Zahir Əmənov
cenubxeberleri.com
Baxırsan ki, topdağıtmaz imarəti, göz deşən xarici maşını, daha nələri, nələri... Sadə bir məsələdə fikrini bilmək istəyirsən. Boynun çiyninə qoyub “Mən burada heç kiməm” deyir.
Çalışdığı idarənin qapısında yazılıb “Filan baş idarənin baş direktoru”. Adi bir işin xahişin edirsən, dərhal deyir: “Bu kabinetə, vəzifəyə baxma, mən burada heç kiməm”.
Çoxları üçün irili-xırdalı dairələr cızılıb. Həmin dairənin içində bu şəxslər əjdahadır, həmin dairədən kənarda isə heç kim.
Heç kimlər günbəgün çoxalır. Bu “heç kimlər” çoxaldıqca az qala heç nəyə dönürük. Yəqin orta yaşlıların yadında olar. Bir neçə ay Azərbaycana rəhbərlik etmiş Yaqub Məmmədov Ali Sovetin tribunasından bəyan etdi ki, biz böyük oyunun kiçik peşkalarıyıq. Yəni, heç kimik.
Sovet dövründə maraqlı bir lətifə də var idi. Rayona təzə gələn prokuror adi yeməkxanaların birində nahar edirmiş Kimsə də onun prokuror olduğunu bilmirmiş. Bir gün qarşısında keyfiyyətsiz yemək görəndə dözməyib hirslə yeməkxananın müdirini çağırtdırır. Prokuroru tanımayan yeməkxana müdiri lovğa-lovğa gəlib onun başına qışqırır ki, sən kimsən ki, məni çağırtdırırsan?
- Mən bu rayonun prokuroruyam, bəs sən kimsən?-deyə prokuror cavab verir. Bunu eşidən, bayaqdan meydan oxuyan yeməkxana müdiri dərhal sınıb, əzilə-əzilə deyir:
- Mən kim olacağam ki? İndi sənin ayağının tozu.
Heyf ki, belə tez qürrələnib, tez də heç kim olanlar kifayət qədərdir.
Bu gün “heç kimlər” müdirdir, nazirdir, deputatadır, icra başçısıdır, rəisidir. Hazırda neçə-neçə “heç kim” deputatlığa namizəddir və heç kimlərdən özünə yalançı alternativlər düzəldiblər. Belələri zəifləri əzir. Adi vaxtlarda qəhrəman olur, həlledici məqamda isə “Heç kim” olurlar. “Mənlik olmadı, məcbur etdilər, mən onların qabağında kiməm ki”.
Jurnalist Eynulla Fətullayevin məhkəməsində həbsxana nəzarətçisi vəkilin kəskin sualları qarşısında tablaşmayıb “Mən kiməm ki, deyirlər et, edirəm”. Vəkil də bildirdi ki, doğrudan da heç kimsənsə, yaz, sinəndən as ki, mən heç kiməm.
Əvvəllər uşaqlarına Qəhrəman, İgid. Cəsarət... adını qoymağı xoşlayardı. İndi nə yazacaqlar? Qəhrəmanov İgid Heç Kim oğlu. Daha sonra gələcək Heç Kim oğlu Heç Kim.
Yəqin “heç kim”lərin çoxluğundan idi ki, ötən prezident seçkilərində ölkə başçısı istisna olmaqla digər namizədlərin heç biri 3 faizlik səddi keçə bilməyib “heç kim” oldular.
Bizimlə bağlı məlum hadisələrdə üzümüzə duranların əksəriyyəti xəlvətdə dostlarına etiraf edirdi ki, mən orada “heç kiməm”. Hətta bəzi müdirlərdə “heç kim” olduğunu boynuna almağa xəcalət çəkmirdi.
“Heç kimlər” çəkdiyi körpülər il başa çatmamış dağılır, “heç kimləırin” verdiyi saxta diplomlara sahib olanlar bəzən əlifbanı ağıllı-başlı bilmir.
Kaş ki, “heç kim”lərin hamısı bilə ki, onlar “heç kim”dir.
Son duamız: Allah bizi “heç kim” olmaqdan qorusun.
Комментариев нет:
Отправить комментарий