19.03.2013

Vəfa Mürsəlqızı - ALLAH KƏRİMDİR

 Bayramın mübarək, tozlu küçə. Evinə əli dolu gedənlərin sevincini, əli boş gedənlərin qəhrini çəkə biləcəksənmi bu axşam. Bayramın mübarək, tənha ağac, keçən ildən bu ilə küsülü keçən sevgililərin yeri məlum kölgən altında. Bayramın mübarək, qız, torpaq altda yatan iginin bayramlıq payı qalıb qarıdı ocaq başında. Bayramın mübarək vətən, bu ili də yarımcan qarşıladın. Torpaqların tonqala həsrət qaldı.
Xocalım içində ocaq qoxusu, tonqal qorxusu yaşayır hələ. Bayramın mübarək əsir bacım, unutmuş olarsan yəqin bayram biş-düşünün sevincini.

 Şirinim acım laylay,
 Qardaşım, bacım laylay,
 Yazınız gəlməz daha,
 Daşım ağacım laylay.

 Bayramın mübarək içimdə daşıdığım, o ildən bu ilə keçirdiyim arzular. Bayramın mübarək, yaşına bir yaş gələn həsrətim. Şapalaqla üz qızqardan, uşaqlarının üzünə bir təhər baxan kasıb kişi, gözü başqasının qapısında qalan beş oğul anası, bu ildə başmaq atıb qısmətinə ümid bağlayan qız, bayramın mübarək. Adamlarda xəcalətli qalan bazar bayramın mübarək.
 Su, torpaq, od, külək bayramınız mübarək. Torpaq, yaralı, para, yarımcan etdik səni. Üzü qarayıq Dədə-Qorqud-dan. "SU"-çirkləndirdik səni qorumadıq. "OD"- ülviliyini, müqəddəsliyini itirdik axı. Bir "YEL"- qalıb Allah əmanətindən. Dərdimizi yellərə dağıdaq qardaşlarım, bacılarm! Bayramın mübarək vətən, bu gecə duzlü kökə ye yat, arzuların çin olar bəlkə. Tonqalları gur qala dərdin sərin yana bəlkə. Bayramın mübarək Vəfa, bu ili də gördün, gələn ilə Allah kərimdir..

Комментариев нет:

Отправить комментарий