Azərbaycan filosofu ilə Cəlaləddin Ruminin atası, o dövrün tanınmış siyasi xadimi Bəhaəddin Vələd (... - 1231) arasındakı münasibətə xüsusi diqqət yetirilir.
Tarixçi yazır: “Xəlifə tapşırığını çatdırdıqdan sonra Bəhaəddin Vələd şeyxə böyük ehtiram göstərdi, ona dedi ki, sührəvərdilər həm ətiq şeyləri sevəndirlər, həm də bizə yaxın qohumdurlar.” Bəhaəddin Vələd səltənət adından sührəvərdilərə yaxın qohum olduqlarını deyərkən, şübhəsiz, onların türk, daha doğrusu, azərbnaycanlı olduqlarına işarə etmişdi. Ə.Sührəvərdi ömrünün son çağlarında kor olmuş, 1234-cü ilin sentyabrında Bağdadda vəfat etmişdir, Vərdiyyə məzarlığında dəfn edilmişdir.
“Biliklərin töhfələri” onun ən məşhur və böyük əsəridir. Fuad Körpülünün “Türk ədəbiyyatında ilk təsəvvüflər” əsərində “Biliklərin töhfələri” kitabı “mükəmməl bir əxlaqi-sufiyyə məcmusu” adlandırılır. Dünyanın bir çox kitabxanalarında, həmçinin Özbəkistan EA Biruni adına Şərqşünaslıq İnstitutunun Əlyazmaları Fondunda bu əsərin müxtəlif əlyazmaları saxlanılır. “İman nəsihətlərinin inşası” Qota, Brusa, İstanbul, Tehran və digər kitabxanalarda mövcuddur. Sührəvərdiyyə sufi ordeni yalnız ərəb ölkələri, Kiçk Asiya, Azərbaycan, İran, Orta Asiyada deyil, habelə Hindistanda geniş yayılıb. Maraqlıdır ki, Ə.Sührəvərdini yaxından tanıyan tarixçi İbn Bibi onu “zamanın Əbuyazidi” və “İkinci Cüneyd” adlandırıb.
Sufi təlimi: Onun əsərləri sufizmin mötədil qolunu öyrənmək üçün qiymətli mənbədir. Sührəvərdi sufilərin təbiətini, daxili aləmini onların geyimləri, zahiri cəhətləri ilə əlaqələndirib: “Ad onların əlaməti, Allaha görə elm onların sifəti, ibadət onların bəzəyi, möminlik onların şüarı və haqqın həqiqətləri onların sirləridir.” O bildirir ki, onun zamanında yundan qaba paltar geyinməyənlər sufi sayılmayıblar. Sufi terminini mənşəcə ərəb dilinə mənsub sayan filosof bir fikir cərəyanı kimi də onun İslam dini zəminində yarandığını söyləyib.
Şihabəddin Ömər Sührəvərdi türbəsi.jpgTəsəvvüf yolçusu mistik özünükamilləşdirmə prosesində hər şeydən əvvəl öz nəfsini paklaşdırmalıdır. Ə.Sührəvərdinin əqlə əhəmiyyət verməsi onun sufizm təliminin məziyyətlərindəndir. “Biliklərin tövhələri” kitabında “tövbə”, “zühd”, “ehtiyatkarlıq”, “fəqirlik”, “səbr”, “razılıq” və s. Məqamların şərhi üzərində geniş dayanılır. Bu terminlər Qurandan götürülmüş olsa da, sufilər, xüsusən ifrat sufilər onları başqa mənada təsvir etmişlər. Məsələn, əgər şəriətdə tövbə günahı boynuna almağı, onu təkrarlamamaq arzusunu bildirirsə, təsəvvüfdə tövbə bütün əlavə işlərdən, son nəticədə Allahdan savayı hər şeydən tövbə etməkdir, çünki sufilərin nəzərində təsdiq edilən yeganə gerçəklik Allahdır.
Ə.Sührəvərdinin sufi təlimi Əbuhamid Qəzalinin sufi təliminə çox yaxındır. Hər iki təsəvvüf yolçusu hallar və məqamlar silsiləsində mistik özünükamilləşdirmədən sonra mütləq heçliyə varmaqla haqqa qovuşur. Qəzali kimi Sührəvərdi də təsəvvüfdə panteist təsəvvürü inkar etmişdir. Mütəfəkkir iddia edirdi ki, Əbuyazid Bistami “Sübhanallah!” (Allaha şükür) əvəzinə “Sübhani!” (Mənə şükür) və Həllac, “Ənə əl həqq” (Mən haqqam) deyərkən özlərini deyil, təkcə Allahı nəzərdə tutmuşlar.
İdrak təlimi: Sufilərin qnoseologiyası onların ontologiyası ilə sıx bağlıdır. Sufilər şəriət, təriqət, həqiqət mərhələlərinə uyğun olaraq idrakın yəqinliyin elmi, yəqinliyin eyni və yəqinliyin həqiqəti kimi üç mərhələsini fərqləndirib. Yəqinliyin elmi eşidib öyrənməklə, yəqinliyin eyni görüb anlamaqla, yəqinliyin həqiqəti isə həqiqəti dərk etmək üçün həqiqətə qovuşmaqdır.
Əsərləri: “Bilikərin töfhələri”, “İman nəsihətlərinin inşası və yunan qəbahətlərinin ifşası”, “Sührəvərdi vəsiyyətləri” və s.

oxu.blogspot.com

Комментариев нет:

Отправить комментарий