28.09.2012

Tənhalıq bilirsiniz nədir?

Günel Eyvazlı

Tənhalıq - zaman qatarına oturmaqdı. Yol boyu pəncərədə öz əksini görməkdir. Soyuğunda isinməkdir.
İztirabın girabında qovrulmaq. Yolun kələ-kötöründə yorulmaq. Öz gözündə bu yolları qayçılayıb. Qısaltmaqdır.
Təbiətin böyüklüyünə həsəd aparmaq. Dənizin ləpələrinin sahil boyu toxunmasına qısqanmaqdır.
Həyatı , səhnə bilib, tamaşa bilib oynamaq. Söz, söhbətdən zireh geyib, qorunmaq.
Yalançı ümidlərdən kəfən geyinməkdi, tənhalıq. Bu ümidlər bataqlıqdır, bataqlıq.
Boşluqlara toxunmaq, tənha insanların peşəsidir. Ürəkləri ən sevimli guşəsidir.
Sevilmək dilərlər hər gecə, Allahdan. Usanmazlar, inanmaqdan.

Şairləri bir başqa cür olur tənhalığın. Tamam başqa.
Ağlamaq var, yastıq alta.
Heç kim səsini duymamalıdır bu hıçqırtının. Buz yataqdan oyanmaq var, qələm götürüb qəlbindəki ağırlığı kağız üstə boşaltmaq var. Ağlamaq var, ağlamaq var.
Hamının üzünə gülərüz çıxmaq. Büdrəyərkən, yıxılmamaq. Gözəl görünmək. Nadanların  qarşısında əyilməmək.
Şeirlərin dodaqlarda gəzincə, əzbərlənincə, yaxınların arasında “Səninlə fəxr edirik” kəlməsinidən qürur hissi keçirmək.
Səsli, küylü məclislərdən, kitab mərasimlərindən tənginəfəs evə çatmaq.
Yorulmaq.
Ayna qarşısında saçlarına sığal vermək, tumarlamaq, toxunmaq.
Evdə qayğıkeş ana, qayğıkeş övlad rolunu oynamaq.
Sonra yenə zaman qatarına əyləşib, növbəti dayanacağa yollanmaq. Yenə pəncərə qarşısında öz əksini görmək .
Ağlamaq.

Комментариев нет:

Отправить комментарий