04.10.2011

Azadlıq


Cavidan

Azadlıq!
Azadlıq!
Azadlıq! – bağırdı kölə!
Sahibinin qanını ətəyindən silə-silə.

Azadlıq!
Azadlıq!
Azadlıq! – bağırdılar kölələr...
Sahibləri ölənə qədər!

Sonra isə...
Susdular üzlərində kədər,
Anlaya bilmədilər
Nə imiş gərəkli olan
Nə imiş gərəksiz qalan
Və nə imiş gedən hədər!

Əllərindəydi Azadlıq,
Əllərindəydilər Azadlığın
Və əlləri yanlarına düşmüşdü,
Qan damırdı barmaqlarından,
Qan çəkirdi torpaq Azadlıqlarından,
Qan dadırdı Azadlıq, qan!

Azadlıq!
Azadlıq!
Azadlıq! – bağırmaq istədi kimsə...
Və kimsə də qapadı dodaqlarını,
Anlatdı: “Var olanı istəməzlər!”
Anlatdı: ”Azadlığı istəməz ki artıq azad olan kəslər?!”

Susdular...
Nə arzu qalmışdı daha,
Nə arzuya çatmaq üçün ümid daha bir sabaha,
Nə sabaha çıxmaq üçün dua Yaradan Allaha...

Düşündülər,
Daşındılar,
Aralarından birisini sahib seçdilər qalanlara -
həmən də bölündülər
Sahiblə və sahibsiz olanlara!

Gözlərinə işıq gəldi,
Ürəklərinə ruh döndü,
Yumruqları havalarda oynadı yenə:
“Azad ölkə,
Azad seçki,
Azad söz” istədilər dönə-dönə.

Yarısı divarlara qapandı,
Yarısı meydanlara dadandı...

Azadlıq!
Azadlıq!
Azadlıq! – bağırdılar kölələr...
Hər axşam,
Hər gündüz,
Hər gecə və hər səhər...

Комментариев нет:

Отправить комментарий