Azərbaycan şeir antologiyası
SƏNƏ BAXIB…
Dükanların yanından
Bazarların yanından,
Özümü qurtarammadım,
Dükandan, bazardan.
Başımı bulayıb keçirəm,
Barıların yanından,
Hasarların yanından,
Uzağı görməyən göz
Dad eyləyir hasardan.
Başımı bulayıb keçirəm
Arzuların içindən.
Yalançı arzuların
Getmədimmi ardınca?
Başımı bulayıb keçirəm
Neçə-neçə yazıların içindən.
Günlər axşama dönür,
Bir mətləbə çatınca.
Başımı bulayıb keçirəm
Taleyimin üzünə
Əsnəyən qapılardan...
Ağaca, suya həsrət,
Qurumuş qobulardan...
Başımı bulayıb keçirəm
Bu dünyanın özündən…
Özümdən...
...Yox, atam, sözünü de!
Macal var,
ötkəm danış!
Bəlkə də sənə baxıb
Nə zamandı başını
Bulayır qarğı, qamış.
AXTARIM
Yol uğurum, yol taleyim,
Azaldımı bir az dərdim?..
Mən nə əkdim, mən nə dərdim?..
Dönüm axtarım, axtarım.
Necə gözəl, necə pirsən,
Necə aşkar, necə sirsən,
Sonsuz göydə deyilmişsən...
Enim axtarım, axtarım.
Zaman–zaman sinəm yanıb...
Bu saf işıq
bu qaranlıq
Məndə necə daldalanıb
Sınım axtarım, axtarım.
Bu nə yalan, bu nə gerçək,
Soyuq nəfəs, solan çiçək...
Hanı, şuma səpiləcək
Dənim axtarım, axtarım...
Комментариев нет:
Отправить комментарий