01.05.2014

KOMMUNISTLƏRİN 1MAY BAYRAMI


Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi Bakının Nizami rayonundakı Mikayıl Əliyev küçəsində yerləşən "Fəhlə abidəsi" önündə şəhər ictimaiyyətinin nümayəndələri ilə birlikdə 1 May bayramını təntənəli şəkildə qeyd etmişdir. Toplantı iştirakçıları yüksək bayram əhval-ruhiyyəsində idilər. Abidənin ətrafı xalqı SÜLHƏ, ƏMƏYƏ, BƏRABƏRLİYƏ, AZADLIĞA, QARDAŞLIĞA, SƏADƏTƏ səsləyən şüar və plakatlarla bəzədilmişdir. Bayram tədbirini Sov.İKP MK-nın katibi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Telman Nurullayev açdı.

O, Rusiya və beynəlxalq kommunist təşkilatı rəhbərlərinin alovlu kommunist salamı və təbrikini toplantı iştirakçılarına çatdırdı. Azərbaycan KP MK-nın katibi Ədalət Abdinovun "Dünya zəhmətkeşlərinin həmrəylik günü - 1 May bayramının tarixi əhəmiyyəti" mövzusunda məruzəsi alqışlarla qarşılandı. Tədbirdə çıxış edənlər Lenin vəsiyyətlərinin həyata keçirilməsi uğrunda kommunist partiyası və xalqın mübarizəsinin zəruriliyini, sosializmin böyük nailiyyətlərinin ümumdünya-tarixi əhəmiyyətini qeyd etdilər, sovet ictimai və dövlət quruluşunun kapitalizm quruluşundan üstünlüklərini, sovet demokratiyasının prinsiplərinin təntənəsini, sovet vətənpərvərliyinin böyük gücünü həyatımızdan alınmış konkret misallar əsasında açıb göstərdilər. Toplantı iştirakçıları əhalinin sağlamlığının qorunması naminə dövlət tərəfindən tibbi sığortanın həyata keçirilməsinin zəruriliyi barədə bəyanat qəbul etdilər. Tədbirdə səsləndirilən SSRİ-nin və Azərbaycan Sovet Sosialist Respublikasının dövlət himni böyük iftixarla dinlənildi. Bayram tədbirinin rəsmi hissəsindən sonra rayonlardan gəlmiş kommunistlərin Bakı bulvarında kollektiv gəzintisi və şəhərin görməli yerlərinə ekskursiyası təşkil edilmişdir.






Комментариев нет:

Отправить комментарий