Bu kəskinsüjetli detektiv əsər müəllifin yaradıcı təxəyyülünün məhsulu sayılır. Romanda təsvir edilən hadisələr, ədəbi surətlərin adları, məkan, eləcə də başqa cəhətlər həyatda və reallıqdakılarla üst-üstə düşməsi istisna olunmur. Belə hallarda yazıçı milli qanunvericilik, ayrı-ayrı fərd, eləcə də rəsmi qurumların qarşısında heç bir məsuliyyət daşımadığını bəri başdan bəyan edir...
11
– Təcili Yardım maşınını göndərin, Abbas Abdullayevin vəziyyəti ağırdır! – Telefonda bərkdən qışqıran İsa Abdullayev böyük həyəcan keçirirdi.
Növbətçi həkim həyəcanla “Bu dəqiqə!” – deyib telefon dəstəyindəki uzun uğultunu dinləməmək üçün onu yerindən asdı.
Təqribən qırx dəqiqə keçdikdən sonra Abbas Abdullayevi 2 saylı palataya yerləşdirdilər.
“Abbas Abdullayevin vəziyyəti sabitdir!” – deyə köməkçi həkim ailə üzvlərinə təmkinli olmalarını tapşırdı.
Klinikada Abbas Abdullayevdən sonra gələn yaralının aqibəti gecə yarısı növbəyə çağrılan bütün həkimləri maraqlandırırdı. Reanimasiya şöbəsindən çıxan həkimi vahimə bürümüşdü. Öz-özünə deyirdi:
– Təcili polis çağırmaq lazımdır. Belə cəza mən hələ görməmişəm. Adam bir yerdən mənə tanış gəlir, amma siması itib, tanımaq olmur.
Gecə saat dördü göstərirdi. Reanimasiyadan çıxan baş həkim təəssüflə bildirdi: “Xəstənin həyatını qurtara bilmədim!”
Həkim həyəcanlı halda bir əlilə alnının tərini siləndən sonra telefon dəstəyini götürüb ərazidəki polis bölməsinin nömrəsini yığdı.
– Dəhşətli bir qətl hadisəsi baş verib. Mərhumu damğalayıblar...
Baş leytenant kiminlə danışdığını soruşanda həkim klinikanın ünvanını dedi, sonra isə leytenantın boşboğazlıq etdiyini duyub dəstəyi asdı.
***
Baş leytenant:
– Cəhənnəm olun başımdan, ölmüş adamın işini mənə yük etmək istəyirlər, – deyib telefon dəstəyinə bir az baxandan sonra divardan asdı.
12
Günəş tam çıxmamışdı. Buludlar kölgəsini şəhərin mərkəzi küçəsində gəzişən insanların üzərinə salmışdı. Skot tam kölgə salmış ağacın dibinə yaxınlaşıb mobil telefon ilə harasa zəng etdi.
– Alo!– deyən Lara yuxudan yeni ayıldığını sübut etmək üçün əsnədi.
– Bağışla, narahat etdim. Heç bu vaxta qədər yatmaq olar? – Skot ərklə ondan soruşub güldü.
– Gecə saat beşə kimi işləmişik. Saat üçdə da klinikadan bir məlumat gəldi. Abbas Abdullayevi təcili yardım maşını ilə klinikaya çatdırıblar.
– Ölüb? – Skot çaşqın halda soruşdu.
– Yox, ölməyib, – Lara yataqdan ayağa qalxdı. Saçını arxaya, sonra isə qabağa yelləyib ayaqyoluna tərəf yeridi. – Daha sonra qəribə bir xəbər də daxil oldu. Həmin klinikaya müəmmalı bir adam meyiti gətirilib.
Skot bu günün gözəl olduğunu düşünürdü. Deyəsən, bu heç də belə olmayacaqdı.
– Davam et, – deyən Skot əlini söykədiyi ağacın qabığından bir parça qopartdı.
– Adamı, polis bölməsi öz boynundan atıb.
– Başa düşmədim, necə yəni öz boynundan atıb? – Skot tərəddüdlə soruşdu.
– Növbətçi polis əməkdaşı klinikanın həkiminə gəlməyəcəklərini bildirib. Özün fikirləş, naməlum ölünü kim öhdəsinə götürər?
– Sizdən kimsə gedib meyitə baxıb? – Skot tez soruşdu.
– İki əməkdaşımız orada olub. Müəmmalı cinayət işinə oxşayır. Meyiti ekspertizaya yollayıblar. Əməkdaşlarımız da ekspert rəyini gözləyir. Onun alnını damğalayaraq nəsə yazıblar. Həm də dili damğalanıb. Kimliyi də məlum deyil.
– Meyiti klinikaya kim aparıb? Başa düşə bilmirəm ki, hansı axmaq meyiti klinikaya aparıb. Məncə, belə vəziyyətdə kim elə bir hadisə ilə rastlaşsa, qaçıb aradan çıxar...
Lara gülüb dedi:
– Düz deyirsən, amma bu adamın özünün də ağlı başında olmayıb. Cəsədi klinikaya aparan naməlum şəxs narkomandır. Əməkdaşımız o adamı dindirəndə şəxsən özüm gözləmə kamerasında onun danışığını dinləmişəm. Dediyinə görə, hallı deyilmiş, evə gələndə bir ağacın dibində onu görüb, yaralı xırıldayırmış. Yaxınlıqda yerləşən klinikanın əlaqə nömrələrini bildiyi üçün dərhal klinikaya zəng vurub. Gecə növbədə olan həkimə telefonla məlumat verib. Baş həkim də öz növbəsində: “Biz sərxoşları klinikaya gecələr toplamırıq!” – deyərək narkomana rədd cavabı verib. Həkimin rədd cavabından sonra o, yaralını kürəyinə alıb klinikaya çatdırıb. Narkoman klinikanın gecə gözətçisini təqsirkar bilir. Onu iyirmi dəqiqəyə yaxın klinikanın qapısının ağzında gözlətdirib, dilinə, daha doğrusu, alnına baxandan sonra təcili yardım əməkdaşlarını köməyə çağırıb.
– Dedin hansı ağacın altından tapıb yaralını?
– Hə, ağacın altından, köhnənin narkomanı sayılan bu şəxs ağacın adını da dedi. Yanılmıramsa, “Akasiya”...
– Nə? – Telefonda çığıran Skot ətrafına nəzər saldı. Yanından ötən iki xanım ona diqqətlə baxıb öz aralarında pıçıldaşdılar.
Skot dünəndən bəri bir qaranlıq zirzəminin ətrafında dolaşırdı. Amma bu zirzəmiyə girmək o qədər çətin idi ki...
Xəttin o başından Lara “Nə olub?” – soruşandan sonra Skot özünə gələ bildi.
– Lara, mən cəsədə mütləq baxmalıyam. – Skot bildirdi.
– Sənə nə oldu? – Lara təəccüblə soruşdu.
– Heç bir şey, mən cəsədə baxmalıyam. Adamın kimliyi açıqlanmadan cəsədə mütləq baxmalıyam. Bir də Abbas Abdullayev nəyə görə klinikadadır? Heç bu barədə səndən geniş soruşmadım.
– Vəziyyəti birdən-birə ağırlaşıb.
– Nə isə, Lara biz görüşməliyik. Sənə bir əmanət verəcəyəm. Mütləq görüşək.
– Harada olduğunu de, mən özüm ora gələrəm.
Skot ona harada olduğunu deyəndən sonra telefonu söndürdü.
13
Maraqlı bir aparatın qarşısında bir neçə gənc toplaşmışdı. Onlar öz güclərini sınayırdılar. Biri özünü az qala boksçu Mayk Tayson sayırdı. Əlilə “çəkilin, çəkilin” işarəsi verib yumruğunun gücünü yoxlamaq üçün həmin aparatın qutusundan asılan döşəkçəyə zərbəsini endirdi.
– Güclü zərbədir, – düşünən Skotun fikri axşam keçiriləcək oyunda qalmışdı. Hər il İngiltərədə futbol üzrə krallığın əsas birinciliyi – “Premier League” başlamamışdan əvvəl ölkə çempionu ilə “FA” - Federasiya kuboku sahibi arasında gərgin qarşılaşma keçirilirdi. “Community Shield” adlanan bu final həyacanı bu gün yaşanılacaqdı yenə. “Mançester Yunayted” azarkeşi olan Skot sevimli komandasının “düşməni” sayılan “Çelsi”ni güclü rəqib hesab etmirdi.
“McDonalds” kafesinin qarşısında “Məzdəkə” rəqsi oynayan qıza, tamaşa edən bir neçə oğlan əyilib ona dəstək verirdi. Bu dəstək isə yalnız əl çalmaqla kifayətlənmirdi. Onlar fitlə qızı oynadırdılar. Qısa ətək geyinən qız öz işinin öhdəsindən ustalıqla gəlirdi.
Skot onların yanından ötüb keçdi. Onun fikri bir neçə yerə dağılmışdı. Əsasən şəhərin meri barədə düşünürdü. Laranın telefonda söylədiyi məlumat yadına düşdü: “...Sonuncu dəfə onun telefonunun siqnalı şəhərin mərkəzi küçələrindən birində, banka yaxın hazırda bağlı olan katolik kilsəsinin yanında kəsildiyi bildirilir...”
Bu məlumatı dünən Abbas Abdullayevlə görüşdüyü vaxtda Lara telefonda ona demişdi. Həmin yer bura idi: katolik kilsə binasının yanı. Skot ətrafı dolaşmağa başladı. Kilsənin bir tərəfindən giriş qapısı daşla hörülüb bağlanmışdı. Kilsənin həyətinə girmək mümkün deyildi. Hər tərəf dəmirdən çəpərlə örtülü idi. Binanın bir hissəsinə “graffiti” rəsmlər çəkilmişdi. Sülhü dəstəkləyən loqolara, rep fenomenlərinin, futbol klublarının adlarına da rast gəlmək mümkün idi. Kilsənin arxa tərəfi, ön hissəsinə baxdıqda, olduqca müasir idi.
Skot kilsənin müasir hissəsinə daxil oldu. Bura kitabxana idi. İçəri olduqca gözəl əl işləri ilə bəzədilmişdi. Taxta parketdən döşəmə, tavanda ulduza bənzər əl işləri, divara söykənmiş kitab rəfləri daxildəki salona xüsusi gözəllik verirdi. Skot kitabxananın daxili qapısından keçib başqa bir ünvanla tanış oldu. Burada Azərbaycan folklorunun inciləri, musiqi alətləri suvenir şəklində satılırdı. Xarici ölkələrin sənət əsərlərinə də rast gəlmək mümkün idi. Onların arasında dünya şöhrətli rəssamların – Rafael Santinin rəsm əsərlərinin, Pikassonun sənət nümunələrinin, eləcə də başqa maraqlı rəsm əsərlərinin surətlərini görmək olardı.
Skot satıcıya binanın tarixi barədə sualı yalnız bir-iki əntiq əşyanın qiymətini soruşduqdan sonra verə bildi. Kişi eynəyini çıxarıb dedi:
– Bu binaya Maarifçi Qriqori kilsəsi deyirlər. Əvvəllər bura kilsə kimi fəaliyyət göstərib. Şəhərimizdə yaşayan ruslar və müsəlman olmayan başqa millətlər bura gəlib ibadətlərini edərmişlər.
– Bəs indi niyə bağlıdır bura? – sualını Skot verə bilmədi. Çünki bu xüsusi əhəmiyyətli bir suala çevriləcəkdi. Skot onu maraqlandıran bu məsələni başqa bir sualla əvəzlədi:
– Buranın açılacağı barədə hansısa məlumat var?
– Biz eşitməmişik, – kişi bildirdi...
– Çox sağ olun! – deyə az qala satıcının sözünü yarıda kəsən Skot binadan çıxdı.
Ətrafı dolanmağa başladı. Kilsənin arxa hissəsində “Beynəlxalq Bank” adını daşıyan yaraşıqlı bina ucalırdı. Skot kilsəyə sağ tərəfdən yanaşdı. Bir kişini yenidən söhbətə tutdu. Kişi yaşlı deyildi. O hər sözünün əvvəlində “Üzr istəyirəm!” – deyib özünü alicənab kimi göstərmək istəyirdi. Özünü turist kimi tanıdan Skot bu tarixi abidəyə giriş olub, yaxud olmadığını soruşanda kişi belə cavab verdi:
– Bura çoxdandır ki bağlıdır. Buranı erməni əclaf Mantaşov tikdirib deyirlər.
Kişi sonuncu cümləsinin axırında da “Üzr istəyirəm!” – dedi.
Skot başını yelləyib ayaqlarını bir addım qabağa atdı. Kişi arxasını çevirib yoluna düzəldi.
Skot binanın ətrafında xeyli dolaşandan sonra gözü bir yerə sataşdı. Bura kilsənin yan tərəfindən artırma idi. Onun damında kilsənin dəmirdən iri zəngi asılmışdı. Kilsə zəngi ilə yanaşı divara bir işarə vurulmuşdu. Skot dayanıb xeyli o işarəyə baxdı. Bu ulduz işarəsi idi. Telefonunun kamerasını işə salıb bir neçə dəfə ulduzun şəklini çəkdi.
Buranı Skotu neçə vaxt idi narahat edən qaranlıq zirzəminin giriş qapısı da saymaq olardı...
14
Hava Limanı.
Stüardessanın verdiyi məlumat üç dildə – azərbaycanca, rusca və ingiliscə təkrarlandı:
– Türkiyəyə uçan təyyarə saat 17:00-da minik yekunlaşır...
Telefonu açıb “Buyurun!” deyərək söhbətini davam etdirən naməlum adamın arxasındakı mühafizəçilərindən biri yüyürərək onların yanından ötən, qulağına pirsing əməliyyatı etdirən, cavan oğlanı sərt hərəkətlə gözləmə zalındakı oturacaqlarının üstünə uzatdı. Oğlan var-gücünü toplayıb ayağa qalxmaq istədi, amma bacarmadı...
Ortaboylu naməlum adamın yüksək zövqə malik olması açıq-aydın görünürdü. Əlində çamadanı var idi. Əynində qara rəngli “Lacoste” markalı qolsuz köynək, çox enli olmayan açıq mavi rəngli ipək “U.S.Polo” markalı cins şalvar var idi. Telefonla danışan naməlum adam sakitcə “hə və yox” sözlərini təkrar edirdi. Qarşı tərəfdən gələn səsin yalnız uyultusu eşidilirdi.
Naməlum adam:
– Siz indi yola düşürsüz? Mən saat altıda yola düşəcəyəm, ətraflı söhbət edərik. İşi həmin adama tapşırmışdım. Bu dəfə bir az işini yüngül bilib yaxşı tamamlamayıb. Amma nəticə biz istədiyimiz kimi alınıb. Sonuncu dəfə olacaq, özüm söz verirəm. Bir də belə hal baş verməyəcək. Adamı xəstəxanaya çatdırıblar. Amma həkimlər həyatını qurtara bilməyiblər. Sizinlə çatan kimi əlaqə yaradacağam.
Telefon söndürüldü. Naməlum adam telefonun qapağını bağlayandan sonra dərindən “oh” deyə bildi.
Polis əməkdaşı mühafizəçilərə yaxınlaşıb bir az əvvəl oturacağın üstünə itələdikləri şəxs haqqında nəsə bildirmək istəyəndə, naməlum adam adamlarına bildirdi: “Onu yaxşı yola salın!”
O yaxınlaşıb oturacaqların birində əyləşdi. Mühafizəçilərdən biri iri hərflərlə “NO SMOKING” yazılmış siqaret çəkməyin qadağan olunduğu lövhəni naməlum adama göstərdi.
– Biz həmişə qaydalara riayət edirik, – söylədi və öz növbəsində yenicə yandırıdğı siqareti söndürdü. Sol qolundakı “Swatch” markalı saat səs etdi. Saat 17:50-ni göstərirdi.
– Gedə bilərik, – deyib hazırlaşdı.
10 dəqiqə keçdi. Saat 18:00. Bakı – Türkiyə reysindəki “Boing – 8” sərnişin təyyarəsi havaya qalxdı. Naməlum adam təyyarənin kiçik pəncərəsindən Xəzər dənizinin sahillərini seyr etdi.
15
Klinika xadiməçiləri Abbas Abdullayevin yatağını hazırlayıb, otağın hava təmizləyicisini işə saldılar.
– Bir xəbər yoxdur? – Abbas Abdullayev soruşdu.
Xəyala dalmış Flora:
– Hə, nə dedin?
Flora yuxudan diksinib ayılan adama bənzəyirdi.
–Yox, bir xəbər yoxdur, – Flora ani verdiyi sualı özü yenidən cavablandırdı.
Bir qədər keçəndən sonra Flora ondan vəziyyətini soruşanda fikri tamam dağınıq idi.
– Özünü necə hiss edirsən?
– Səncə, necə hiss edə bilərəm?
Abbas Abdullayev sərt cavab verdi. Hər iki sual cavabsız qaldı.
16
Axşama doğru əsən şimal küləyi havanın hərarətini zəiflətmişdi. Yolda sürətlə yeriyən ortaboylu, yaraşıqlı gənc qız saçlarını arxaya darayıb yığmışdı. Alnı açıq görünsə də, bu onun gözəlliyinə heç bir təsir göstərmirdi. Qonur gözləri onun simasına xüsusi gözəllik verirdi. Əynində qara parçadan tikilmiş şalvar və ağ qısaqol köynək var idi. Köynəyinin yuxarıdan iki düyməsini açmışdı. Bu da havanın hərarətinin yüksək olmasından irəli gəlirdi. Qız diqqətlə hərəkət edir, ara-bir ətrafına nəzər yetirirdi. Bir qədər iri addımlar atandan sonra kiçik əl çantasından ağ, nəmli salfet-dəsmal çıxartdı. Gözəl qoxusu olan dəsmalla əllərini sildi. Yolun o biri hissəsinə keçən qız şam ağaclarını bol olduğu bağa girdi. Uzaqdan bir nəfərin onu gözlədiyini görürdü. Qız adama yaxınlaşdı.
– Salam, telefonda birdən-birə sənə nə oldu? – deyə soruşan Lara əvvəldən də Skotun fikirli olduğunu bilirdi.
Skot arxaya çevrilib qarşısında dayanan gözəl xanımı yuxarıdan-aşağıya süzdü.
– Yaman gözəl görünürsən. – Skot düşünmədən etiraf etdi.
– Təşəkkür edirəm! – Lara ciddi cavab verdi.
– Ekspertin ünvanını bilirsən? – Skot soruşdu.
– Yox, bilmirəm, amma öyrənə bilərəm.
– Vaxtımız çox azdır, Lara. Sən təcili ünvanı öyrən. Cəsədin kimliyi açıqlanmadan mən ona baxmalıyam.
– Bu dəqiqə orada ekspert rəyini gözləyən bizim əməkdaşlarımız var. Səni, ola bilsin, heç içəri buraxmasınlar.
Sonuncu cümlədən sonra Skot fikrə getdi.
– Darıxma, mən olan yerdə sənə heç kim bir söz deyə bilməz. – Lara onun könlünü almaya çalışdı.
Parkda insanlar qaynaşırdı. Cavan sevgililər əl-ələ, qocalar isə yan-yana dolaşırdı. Qoca bir kişinin səsi aləmi götürmüşdü. Aydın idi ki, onun qulağı ağır eşidirdi. O, müxalifət liderlərinin arxasınca hey deyinirdi. Hazırkı dövlət strukturlarından razı olduğunu yüksək intonnasiya ilə vurğulayırdı. Bir neçə yaşlı onun əvvəllər demoqoq olduğunu düşünürdü. Adətən aparılan müzakirəni bərkdən səsləndirən adamı demoqoq kimi tanıyırlar.
Böyüklər uşaqların fikirlərini müxtəlif əyləncəli oyunlarla qatırdılar. Əlil arabasında dilənçinin dayanmadan eyni sözləri təkrarlamasından şikayətlənən, yanında gözəl xanımı olan cavan oğlan ayağı ilə arabanı aşırdı. Onun bu hərkətinə heç kim münasibət bildirmədi.
Skot bu hərəkətə məəttəl qalmışdı. Arxadan atılan top Laranın ayağına dəydi. Çevrilib baxdıqda bir uşağın ona baxdığını gördü. Uşaq balaca olduğundan qorxudan topa yaxın gələ bilmədi. Lara topu yerdən götürüb ona tərəf aparmaq istəyəndə Skot əlindən topu yerə salıb:
– Bizim vaxtımız məhduddur, – deyib addımlarını sürətləndirdi.
Lara onun bu kobud hərəkətini bəyənmədi. O, yenidən topu yerdən götürüb, uşağa verdi. Sonra Skotun arxasınca yeridi. Arxaya bir dəfə çevriləndən sonra yenidən yoluna davam edən Skot:
– Bax, Lara, sənin mənə köməyin lazımdır, başa düşürsən? Sənin uşaqla vaxt keçirməyinin bu dəqiqə heç yeri yoxdur. Topu mən də götürə bilərdim. Mən də uşağa topu verib onun gözündə yaxşı əmi kimi görsənə bilərdim. Amma mən çox tələsirəm, uşaqla əylənmənin yeri deyil. Məni başa düşürsən?
Skot arxaya çevrildi, Laranın onun arxasınca gəlmədiyini görüb yerində fırlandı. Amma o yox idi.
17
X saylı klinika. Saat 18:00
İsa Abdullayev klinikanın qarşısında dayanan “Range Rover” maşının hazır olmasını köməkçilərə tapşırdı. Abbas Abdullayev artıq özünü yaxşı hiss edirdi. O, işinin çox olduğunu bildirib, təcili sürətdə klinikadan ayrılmaq niyyətində idi. Flora xanım bunun qəti əleyhinəydi. O, Abbas Abdullayevin hələ özünə gəlmədiyini bilirdi. Abbas Abdullayev yataqdan qalxıb oturdu.
– Mən özümü artıq yaxşı hiss edirəm ,– dedi. – Bir hadisə baş versə, həkim gəlib evdə müayinə edər. Mən təcili olaraq o adamla görüşməliyəm.
– O adam kimdir? – Flora çaşqın halda soruşdu.
Onun Abbas Abdullayevin tutduğu işdən xəbəri yox di.
– MTN-nin xüsusi əməkdaşıdır. İşi ona tapşırmışam. Ondan xəbərsizəm. Bəlkə bir yol tapıb?
Flora bu xəbərə bir az sevinsə də, Abbas Abdullayev yerindən qalxanda özünü pis hiss edəcəyini düşünürdü. Bu belə olmadı. Abbas Abdullayev ayağa qalxıb yeridi.
– Klinikanın qəbzini al, – deyə tələsik Floraya işarə etdi. Başını silkələyib özünü hələ tam rahat hiss etmədiyindən gileylənirdi. Avtomobilə yaxınlaşanda mühafizəçilərdən biri onun qolundan yapışıb maşına oturtdu. Maşın uğuldayıb hərəkət etdi. İsa Abdullayev Flora xanım ilə klinikanın hesabını ödəyəndən sonra şəxsi Mercedes maşınını işə saldı. Yerindən sürətlə hərəkət edən maşının səsi klinikada olanları həyəcanlandırdı. Bir neçə pəncərədən onların arxasınca baxdılar.
(Ardı var)
Комментариев нет:
Отправить комментарий