DGTYB-nin təşkilatçılığı ilə Cəlilabad rayon Mərkəzi Kitabxanasının “Oxu zal”ında Cəlilabadlı yazarlarla görüş keçirilib. Görüşdə ilk öncə Rayon Mədəniyyət və Turizim İdarəsinin müdiri İsa Allahverdiyev qonaqları salamlayıb və tədbirin aparıcılığı üçün sözü Cəlilabadda yaşayan şair Əlirza Həsrətə verib. Əlirza Həsrət qonaqlara Cəlilabaddakı çağdaş ədəbi mühit haqqında geniş bilgi verib.
Sonra DGTYB başqanı Əkbər Qoşalı bölgələrdə yazıçılarla keçirilən silsilə görüşlərin məqsəd və məramı haqqında ətraflı çıxış edib. O, Gənclər və İdman Nazirliyi tərəfindən dəstəklənən layihə çərçivəsində görülmüş və görüləcək işlər barədə danışıb.
Daha sonra rayonda yaşayıb-yaradan yazarlardan Böyükxan Bağırlı, Meyxoş Abdullah, Ədalət Salman, Bilal Alarlı, Asif Həsənli, Sakit Orduxanlı, Mikayıl İncəçaylı, İman Abdulla, Mərkəzi Kitabxananın direktoru Cahangir Muradov və başqaları, eləcə də DGTYB ünmayəndə heyətinin üzvləri – şairlər Fərqanə Mehdi, NURAFİZ, SƏHƏR, Həyat Şəmi, Namiq Hacıheydərli, İbrahim İlyaslı, Faiq Balabəyli və gənc yazar Kənan Aydınoğlu çıxış etdilər, yeni şeirlərindən örnəkləri tədbirə qatılanların diqqətinə çatdırdılar.
Sonda tədbirin aparıcısı şair Əlirza Həsrət yekun çıxışı edərək tədbirə gələnlərə və tədbirin gerçəkləşməsində dəstəyi olanlara təşəkkürünü bildirdi.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə DGTYB tərəfindən gerçəkləşdirilən “Bölgələrdə yaşayan gənc və yeni nəsil yazarları ilə görüşlər” layihəsi bu il avqust ayının 1-dən başlayıb və avqust-sentyabr ayları ərzində Quba, Mingəçevir, Şəki, Qazax, Gəncə və Salyanda müvafiq görüşlər keçirilmiş, bölgələrdə mövcud olan ədəbi mühit, gənc yazarların problemləri, yaradıcı axtarışları, uğurları və s. barədə fikir mübadiləsi aparılmışdır.
Layihənin yekun tədbirinin dekabrda Bakıda – Azərbaycan Gənclərə Yardım Fondunun Konfrans Salonunda keçirilməsi nəzərdə tutulub. Həmin tədbirdə bölgə gənc və yeni nəsil yazarlarının şeir, hekayə, esse və məqalələrinin toplandığı “Almanax” da oxuculara təqdim ediləcəkdir.
Комментариев нет:
Отправить комментарий