13.04.2011

Dərdi dəfn edən adam: Əhməd Ağayev

Hüsamə bin Sərxan              hüsamasarxan@mail.ru          
        
ÖN SÖZ ƏVƏZİ. Biz sanki həyat səhnəsində bəyaz gecələr ümidi ilə zülmətdə yaşayırıq. Haqqın yolu haqsızlığa qovuşanda nəhs işlərə əl atırıq.Əslində isə insanın ən böyük məramı işləmək, oxumaq, haqqadayaqlıq olmalıdır. Çünki düyün düşmüş haqq ucunu itirəndə insanlığın faciəsə başlanır. Maddi və mənəvi ehtiyacların arasında iztirab çəkən insan, həyatdan da yavaş-yavaş təcrid olur. Bu gün əlimizdən tutan bir təsəlli payımız var: ya namərdcə yaşamalı, ya kişi tək  ölməliyik. Var-dövlət üstündə bir-birini aldadan, müqəddəs insanlıq qanunlarından uzaq düşən müasir adamlar nəsli ilə üzləşdikcə keçmiş kişilərə “əhsən” deməkdən başqa yolumuz qalmır. Haqqında bəhs edəcəyim kişi məhz belələrindən idi.
TƏRCÜMEYİ-HALI. Əhməd Sahib oğlu Ağayev 1948-ci il Cəlilabad rayonunun Ocağlı kəndində doğulmuşdu. 1964-cü ildən 1976-cı ilədək rayonun ən böyük üzümçülük təsərrüfatlarından hesab edilən “1 May” sovxozunda traktorçu, 1976-cı ildən 1980-cı ilədək üzümçülük briqadiri işləmişdi. 1984-cü ildə Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutunu bitirən Əhməd Ağayev, 1980-cı ildən 1997-ci ilədək “1 May” sövxozunun direktoru vəzifəsində çalışmışdı. 1994-ci ildən 1997-ci ilə qədər Respublika Aqrar İslahatı komissiyasının üzvü, 1997-ci ildən 2002-ci ilə qədər yerli aqrar islahatı komissiyasının üzvü kimi fəaliyyət göstərmişdi. O, eyni zamanda 1974-1984-cü illərdə SSRİ Ali Sovetinin, 1985-1995-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş, Azərbaycan Kommunist Partiyasnın XXIX və XXX qurultaylarına nümayəndə seçilmişdi. II-III dərəcəli “Şöhrət” ordenləri, “Əməkdə fərqlənməyə görə” medalı ilə təltif edilmiş, Azərbaycan Komsomolu mükafatına layiq görülmüşdü.O, bəlkə də Azərbaycan reallığnıda yeganə sovxoz direktoru idi ki, nəinki başqalarının, hətta özünün “əmlak payı”na belə göz dikmədi.Ən yaxın adamlarının da adına, o vaxt dəbdə olan kombayn, traktor, yaxud yamangünlük obyekt-filan “sənədləşdirmədi”. Çünki prezidentinə, gənc və müstəqil dövlətinin gələcəyinə inanırdı.
SINMAYAN ÖMÜR. İnsan həyata göz açdığı gündən özünü xoşbəxt, ömrünü şən görmək istəyir. Nədir bu xoşbəxtlik? Maneəsiz inkişaf yolları keçmək, əlçatmaz, ünyetməz zirvələri fəth etmək, ağlı-qaralı dünyanın dərdi-səri, şirini-şəkəri ilə qaynayıb-qarışmaq, fərdi ağrılarını ictimai iztirablarla müştərək bölüşmək. Təəssüf ki, daim yaşayıb-yaratmaq eşqilə çırpınan insanın bəzən bəşəri arzuları belə təbiətin amansız təzyiqləri nəticəsində məhdudlaşdırılır. Biri xəstə böyüyür, biri ərköyün. Biri şah oğlu olur, biri dilənçi...
Nəticədə iki paralel həyat və teatr səhnəsi yaranır.Biri xalqa xidmət edir, biri isə özünə.Özünü düşünənlərin də aqibıti məlumdur, xalq üçün yananların da. O, xalq üçün yananlardan idi. Xüsusən, 90-cı illərdəki ziddiyyətli və xaotik dönəmdə  çaşmadı, daxilində yuva salmış ilahi hissə güvənərək xalqına arxa çevirmədi. “Talış-Muğan Respublikası”nın üzdəniraq lideri Əlikram Hümbətovun ətrafına yığışmış quldurlar da onu sındıra bilmədilər. Ona güvənib eli-obası da sınmadı.
İCRA EDİLMƏYƏN SƏRƏNCAM. O, çox qeyri-adi və yüksək dünyagörüşə malik insan idi. SSRİ adlı nəhəng bir dövlətin ən ali məqamında əyləşən bu adam qanundan qorxduğu qədər heç nədən qorxmurdu. İndiki adi bələdiyyə üzvünün ədasını, fors-fısqırığını müşahidə etdikcə, insanın ürəyindən ancaq bir fikir keçir: “Allah səni qəni-qəni rəhmət eləsin”!
Yaşasaydı 63 yaşı olacaqdı. Görünür vaxtsız ölüm yaxşı insanların alın yazısıdı. Onun ölümü də həyatı qədər müəmmalı oldu. 2004-cü il aprel ayının 20-də etibarsız həyata vida etdi. Ondan yadigar 2 oğul, 3 qız və nəvələri qaldı. Bir də qurub-yaratdığı böyük və əzəmətli bir kənd... Rayon icra başçısının sərəncamı ilə Cəlilabad şəhərində adına küçə də verilib. Təssüf ki, bu günə qədər həmin sərəncam icra edilməyib.  
SON SÖZ ƏVƏZİ. Ondan çox şeylər öyrənmişəm. Çatdırıb öyrənə bilmədiklərim daha çoxmuş, deyəsən. Ölümündən qabaq tez-tez rastlaşardıq. Müstəqil Azərbaycanımızın tarixini və dərdlərini içində gəzdirən bu insana, çox sual verib yormaq istəməzdim. Amma bu gün yaman peşimanam. Yaşasaydı tərəddüt etmədən ondan bu sualıma cavab istərdim: “Niyə biz bu qədər biganəyik, Əhməd abi”???!!!            

Комментариев нет:

Отправить комментарий