Fəsillərin qızılı olan Payız fəsli idi. Hava küləkli, tez-tez yağışlı olurdu. Qar buludların arasından süzülərək yerə necə səpələnirdisə, küləyin ağuşuna bürünən ağacın yarpaqları da qar kimi yellənə-yellənə yerə düşür, bir yedən başqa yerə süzülürdü. Strasbourgun küçələrində gənc cütlüklər qol-qola gəzirdilər, yağış hələ təzə-təzə yağmağa başlamışdı. Buludun çox dolduğu məlum idi, tez-tez ildırım da çaxırdı. Galia küçəsində çayın sahilində iki cütlük çətirin altında yağışdan qoruna-qoruna bərk-bərk qucaqlaşıb sevişirdilər. Yəqin ki, başlarından süzülən nəmli qızıl yarpaqların altında öpüşmək onlara xoşbəxtlik verirdi.
Artıq yağış güclü yağmağa başladı, hər kəs yağışdan qorunacaq yer axtarırdı. Mənsə tramvayı gözləyirdim. Tərslikdən çətirimi götürməmişdim, kənardakı şüşəli telefon kabinesinə girdim, həqiqətən yağış çox şiddətli yağırdı, maşınlar hərəkət edə bilmirdi. Sanki, Tanrının yer üzünə qəzəbi tutmuşdu. Rahiblər belə yağışa həmişə “ Məryəmin göz yaşları “ adlandırıb, şükür oxuyurdular. Bunu mənə rahib dostum Fransua demişdi.
Uzaqdan məni studioya aparacaq tramvay görsənirdi, yağış elə bərk idi ki, sadəcə tramvayın işıqları görsənirdi. Tramvaya mindikdən sonra üstümü təmizləməyə başladım. Tramvay şəhərin tələbələri ilə tam dolmuşdu. Elə girişdə ayaqüstə Cathedrala çatmağımı gözlədim. Tramvay daxilindəki tıxaca görə tələbələrdən birinə nəsə oldusa yerə uzandı və gözü çöndü, onun qarşısında duran xarici görünüşlü biri dizini yerə qoyaraq bir neçə saniyə nəsə etdi və oğlan özünə gəldi. Mən buna fikir verməyərək, əlimdəki çantanı başıma tuta-tuta stansiyadan aralaşdım, saat 7di olduğundan qədim Cathedralın zəngi vururdu. Qülləsinin həndəvərinə toplaşan göyərçinlər səsdən səksənərək yağışlı havaya özlərini atdılar. Bir anlığa sanki minlərlə quş səmanı bağladı.
Artıq stüdyoya çatmışdım. Mən içəri girəndə hər kəs mənə salam verdi və mən də əynimi dəyişərək, filmi çəkməyə hazır olduğumu söylədim.
Mənim adım İzaqdır. Həyatımı, bütün sərmayəmi hal hazırda rejissoru olduğum filmə qoymuşam. Məqsədim Kann festivalında qalib olmaqdır. Bu filmə artq illərimi sərf etmişəm, bu filmə görə 38 yaşımda sevdiyim yeganə qadın məni boşayıbdır. Uşağım belə məni tanımır artıq. Amma həyatda öz məqsədimin dalınca qaçmaq məni xoşbəxt edir. Bu gün isə bu filmi sonlandıracağıq. Həmişə filmin sonunu ya xəyallarımda görürdüm, ya da yuxularımda. Filmin ssenarisini də özüm yazmışdım. Filmin ssenarisinə görə:
Kosta adlı gənc bir oğlan kimsəsiz uşaq evindən çıxandan sonra kor bir ekstraseans tərəfindən bütün həyatını danışır və ona əsl valideynini tapması üçün işarələr verir. Lakin o axtarışa başlayanda ona məlum olur ki, kəskin leykosid xəstəliyinə tutulub. Həyatının sonlarında onun atasının yaşama sevincini öyrənir və hətta Alisiya adlı Hüquqda oxuyan bir qıza da aşiq olur. Alisiya da ona valideynlərini axtarmaqda köməklik edir. Amma Alisiya Kostanın xəstə olduğunu bilmir. Atasını axtararkən İtaliyada belə olur, atasının izlərini Vatikanda tapır və yenə ona məlum olur ki, atası məhz Strasbourgdadır.
Axtardığı izləri izləyən Costa nəhayət gəlib Strasbourgdakı böyük Cathedrala çıxır. Costa öyrənir ki, onun atası Cathedralda Müqəddəs ata kimi işləyir. Bunu öyrənəndə az qala onun ağlı qaçsın. Ssenariyə görə Costa günahlarını yuduzdurmaq üçün, amma əslində atası ilə tanışmaq üçün pərdə arxasına keçir. O zaman Müqəddəs ata ilə Costa belə bir dialoq edir:
- Müqəddəs ata bura gəlmişəm günahlarımı yuduzdurmaq üçün.
- Ata, Ana və Müqəddəs oğul hər kəsin günahını bağışlayandır. Tanrı neçə günahsızı əhv edib, neçə kora işıq bəxş edib, neçə kara dünyanın ən gözəl musiqisini dinlədib. Günahlarını Tanrı qarşısında yuduzdurmaq üçün gərək etiraflarını edəsən.
- Doğulduğumdan bəri həyatın necə amansız olduğunun şahidi olmuşam. Uşaqlığımı büs-bütün yetimxanada keçirmişəm, Padirə. Nə öz atamı görmüşəm, nə də anamı. Tanrı mərhəmətlidirmi?
- Bəli oğl…..
- Xahiş edirəm sözümü kəsməyin, Padirə. Tanrı əgər mərhəmətl olsaydı, məni dünyaya gətirməzdi. Axı mənə lazım deyildi həyatda belə əziyyətlərin şahidi olmaq?!
- Hər bir şeydə Ulu Tanrının bir hikməti var. Oğlum, düşün ki, Hz.İsa çarmığa çəkilib. Amma İsus-Kristos Tanrıya şükür edirdi, sənin kimi onu mərhəmətsiz adlandırmırdı.
- Siz heç oğlunuzu yetimxanaya verərdiniz?
- Hm….. – bir qədər susaraq- Əgər bizim təlatümlərdən xəbərin varsa, biz Tanrıya bağlıyıq. Dünyəvi nemətlərdən əlimizi üzərək, habelə şəhvətə yaxınlaşamayaraq bizim yeganə eşqimiz elə məhz Tanrıdır.
- Siz bəs vicdan əzabı çəkmisinizmi?
- Hər bir insan vicdan əzabı çəkib.
- Bəs siz insanların ruhunu təmizləyib, günahını yuyursunuz. Bəs heç öz günahınızı yumağa cəhd etmisinizmi?
- Oğlum, siz burada öz tövbələrinizi etməlisiniz. Bura sorğu sual yeri deyil. Özünüzə başqa əyləncə tapın.
- Dayanın getməyin “padirə”, ha ha ha…. Tanrı qarşısında alınız açıq deyil., özünüzü müqəddəs adlandırırsınız, amma sualdan qaçırsınız.
- İsa Məsih hifz eyləsin səni.
- Qadına şəhvət kimi baxırsınız, bəs o zaman Florensiyadakı qadınınız necə? O indi kilsənin həndəvərindəki qəbrsanlıqda yatır.
- Sən kimsən???
- Vatikanda tələbə olmusunuz, düzdür bəyəm? – Costa öz-özlüyündə birdə dəqiqləşdirdi. Elə bu an Padirə pərdəni çəkdi.
- Sən….Sən….
- Bəli mən, Costayam. Sənin oğlun. İllər öncə atıb getdiyin oğlun.
- İcazə ver sənə sarılım – ağlayaraq Costaya sarılmaq istədi, ancaq Costa bir addım geri çəkildi. Müqəddəs ata davam elədi:
- Costa, oğlum, yalvarıram məni bağışla.
- Günahını mənə yuduzdurursan? – gülərək dedi.
- Mən heç nə edə bilməzdim. Hər kəs məni Vatikanda rahib kimi artıq tanıyırdı. Həmin vaxtda sənin anan Silviyaya aşiq olmuşdum. Dinlə, Şəhvət arasında qalmışdım. Şeytana uyub Silviya ilə birlikdə oldum. Mənim ona qarşı ehtirasım artıq soyuyurdu, yenidən özümü Tanrının himayəsinə vermək istəyirdim, ancaq əbədi bakirliyimi pozmuşdum. Bu məndə həmişə sirr olaraq qalıb. Silviya mənə deyəndə ki, hamilədir uşağı aldıra bilmədim. O bunu istəmirdi. – Birdən havada güclü ildırım çaxır, Cathedralın mozaikaları müxtəlif rənglərə bürünür, yağışın səsindən bilinirdi ki, çöldə şiddətli tufan var.
- Bəs anam, anam necə öldü?
- Nə bahasına olursa olsun, sənə heç bir həqiqəti gizlətməyəcəyəm.
- De…
- Mən…
- Sənə de dedim!
- Sən doğulduqdan sonra bu sirrin yayılacağından qorxdum. Buna görə Silviyanı boğaraq həyatına qıydım. – Padrə hönkür-hönkür ağlayırdı, pıçhıldayaraq danışırdı. – Sən də çox balaca idim, cəhd etsəmdə sənə qıya bilmədim, kimsəsiz uşaq evində qoydum səni.
- Sən…Sən…. Müqəddəs ata deyilsən, Kilsədəki Şeytansan!
Costa ağlaya-ağlaya otaqdan çıxdı, padrə libasında onun arxasınca qaçmağa başladı. Costa Cathedralın qülləsinə sürətlə qalxmağa başladı. Bir müddət sonra o artıq Cathedralın zənginin çalındığı yerdə idi. Qüllə o qədər yüksək idi ki, sanki bütün dünya Costanın ayaqları altında idi. Şiddətli külək, şəlalə kimi tökən yağış, axşamçağını aydınladan aramsız şimşək Strasbourg şəhərini öz ağuşuna almışdı. Saat 9 tamam olduğundan Cathedralın zəngi başlamışdı. Costa yağışın altında, yüksəkliklərdən əlini havaya açaraq ah-nalə edirdi.
Həmin vaxt Padrə də Costanın yanına çatdı o tənginəfəs idi. Padrə ona tövşüyərək dedi:
- Oğlum, gəl gedək lap uzaqlara, hər şeyi unudaq ikimizdə ata oğul yaşayaq.
- Sən İblissən! Mənim sənin kimi atam yoxdur. Bir neçə gün bəlkə də bir neçə saat ömrüm qalıb. Kaş səni belə tapmazdım, kaş səni axtarmazdım. Sonra üzünü şəhərə çevirərək və bir addımda ataraq çox təhlükəli bir yerdə durub qışqırmağa başladı, o qışqırırkən ildırımlar onu yağışla birlikdə müşaiət edirdi: “ Tanrım, niyə axı… Niyə ? Niyə mən? Sən niyə belə mərhəmətsizsən? De mənə!!! Sanki Tanrı ona ildırımlarla cavab verirdi. Buludun hər yerindən şimşəklər görsənirdi. Həmin vaxt padrə öz sirrini özü ilə məzarə aparması üçün Costanı arxadan itələmək istədi, Costa həmin vaxt Padrənin libasından tutdu, Padrənin ayağı sürüşərək o da düşdü, ancaq Padrə əlləri ilə kilsənin kəndirindən tutdu,Costada onun ətəyindən. İkisidə göydə asılı qalmışdı. Costa bərkdən gülürdü:
- Hahahahahahaha…. Müqəddəs Ata səni də özüm ilə Cəhənnəmə aparacağam.
- Burax məni- o həmin vaxt təpik vurmağa cəhd edirdi. – Padrə bərkdən-bərkdən qışqırmağa başladı, hətta qorxudan ağlayırdı.
- Mənim itirəcəyim bir şey yoxdu, burax o kəndiri öləcəyik ikimizdə.
Birdən-birə ildırım çaxdı, elə bərk çaxdı ki, bütün Fransa bəlkə də lərzəyə düşdü. Həmin vaxt Padrənin əli sürüşdü.
3 gün sonra
Polislər Alisiyanı çağırmışdılar. Alisiya göz yaşlarını saxlaya bilmirdi Costanın ölümü üçün. Alisiya bildiklərini polisə danışmışdı. Polislər Alisiyaya Costanın tutduğu gündəliyi verdi.
Alisya ağlaya-ağlaya insanların içində Esplanade – küçəsində payızın xəzan yarpaqlarını tapdalayaraq gedirdi. Göz yaşları quru yarpaqların üzərinə düşərək yarpaqlar nəmləndirirdi. Bir skamya tapıb oturdu və dəftəri açdı, siqaretini yandırıb elə dəftərin ilk cümləsindən ağlamağa başladı:
“ Alisiya, əzizim, əgər bu dəftəri oxuyursansa bilki mən artıq ölmüşəm. Səni həyatda tanıdığım üçün həqiqətən çox xoşbəxtəm, həyatımda yeganə əsl insan sən oldun. Səni çox sevirəm…” – Kameralar parkda yalnız qalıb ağlayan Alisiyanı çəkə-çəkə geri çəkilirdi, ventiyatorla suni külək hazırlanmışdı, yarpaqlar fırlana-fırlana Alisiyanın yanında dövr edirdi. Sanki Costanın ruhu onun yanında idi.
Stop
Əla uşaqlar. Təbrik edirəm filmi bitirdik. – hər kəs şampan açdı. Hər kəs əl çalırdı, hər kəs sevinirdi. Ərsəyə yeni bir film gətirdik və bu filmlə tarix yazacaqdıq. Eynilə hər şey yuxularımdakı kimi. Kann festivalının qalibi mən olacaqdım. Rejissor İzaq… Həqiqətən rolları da yaxşı oynamışdılar. Kosta rolunu oynayan Filip də roluna çox qapılmışdı… Alisiya rolunu oynayan Sara Elizabeth də çox peşəkar idi.
***
Film artıq hazır idi, bütün montaj işləri tamamlanmışdı. Ancaq bizə xəbər elədilər ki, gecə ikən Kosta rolunu oynayan Filip özünü Cathedraldan atıb. Üzərindən də bir məktub çıxıb ki, bəs “ Tanrı həqiqətən mərhəmətsizdir”.
Bu bizim briqadamızı şoka salmışdı. Hər kəs yasa bürünmüşdü. Filip öz rolunun təsirinə düşmüşdü. Sara Elizabet də sanki onu həqiqətən sevmişdi və onun ölümünə dözə bilməyib özünü asmışdı. Ard-arda baş verən bu hadisələr nəinki bütün Fransanı, hətta bütün dünyaya yayıldı.
***
Nəhayət Kann festivalı günü gəlmişdi. Hər kəs dəbdəbəli geyimlərdə festivala gəlmişdi. Bizim briqada da orda idi, ancaq olan hadisələrə görə heç kim gülə bilmirdi. Ancaq mənim filmim hər kəsin marağında idi. Çünki oyunçuları özünü öldürən film yəqin ki tək buradakıların yox, bütün insanların marağında idi.
Qaliblərin adı açıqlanırdı, bir-bir zərfləri açırdılar və nəhayət ilin ən möhtəşəm filmi mənim filmim oldu. Kann festivalının qalibi olmuşdum… Məni hər kəs təbrik edirdi, dünyanın bütün məşhurları burada idi. Yəqin ki, televizor arxasından baxan keçmiş həyat yoldaşım mənimlə qürur duyurdu, oğluma deyirdi ki, o kişi sənin atandır…. Bəli! Həqiqətən böyük uğur idi. Alqışların ardı-arası kəsilmirdi…
Birdən-birə ətrafımı 10larla polis bürüdü… Komissar Fransa dövlətinin adı ilə əlindəki kağıza əsasən mənə cinayətkar adı verərək əlimə qandal taxdılar və bir anlığa məni oradan uzaqlaşdırdılar.
***
Orada mənə Komissar hər şeyi etiraf etməmi söylədi. Ancaq bilmirdim söhbət nədən gedirdi. Deyəndə ki, siz Filiplə, Saranın ölümündə təqsirkarsınız. Bu sözləri eşidəndə inana bilmirdim. Bunun böhtan olduğunu dedim. Ancaq qarşıma bir video kadr göstərdilər. Cathedralın binasına qalxıram və belimdə bir böyük torba var. Bir az sonra yuxarıda peyda oluram və torbanın içindən Filipin cansız bədənini götürüb aşağı atıram.
İnana bilmirdim. Daha sonra digər bir videonu göstərdilər. Sara Elizabetin evinə girirəm çox keçmədən çıxıram. Daha sonra barmaq izlərimin nəticəsini göstərirlər, həqiqətən onun evində olmuşam. Polislər mənə dedi ki, həmin gecə harada olmusan? Dedim ki, həmin gecə mən ailəmin, oğlumun yanında olmuşam. Həqiqətən getmişdim uşağımın yanına.Polis mənə deyəndə ki:
“ Cənab İsaak, siz bizi ələ salmısınız? Sizin ailəniz ötən il avtomabil qəzasında həlak olub” – ağlımı itirirdim. Dəli olacaqdım… Bəs mən oğluma sarılmışdım, söhbət eləmişdim, qiymətlərinə baxmışdım. Keçmiş arvadımla barışmaq istəyirdik. Bunlar necə ola bilər axı?
Mənim bu hərəkətlərimə həkimlər diaqnoz qoydular ki, mən Paranoid xəstəliyinin ən yüksək həddinə çatmışam və bununla da şizofreniya yaranıb. Sən demə, öz oyunçularımı filmimin məşhurlaşması və Kann festivalında qalib gəlməyim üçün öldürmüşəm….
Xoşbəxtlikdən bu psixoloji dispanserdə mənə kağız və qələm verirlər. Yeni ssenarilər yazmağım üçün. Hərdən bərkdən gülürəm. Həkimlər gəlir deyir ki, niyə güldün?
Məndə cavabında isə deyirəm ki:
“ Yəqin ki, ilk Kann festivalında qalib gələn rejissor mənəm ki, indi dəlixanadayam”.
Rejissor İsaak.
Nejat Kazım Khatayi Strasbourg Xatirələri
Комментариев нет:
Отправить комментарий