21.05.2012

Narıngül: "Azərbaycan ədəbiyyatının özünə oxşar da tənqidi var"

Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Dünya ədəbiyyatı” jurnalının redaktor müavini, yazar, şairə Narıngül xanımla müsahibə

-      Narıngül xanım özünü oxuculara iki kəlmə ilə necə təqdim edərdi ?
-     Sadəcə yazar.
-      Sizin üçün qadın olmaq asandı, yoxsa yazıçı olmaq və bu bölgünü necə apara bilirsiz? Mən bildiyim qədər qadın kimi bəzi məqamları deməyi bacarmayan, yazıçı kimi əsərlərində susmur və davamlı olaraq öz dünyasını yarada bilir.
 -    Qadın kimi mən özümü həmişə güclü hesab etmişəm. Həyatda qələbə çalmağı çox sevirəm və əksər hallarda da buna nail oluram. Bir şeirimdə yazmışam ki:


mən başdan – başa
hiss və duyğuyam
bir az da qorxuyam
təkcə mövcudluğum
qadınlığımdır

-     Güclü qadın xarakterinə malik olan bir insan yaradıcılığında da güclü qadın obrazları yaratmalıdır. Bəs siz bu güclü qadını necə yarada bilirsiz və elə obrazlar varmı əsərlərinizdə ?
     – Mənə elə gəlir ki, əgər bir qadın olaraq özümə olan güvəncimi ədəbiyyatda  da hiss etsəydim daha çox uğur qazanardım. Mən yaradıcılığımda daha çox real qadın surətləri yaratmağa çalışıram. Daha çox onların psixoloji durumlarını anlatmağa, iç dünyalarını sərgilməyə cəhd edirəm.  Çünki qadın dünyası sirlərlə doludur və bunlara toxunmaq elə mənim özüm üçün də çox zövqvericidir. Mənə elə gəlir ki, zərif və qorxaq qadınlar daha güclü qadınlardır.
-      Bayaq dediniz ki,  əgər bir qadın olaraq özümə olan güvəncimi ədəbiyyatda da hiss etsəydim daha çox uğur qazanardım.
Demək güclü xarakterə malik qadın obrazı ancaq reallıq olaraq qalır, amma yaradılıq dünyasına köç edə bilmir.
 -      Yox, yaradıcılıq bütövlükdə güclü insanları sevir. Ən azından yaradıcı insanın hansısa xarakterində maksimalizm olmalıdır. Burada xarakterin müsbət, yaxud mənfi tərəfi rol oynamır. Məsələn, Dostoyevski xarakterində onun iradəsi maksimum həddə idi. Bu iradə onu qumar kozinolarına, edam səhnəsinə qədər aparıb çıxarmışdı. Həm də bu iradə onun yaradıcılığında öz rolunu oynamışdı. Mən yaradıcılığımda nəyə isə azacıq da olsa nail olmuşamsa, bunda sırf qadın emosiyası və duyğuların gücü açıq şəkildə hiss olunur.
 -      Yaradıcılıq bölgünüz necədir, yəni daha çox  hansı janrda yazırsız ?
 -      Bədii yaradıcılığa daha çox üstünlük verirəm. Şeir və nəsr əsərləri yazıram. Publisistikaya nadir hallarda müraciət edirəm. Hansısa bir hadisə məni özümdən çıxaranda məcburən qələmə əl atıram. Reallıqdan bir qədər uzaq romantik insanam. Həm şeir, həm də nəsr əsərləri yazıram. Janrı dəyişmək həm də insanın dəyişkən xarakterindən xəbər verir.
 -      Hekayələrinizin birində belə bir fikrə rast gəldim: “Mənim qadınlarla o qədər də aram yoxdur, mümkün qədər onlarla az ünsiyyətdə olmağa çalışıram”. Bu sözləri bir qadının səsləndirməsi düzgündürmü ? Bəlkə qadın rəfiqələriniz tərəfindən daima xəyanətə uğramısız ?
 -      Yox, mənə kişilərin dünyagörüşləri və həyata baxışları daha çox yaxındır. Onlarla ünsiyyət qurmaq mənim üçün çox rahatdır. Onlarla həmsöhbət olanda özümü daha sərbəst və komplekssiz hiss edirəm. Bəlkə bu bir qədər də qadın eqoistliyindən irəli gəlir. Ancaq az sayda da olsa qadın rəfiqələrim var və ən azından bir – birimizə güzəştə getməklə dostluğumuzu saxlaya bilirik.
 -      Yaradıcı insanlar sərhəd gözləmir, çərçivəyə sığmır və daima aşıb-daşır.Bəs sizin həyat yolunuz necədir ?
 -      Yaradıcı insanlar sərhəd tanımır, sərhədin içində olmaq kütləyə sığınmaqdır. Kütlənin yanında rahatlıq var, hamar yol var. Ancaq bu yol fərdilikdən uzaqdır. Yaradıcılıq isə fərdiliyi sevir. Hiss edirəm ki, ətrafımdakı insanlardan daha çox emosionalam, başqaları üçün adi olan bir hadisəni günlərlə düşünürəm. Yəqin ki, həyat yolum hamar olsaydı yaradıcılığım olmazdı. Mənim narahatlığım dibi görünməyən quyudur…
 -      Yaradıcılıq hər kəsə qismət olmur, elə olsaydı bu dünyada adi insan qalmazdı. Bu istedad ancaq bəzi seçilmiş insanlara verilən bir hədiyyə, ya bir mükafatdır deyərdim. Yaradıcı insanlar da öz həyat yolunu işıqlandırmağa və yeniliklər yaratmağa çalışırlar. Bəs siz öz dünyanızı necə yarada bilirsiz ?
 -      Amma bu seçilməyin, Tanrı tərəfindən “mükafatlandırılmağın”da öz cəzası var. Mən müsahibələrimin birində qeyd etmişəm ki, ədəbiyyat qısqanc ər kimidir. İnsanı real həyata qısqanır.Gərək iş-gücünü atıb onun dalınca gedəsən. Həyat isə gedir. İnsan üçün ağlı kəsə-kəsə tərki-dünya olmaq xoşagələn hal deyil. Dəfələrlə olub ki,  öz dünyamı darmadağın edib real dünyaya qoşulmaq istəmişəm. O zaman baxıb görmüşəm ki, yenidən başqa bir dünya yaratmışam və bu sırf mənim dünyamdır. Real olanlara həmişə inanmışam və realistlərə qibtə ilə baxıram. Mənə görə həyatda məğlubiyyətin yalnız bir adı var – o da məğlubiyyətdir. Qələbənin də eləcə.
 -      Bəs güzgü sizin həyatınızda hansı mövqeni tutub?
 -      Güzgü mənə inam və stimul verir. Həm də mənim iç dünyamın dəyərli atributudur.
 -      Güzgü sizə həqiqəti göstərə bilirmi ?
 -      Həqiqəti daha çox inandığım nöqtələrdə axtarıram və yalnız inandığım yerlərdə xoşbəxtlik tapa bilirəm.
 -      Xoşbəxtlik də həqiqət kimi daima gizli, qıfıllı sandıqlarda olur. Bəs sizin o sandığı açmağa açarınız varmı?
 -      Hər halda daim cəhd edirəm. Xoşbəxtlik bəlkə də ən adi bir şeydir, amma ömür boyu axtarmağa dəyər. Bəlkə də elə insanlar onu tapmaq üçün bir-biri ilə savaşa çıxıblar. Nədənsə insanlara elə gəlir ki, bir – birinin xoşbəxtliyinə şərik çıxırlar. Bəlkə elə paxıllıq hissi də buradan yaranır.
 -       Xaraktercə hansı fəsil sizə daha yaxındır ?
 -      Payız. Təbiətən melonxolikəm, yəqin ona görə də payızı sevirəm. Qəribə də olsa şairlərin dönə-dönə vəsf etdikləri baharı o qədər də sevmirəm.
 -      Bəs yaradıcılığınızda nə kimi yeniliklər var ?
 -      Bu günlərdə “Təzkirədən bioqrafiyaya” adlı bir kitabı türk dilindən Azərbaycan türkcəsinə çevirmişəm. Ağır zəhmət tələb edən bir iş idi, ancaq inanıram ki, bu kitabın oxuculara faydası çox olacaq. Onlara Osmanlı dövrünün ədəbi mühiti ilə tanışlıq imkanı verəcək. Həm də yeni şeir kitabımı nəşrə hazırlayıram.
-      Müasir Azərbaycan ədəbiyyatına ümumi bir nəzər salaq və sizin fikrinizcə ən ağrılı, acılı məqamlar hansılardır ?
 -      Ədəbi müstəvidə indi əsl savaşlar gedir. Bu müstəvinin öz terrorçuları, bombardirləri var. Yazar-yazarı hədəfə götürür. Sadəcə bir- birinə güllə əvəzinə söz atırlar… Necə gəldi təhqir edirlər. Bəlkə də, bir -birilərini yaxşı tanıyırlar ondandır. Bilirlər ki, cəzası ağır olmayacaq. Qəribədir ki, hamını təhqir edən bir yazarın əsərinə kiçik bir irad bildirəndə az qalırlar adamı topa tutsun. Bu əsəb və qəzəb yazılan əsərlərdə özünü biruzə verir və əlbəttə ki,  mənfi şəkildə.
 -      Ədəbi tənqidin zəif olması buna səbəb ola bilərmi ?
 -      Ədəbi tənqidi də elə yazılan əsərlər yaradır.Bu günki Azərbaycan ədəbiyyatının özünə oxşar da tənqidi var. Yazılardakı qərəz və şou elementləri tənqiddə də özünü göstərir.Tənqidçilər nə qədər cəhd etsələr də obyektiv görünə bilmirlər. Sanki hər qrupun öz tənqidçiləri var. Əlbəttə, içində səmimi olanlar da var.

Söhbətləşdi: Könül Səid            merkez.az

Комментариев нет:

Отправить комментарий