13.04.2011

Cavan qızlar və qocamanlar

Faiq QİSMƏTOĞLU            meqalem.blogspot.com


Məşədi İbad cavan qıza aşiq olub onu almaq istəyəndə çoxları o kişiyə gülürdülər. Gülürdülər ki, 50 yaşlı kişi cavan bir qıza aşiq olub. Amma rəhmətlik Üzeyir Hacıbəyov 50 yaşa çatandan sonra deyib ki, mən bilsəydim, 50 yaşda adam belə canısulu və cavan olur, Məşədi İbadı həmin qızla evləndirərdim. Məşədi İbad Gülnaz xanımı almaq istəyəndə çoxları bu işə pəl vururdu. Hətta o dövrdə çıxan "Molla Nəsrəddin" jurnalında cavan qızların qoca kişilər tərəfindən alınması və izdivaca girməsi tənqid atəşinə tutulurdu.

Bu hadisələr XX əsrin əvvəllərində baş verib. Sən demə, hər əsr dəyişəndə müəyyən anlar yenidən təkrarlanır. Yəni qoca kişilər, pullu adamlar cavan qız almaq eşqinə düşürlər. Birdən elə bilərsiniz həmin adamların arvadları olmayıb. Əsla belə deyil. Həmin kişilərin arvadları da olub, uşaqları da. Sadəcə olaraq arvadları qocalıb əldən düşdüyünə görə bu qoca kişilər cavan qız almaq eşqinə düşüblər. Daha doğrusu, çox imkanlı adam tanıyırıq ki, arvadı olsa da, gedib özündən 25-30 yaşında balaca qız alırlar. Buna da heç kim bir söz deyə bilmir. Onsuz da bu gün hamı bilir ki, bir çox pullu və imkanlı adamlar qeyri-rəsmi olsa da, beş-altı arvad saxlayır. Onların arasında olanların əksəriyyəti cavan qızlardır. Heç indi cavan qızlar da evsiz-eşiksiz və pulu olmayan oğlanlara getmək istəmirlər. Çünki bəziləri deyir, cavana gedib kötək yeyincə, qocaya gedib yağ-bal yemək yaxşıdır.

Bu yaxınlarda Rusiyada yaşayan 40-45 yaşlı imkanlı və varlı adam Azərbaycana gəlir və yaşadığı əyalətdə gözünə 16 yaşında bir qız dəyir. Həmin imkanlı adamın Rusiyada arvad-uşağı olsa da, bu 16 yaşlı qızla evlənmək eşqinə düşür. Qızın valideynlərinə bu məsələni çatdıranda onlar sevincdən bilmirlər ki, nə eləsinlər. Sən demə, bu yaşlı kişinin 16 yaşlı qızı istəməsi valideynlərin lap ürəyincə imiş. Həmin yaşlı kişi qız evinə bildirib ki, qız toyunun bütün xərclərini o özü çəkəcək, toydan yığılan pul isə qız evinə qalacaq. Üstəlik, nə qədər də desən qızın atasına pul verəcək, onların bütün problemlərini yoluna qoyacaq. Elə bu an yadıma "O olmasın, bu olsun" filmindən Rüstəm bəy düşür. Rüstəm bəy də fikirləşirdi ki, qızını Məşədi İbada verməklə həm qumarda uduzduğu pulları qaytaracaq, həm də varlı bir adamla qohum olacaq və çətinə düşəndə bu imkanlı adamın pulundan istifadə edəcək. Düzdür, Rüstəm bəy Məşədi İbada qızı verməmişdən xeyli pul qoparır. Bu pulla borclarını ödəyir və bir az da qalan pulu yenə qumarda uduzur. Axırda isə Məşədi İbad kimi yağlı tikə Rüstəm bəyin əlindən çıxır. Ancaq deyəsən, bu dəfə 16 yaşında qıza aşiq olan kişinin bəxti gətirib. Çünki onlar daha bu 16 yaşlı qızı cavan oğlana vermək fikrində deyillər. Elə "pir" deyib həmin yaşlı kişinin ətəyindən möhkəm-möhkəm yapışıblar. O qədər möhkəm yapışıblar ki, heç kəs bu əli bu ətəkdən qopara bilməz.

Bir neçə gün bundan əvvəl metronun "Neftçilər" stansiyasının yaxınlığından keçəndə qəribə bir hadisənin şahidi oldum. Çox bahalı bir qara "Jeep"də hərəkət edən iki qızın gözləri qaynayırdı. Avtomobili yavaş-yavaş idarə edən qızlar gözləri ilə müştəri axtarır, gəlib-gedənlərə elə maşının salonunda söz atırdı. Onun yanındakı qızsa siqaretdən bir neçə qullab çəkib tüstünü işıqforun yanında dayanmış digər avtomobil sürücüsünün sifətinə püləyirdi. Qızlar özlərini o qədər rahat və xoşbəxt hiss eləyirdi ki, sanki onların dünya vecinə deyildi. Sinəsi açıq və bütün gözəlliklərini çöldə qoyan hər iki qız camaatın diqqətini cəlb eləmək üçün yüz oyundan çıxırdı. Maqnitofonun səsini necə ucadan vermişdilərsə, musiqi ətrafa yayılırdı. Həmin qızlar özləri isə sanki müğənni kimi oxuyur və sinələrini açıb kiməsə göstərirdilər. Cavan oğlanlardan biri dedi ki, mən bu qızları yaxşı tanıyıram. Dubaya gedib-gələn qızlardır. Özlərini satıb yaxşı pul qazanıb, indi də qara "Jeep"də şütüyərək yağlı müştəri axtarırlar. Qızlar görəndə ki, çoxları onlara nifrət hissi ilə baxır, sükan arxasında əyləşən qara eynəkli və özündənrazı qız sürətlə "Jeep"i yerindən tərpədib Qara Qarayev prospektinə doğru şütədi.

Qara "Jeep"lərdə əyləşən və Bakının küçələrində şütüyən belə qızlar son vaxtlar daha da çoxalıb. Onlar heç də hər adama göz-qaş eləmirlər. O adamlara qarmaq atırlar ki, onların ya bahalı maşınları var, ya da böyük imkanları. Elə bu cür qızların da toruna ən çox düşən varlı adamların sadəlövh övladlarıdır. Ağızlarında şirə yeri qalan belə qızlar şənbə və bazar günləri daha tez-tez "ov"a çıxırlar. Ovlarına "qızıl balıq" düşəndə onların sevincinin həddi-hüdudu olmur. Amma dünyanın işini bilmək olmur, bir də gördün bu qızlar da nə vaxtsa başqalarının toruna düşdülər və o tordan nə qədər çalışsalar da çıxa bilmədilər.

Комментариев нет:

Отправить комментарий