01.05.2014

Azərbyacanda dini tolerantlığın kifayət qədər tarixi var

Bəhruz Salmanov: "Azərbaycanda mövcud olan dini ideologiyaların daşıyıcıları o qədər mehriban yaşayıblar ki, Qarabağ müharibəsi zamanı başqa dinlərin nümayəndələri vətənləri uğrunda canından belə keçiblər"

Əsrlər boyu dövlətçiliyimizin qorunmasına və qüdrətli olmasına xidmət edən milli, mənəvi, dini dəyərlərimiz qorunmalıdır. Bu dəyərlərin dəyişdirilməsinə yönəlmiş hər hansı bir ideologiyanın, cərəyanın təbliğ olunmasının qarşısı qətiyyətlə alınmalıdır. Bu dəyərlədən olan tolerantlıq, birgəyaşayış ənənəsi, qarşılıqlı münasibətlərin qorunmasını xüsusi qeyd etmək lazımdır. Azərbaycanda tolerantlığın tarixinə nəzər salanda Azərbaycanda bu ənənənin böyük tarixi olduğu açıq görünür.
Azərbaycanda müxtəlif dini təriqətlərə, fərqli inanclara sahib olan insanlar, müxtəlif başqa millətlərin nümayəndələri yaşayırlar. Çoxluq olan azərbaycanlılar və müsəlmanlarla azlıqda olan kəsimin ciddi problemlər yaşadığı hələki müşahidə olunmayıb.
Dini cərəyanlar və təriqət məsələləri üzrə ekspert, filoloq Bəhruz Salmanov bizimlə söhbətində bu və ya digər mətləblərə toxunub.
O bildirib ki, Azərbyacanda mövcud olan tolerantlıq- müsəlman Azərbaycan xalqının əsrlər ərzində digər xalqlara göstərdiyi mədəniyyətin bəhrəsidir:
"Əvvəla, Azərbaycan xalqı İslam dininin varisi olan xalqlar sırasındadır. Buna xalqımızın azadlığı uğrunda verdiyi qurbanları öz milli kimliyini ortaya qoyaraq Şəhid adlandırması, dövlət səviyyəsində məscidlərin tikilməsi, ziyarətlərin bərpa edilməsi, İslam universiteti kimi ali təhsil müəssisəsinin mövcud olması bariz nümunədir. Bugünkü Azərbyacanda mövcud olan tolerantlıq- müsəlman Azərbaycan xalqının əsrlər ərzində digər xalqlara göstərdiyi mədəniyyətin bəhrəsidir. Azərbaycanda sünni və şiə məzhəblərinin mövcud olmasına baxmayaraq, bu məzhəblər arasında heç vaxt problem yaşanmayıb. Xalqımız hətta digər dinlərə yəni Xristianlığa, Yəhudiliyə qarşı həmişə dözümlülük nümayiş etdirib. Buna sübut bu dinlərin ölkəmizdə kilsələrinin, sinaqoqlarının mövcud olması və bu din daşıyıcılarının sərbəst şəkildə ibadət edərək, Azərbaycan vətəndaşı olmasıdır. Azərbyacanda bu tolerantlığın kifayət qədər tarixi var. Bu vaxt ərzində Azərbaycanda mövcud olan dini ideologiyaların daşıyıcıları o qədər mehriban yaşayıblar ki, Qarabağ müharibəsi zamanı qeyd etdiyimiz dinlərin nümayəndələri vətənləri uğrunda canından belə keçiblər. Həmçinin, bir-birlərinin dini ayinlərinin hörmətini gözləyirlər".
B.Salmanov bəzi güclərin Azərbaycanda dini zəmində gərginlik yatarmaq istəyənlərə də diqqət ayırıb: "Acı olsa da, onu da qeyd etmək lazımdır ki, dünyada zahirdə insanlığa xidmət donunu geyinən güclər var. Onlar öz məkrli planlarını həyata keçirtmək, dövlətlərin, xalqların müstəqilliyini əllərindən alaraq öz müstəmləkəsinə çevirmək üçün dinlərin içində cərəyanlar yaradaraq onlardan xalqlara, dövlətlərə təsir mexanizmi kimi istifadə edirlər. Bu acı həqiqət yəni, qeyri-ənənəvi məzhəblər Azərbaycanda da mövcuddur və bunlar Azərbaycan xalqının, dövlətinin qurduğu tolerantlığa da böyük zərbələr vura bilər".
Bir məsələyə də diqqət göstərmək lazımdır ki, son dövrlər Azərbaycanda dini zəmində müəyyən problemlər yaşanır. Bəzi təriqət nümayəndələrinin kənar qüvvələrini təsiri altında cəmiyyətimiz üçün problem yarada biləcək fəaliyyətlər göstərirlər. Suriya vətəndaş müharibəsi artıq birbaşa olmasa da, dolayısı ilə digər ölkələrə də, elə Azərbaycana da təsirini göstərməkdədir. Valideynlər də daha çox məscidləri günahlandırırlar. Təbii ki, bu məsələdə haqlı olanlar da var.
B.Salmanov da sözügedən məsələnin narahatlıq yaratdığını və bu istiqamətdə ciddi addımların atılmasının zəruri olduğunu vurğulayıb: "Bəli, Suriyada baş verən proseslər bir insan olaraq hamını narahat edir. Mən buna vətəndaş müharibəsi deməzdim. Vətəndaş müharibəsi olan yerdə kənardan dağıdıcı məzhəblərin cəlb olunmasına ehtiyac olmur. Bu yuxarıda qeyd etdiyimiz dağıdıcı güclərin marağıdır. Bu məzhəblərin cəlb olunması küləyin hardan əsdiyindən açıq xəbər verir. İndi siz fikirləşin, bunlar Azərbaycana təsir etmək fikrinə düşsələr nələr baş verə bilər. Əsasəndə orda döyüşüb, psixoloji sarsıntı keçirərək Azərbaycana dönənlər. O ki, qaldı məscidlərin günahlandırılmasına mən bu iddialarla tam razılaşmıram. Qismən ola bilər, bu da maarifləndirmə nöqteyi nəzərindən. Axı, onların da fəaliyyət dairəsi məhduddur. Amma gəlin, baxaq görək vətəndaşlarımız gündəlik vaxtlarının nə qədərini məscidə getməyə və ya dini ayinlərə sərf edirlər. Əgər müşahidə aparılsa, görərsiz ki, çox böyük passivlik mövcuddur".
Həmsöhbətimizin qənaətincə, dövlətçiliyimizin və dəyərlərimizin məhvinə yönəlmiş dağıdıcı əqidələrdən müdafiə olunmaq istəyiriksə, dövlət və qeyri-dövlət təşkilatları bu sahədə daha aktiv fazaya keçməlidir."Məsələn, təhsil müəssisələrində dərslik tətbiq edilməli, müxtəlif dini tədbirlər dövlət səviyyəsində keçirilməli, KİV-də əsasəndə televiziya məkanında bu növ verilişlərə geniş yer ayrılmalıdır. Son zamanlar Qafqaz Müsəlmanlar İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin aktivliyi dini sahədə inkişafın, rəqabətin artmasına müəyyən qədər səbəb oldu. Dini ədəbiyyatların tərcüməsi zamanı dilimizin bədii üslubuna uyğunlaşmasında, qrammatik səhvlərin aradan qaldırılmasında və keyfiyyət baxımından kitabların cildlənməsindəki müsbət fərq, regionlara səfərlər, dindarlarla görüşlər, bölgələrdə dini vəziyyətlə tanış olmalar qeyd etdiyimiz qurumların nəzarət mövcudluğunun aktivliyinə dəlalət edir". - deyə Bəhruz Salmanov bildirib.
Qeyd edək ki, tolerantlıq, dini zəmində problemlərin yaşanmaması ilə yanaşı, mədəniyyətlərarası dialoqun da önəmi böyükdür. Azərbaycanın mədəniyyətlərarası dialoqların təşkilində fəallığı cəmiyyətə və dövlətçiliyimizə töhfələrini verməkdədir. Son illər mədəniyyətlər və sivilizasiyalararası dialoq istiqamətində keçirilmiş beynəlxalq tədbirlərin statistikasına və coğrafiyasına diqqət yetirsək aydın şəkildə görərik ki, bu sahədə təşəbbüslərin çox böyük əksəriyyəti artıq beynəlxalq aləmdə müxtəlif mədəniyyətlərin qovuşduğu məkan statusu qazanmış Azərbaycan tərəfdən gəlib. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Azərbaycan mədəniyyətinin böyük hamisi Mehriban xanım Əliyevanın dəstəyi və bilavasitə təşkilatçılığı ilə ölkəmizdə reallaşdırılan nüfuzlu beynəlxalq mədəniyyət tədbirləri respublikamızı dünyanın mədəni həyatının mərkəzinə çevirib. Mədəniyyətlərarası dialoq yaşadığımız dünyada qlobal səviyyədə özünü daha qabarıq şəkildə büruzə verən ən təxirəsalınmaz vəzifələrdən biridir. Bunu son illərdə mövzu ilə bağlı Azərbaycan paytaxtında keçirilmiş rəngarəng tədbirlər və müvafiq təşkilatların müəyyən etdiyi iş həcmi də təsdiqləyir.
2011-ci ilin aprelin 7-9-da paytaxtımızda reallaşan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bu narahatlıqdan qaynaqlanıb. Möhtəşəm tədbirin keçirilməsinə qədər isə qlobal dünyanın problemlərinin həllinə böyük enerji və coşqunluqla qatılan dövlətimizin başçısının dəqiq və düzgün siyasi addımları və məntiqi mülahizələri beynəlxalq mühitdə lazımınca dəstəklənib. Təsadüfi deyil ki, 2009-cu il oktyabrın 13-dən 15-dək Azərbaycanın uğurla ev sahibliyi etdiyi İslam ölkələri mədəniyyət nazirlərinin konfransı çərçivəsində "Mədəniyyətlərarası dialoq" mövzusunda keçirilmiş "dəyirmi masa"da "Bakı Prosesi -sivilizasiyalar arasında dialoqa yeni çağırış" adlı rəsmi sənəd qəbul edilib. Həmçinin TÜRKSOY-un Daimi Şurasının 2009-cu il oktyabrın 16-17-də Bakıda keçirilmiş 26-cı toplantısında qəbul olunmuş sənədlərdə də Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü "Bakı Prosesi"nin davam etdirilməsinin vacibliyi əksini tapıb. 2010-cu il mayın 20-də Bakıda UNESCO-nun "Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqinə dair Konvensiya"sının təqdimat mərasimində 2011-ci ilin aprelində "Bakı Prosesi"nin davamı olaraq Azərbaycan Prezidentinin təşəbbüsü ilə Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirililməsi də önəmli hadisədir. Yuxarıda qeyd etdiyimiz kimi, ölkəmizin müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən mehriban dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant məkan, ən nəhayət, ilkin bəşər mədəniyyətinin təşəkkül tapdığı ərazilərdən biri olması ilə bağlıdır.
Müsahibimizin sözlərinə görə, mədəniyyətlərarası dialoq məsələsində Azərbaycanda görülən işlər və bu istiqamətdə atılan addımlar qənaətbəxşdir: "Ümumən dünyada keçirilən mədəniyyətlərarası dialoqlar yuxarıda qeyd etdiyimiz dağıdıcı güclər qarşısında bir müqavimət cəbhəsi, sağlam cəmiyyətdə yaşamaq mübarizəsidir. Bilirsiz, hər bir sahədə olduğu kimi, mədəniyyətlərarası görüşlərdə də ümumi kəsişmə və anlaşma xətləri tapılmalıdır. İslam xalqları arasında keçirilən bu cür tədbirlər müsəlmanlar arasında mövcud olan bir sıra qaranlıq məsələlərə aydılıq gətirilməsinə, Allah (c.c) və peyğəmbərin (s) ətrafında birləşməsinə, qeyri-islami monoteist dinlərdə Allahın mövcudluğu və qeyri-monoteist dinlərdə isə bütün dinlərin gözlədiyi "Həqiqi, kamil insanın gözləntisi" mövzusu ətrafında birləşməsinə zəmindir. Belə bir tədbirin ölkəmizdə keçirilməsi Azərbaycan xalqına və dövlətçiliyinə səmərəli nəticələr verə bilər. Azərbaycan xalqının mədəniyyətinin tanınmasına xidmət etmiş olar. Bu addım nəinki Azərbaycana, bütün dünyaya, bütün insanlığa öz töhfələrini verə bilər".

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə əsasında. /unikal/

Heyran Abbaslı       xeberlent.az

Комментариев нет:

Отправить комментарий