Zümrüd Yağmur
İt bir şeyi anlaya bilmirdi, bu dünyada adamların rahat
yaşaması mümkünkən, niyə bu qədər əzab çəkən vardı. Bu dünyanı, adamları kim
yaratmışdı, niyə belə yaratmışdı? Bu yoxsul, bax elə bu havada soyuqdan büzüşüb
qaçışan insanlar, niyə belə yaradılmışdı, yaradan niyə hamını bərabər
yaratmamışdı və qəribə bir iş idi, eyni olan bu qədər qeyri-bərabər idi. Bu
yoxsul insanlar, ağaclıqda qoyub gəldiyi sahibi kimə, nəyə lazım idi?
İt dumanlı, düşünə biləcəyi qədər düşünüb cavab almaq üçün
duyduqları, dərk etdiklərinin kifayət olmadığını hiss etdi. Anladı ki, çox şeyi
dərk edə bilmir, dərk edə bilmir ki, yoxsul, bu əzab çəkən insanlar səbəbdir, o
qaçqın damğası ilə damğalanmış sahibsiz, yoxsul sahibi onları əyənlər, əzib
rahatlıq düzəldənlər üçün səbəbdir. Anlaya bilmədi ki, bu illər ərzində bu
qaçqın damğalıların adına gələn yardımların hesabına nə qədər varlanan, rahat
yaşayan vardı, əzilən milyonların, bu şəhərdəki, bundan o tərəfdə olan
insanları idarə edib onlara xidmət etmək adı altında elə milyon-milyon
zənginliklər qazananlar vardı.
Yoxsullar zənginlərin qurbanlığıdır.
Anlaya bilmədiklərinin
görüntüsünü görüb mat qalan it haradasa, lap dumanlı şəkildə hiss edirdi ki,
nəticələr səbəbləri əzir, didirdi, daha zəlil günə salırdı. Səbəblərə yazığı
gəldi, hətta bu səbəblər öləndən də sonra nəticələr onların canından əl çəkmək
istəmirdi. Və qəbirstanlıqdakı iri başdaşları kiçik başdaşlarını öz kölgəsindən
buraxmırdılar. Segvindi ki, sahibini
belə qəbirstanlıqda basdırmamağı yaxşıdır, onsuz da sahibi səbəb idi,
elə ölüsü də səbəb ola bilərdi, əgər rahat yaşayıb əziyyət çəkməyən bu
adamlardan birinin yanında ölsəydi, yəqin onun ölümünü də səbəbə
çevirəcəkdilər, xeyirxahlıq nümunəsi kimi kiçik bir iş edib, onu yoxsullara
təqdim edib, digər səbəbləri əzmək üçün özlərinin daha da mərhəmətli
olduqlarına inandıracaqdılar.
Bu yoxsul, ac, qaçqın
insanlar bunları başa düşmürdümü, İlahi?!
Yaxşı bəs Allah niyə bir qisim bəndəsini nəticələrə səbəb
yaratmışdı?! Bu yoxsullar olmasaydı, birisi keyfiyyətsiz, xəstəlikdən
başqa bir şeyə səbəb olmayan bir malı
kimə satıb zənginləşəcəkdi?! Bu adamların dünyasında niyə bu qədər
ədalətsizlik, eybəcərliklər vardı?! Bunları anlamağa çalışdıqca, it burnuna
dolan suyu fınxırıb it olduğuna sevindi.
Axşam düşənə qədər bir şey tapmaq ümidi ilə dolaşdı.
Sahibinin yanına qayıdanda suda islanmış bir çörək parçasından başqa bir şey
tapa bilməmişdi. Ağacların arasından keçib sahibinin cənazəsinə yaxınlaşdı,
hərəkətsiz dayanıb key nəzərlərlə uzanmış sahibinə baxdı, ürəyi lap qüssə ilə
dolmuşdu. Bu dünyada tamam tək-tənha qalmışdı, bundan sonra necə olacaqdı, necə
yaşayacaqdı, bilmirdi.
Bir qədər də belə
keçdi, daha dözməyə halı qalmamışdı, neçə gündən bəri soyuqda qalması lap
ürəyini göynətdi. Dəhşət idi, bu dünyada tək bir sahibinə də yiyə dura
bilmirdi. Bu fikirdən sonra heç dayana bilməyib ətrafa göz gəzdirdi. Bir qədər
kənardakı açıq yer diqqətini cəlb etdi, irəli yeriyib çalaya bənzər yeri
diqqətlə nəzərdən keçirdi, çalaya düşüb yeri didməyə başladı. Torpaq yumşaq
idi, palçıqlı olduğundan dırnaqlarına yenə sürətlə qazmağa başladı,
pəncələrində taqət qalmamışdı, bir azdan qazdığı çalanın kifayət olduğunu hesab
edib, azca dincəldikdən sonra sahibinə tərəf süründü. Yarpaqları təmizləyib,
sahibinin didik-didik olmuş köynəyin qolundan yapışıb dartdı. Sahibi təsəvvür
etdiyindən ağır idi, olan-qalan gücünü toplayıb bir daha dartdı, beləcə uzun
müddət əlləşdikdən sonra sahibini qazdığı çalanı yanına qədər çəkib gətirdi.
Amma əsas məsələ sahibini məzara qoymaq idi, it ürəyi ilə hiss etdi ki,
sahibini itələyib çalaya salmaq düzgün deyil, sahibinin baş tərəfinə keçib bu
dəfə çiyinlərindən dartıb, bir qədər çalaya yaxınlaşdırdı. Sahibinin quruyub
taxtaya dönmüş cəsədi təkanla bir kötük kimi çalaya düşüb iti də özü ilə
birlikdə məzara dartdı. İt çalaya yıxıldı, pəncəsi cəsədin altında qalıb dartındı. Zingildəyib
pəncəsini azad etdi, çaladan çıxıb ağrı, yorğunluqdan hərəkətsiz
qaldı.Dırnaqları, bütün bədəni gizildəyirdi, pəncəsini yaladı, başını uzadıb
gözlərini yumdu.
Aclıqdan əziyyət çəksə də, indi dərdi təklik dərdi idi, indi
bu şəhərdə, ilk baxışdan sevə bilmədiyi bu yerlərdə tamam tək qalmışdı. Ürəyinə
axan qüssədən şikayətli-şikayətli zingildəyib aşağı süzülən göz yaşlarını
pəncəsinə sürtdü. Kəsik-kəsik ulayıb ağladı, qapqara göy üzünə göz gəzdirib bu
dünyada təkliyin bütün nisgilinin dəhşətini hiss etdi. Adam olmağın dərdi böyük
idi, it bunu sahibinin nisgilindən, tanımadığı məzarların üstündə ağlayan hiss
etmişdi, amma bilməmişdi ki, it olmağın dərdi böyükdür, o qədər böyük ki, bu
dərdi anlatmaq, tam anlamağın özü çətindir.
İt olmağın dərdi, bu dünya, bu gecənin qaranlığında, bu
soyuqda ağlamaq idi, üzünü göyə tutub kimsənin başa düşmədiyi it dili, it
naləsi ilə ağlamaq-ulamaq idi və bir də dərdini kimsənin anlamaması...
Bütün dünyadan küsmüş halda, qaranlıqda seçilməyən sahibinin
cənazəsinə tərəf baxıb üstünü torpaqla örtmək üçün səhərin açılmasını gözləməyi
qərara aldı.
Başını güclə qaldırıb
gözlərini açanda səhər açılmaq üzrəydi. Sahibini qoyduğu çalaya yaxın gəlib
əyildi, yoxlamaq üçün başını çalaya sallayanda, burnuna dəyən sudan diksinib
geri atıldı. Təkrar irəli yeriyib çalaya baxanda dəhşətdən tükləri qabardı.
Sahibinin məzarı suyla dolmuşdu, təşvişlə burnunu suya soxub cəsədin
çiyinlərindən yapışıb bu dəfə bayıra çıxarmaq üçün dartmağa başladı. Cəsədi
çıxarıb hərəkətsiz qaldı.
Bu nə idi, bu dünya, torpaq kimsəyə lazım olmayan, öləndə
zər-ziba icində basdırılmayan, ölümündən kimsənin xəbəri belə olmayan kimsəsizi
qəbul etmək istəmirdi. Nə dirisini görüb bilən olmuşdu, nə ölüsünü. Bu
qanunauyğunluğun mahiyyəti vardısa, necə eybəcərlik idi? İlahi, bu nə hikmətdir
ki, birinin bəxti gətirmək üçün digərinin bəxti qara olmalıdır?!
Və bu qara tale birinin diriykən taleyinə düşdüsə, demək,
elə ölüsü də qara bəxtli olacaq. İt bu dünyanın işlərini düşünüb-düşünüb bir
şey anlaya bilməyəcəyini anlayıb qərara aldı ki, heç düşünməyə dəyməz, elə
yəqin belə də olmalıdır, yəqin yaradan, yazan belə rəva görüb, belə
qərarlaşdırıb...
Sahibinin meyidi tamam islanmışdı, sakitcə şöngüyüb kədərli,
islaq gözləri ilə cəsədə baxdı. Sonra asta-asta başını qaldırdı, yağış tam
kəsməsə də, səngimişdi.
Daha səbri tam tükəndi, başını aşağı salıb ayaqlarını
sürüyə-sürüyə naməlum istiqamətə üz tutdu, nə qədər getdiyini bilmədi, qəfil
əyilib qulaqlarını şəkləyib ətrafa baxdı. Ağacların hər biri ona tənha adamı
xatırladırdı və ağaclara da yazığı gəldi, bu ağaclar kimə lazım idi, bu bəxti
gətirməmiş ağacların dəyəri nə idi?! İt özünün dəyərsiz, verciz olduğunu təkrar
düşünüb birdən dikəldi, sol qulağını daha da qaldırıb ətrafı dinləyirmiş kimi
dörd yanına baxdı. Bura hara idi, sahibi haradaydı? Qəribə bir qüvvə hiss edib,
irəli atılıb gəldiyi yolla geri qayıtdı. Sahibini belə, açıq havada, bu yazıq
ağacların əhatəsində qoyub getmək olmazdı, o, istəmirdi ki, belə etsin, qüvvəsi
özünə qayıtmışdı elə bil, sahibinə çatan kimi onun çiyinlərindən tutub yenə
harasa dartmağa başladı...
İt sahibini basdırıb üstünü torpaqlayanda artıq axşam
düşmüşdü. Diqqətlə hər şeyi gözdən keçirdi, məzarın üstünə tökdüyü torpağı
pəncələri ilə təkrar-təkrar sığallayıb hamarlamağa çalışdı, sonra ətrafdakı
çör-çöp, yarpaqlardan məzarın üstünə töküb ayaq tərəfində uzandı. Hiss etdiyi
güc hələ də onu tərk etməmişdi, indi ancaq məmnunluq hissi vardı, başqa heç
nə...
Gecədən keçmiş göyün üzünə baxıb uladı, sahibinin yatdığı
torpağa üzünü sürtüb başını elə o torpağın üstünə qoyub, gözlərini yumdu. Tək nigarançılıq
sahibini burada kimin, nəyinsə narahat etməsi idi, amma onu başqa bir yerdə
basdırmaq imkanı olmamışdı. Məzarın ayaq ucunda uzanıb gözləri yumulu halda
sahibinin son dəfə hərarətini, istiliyini necə, hansı şəraitdə hiss etdiyini
xatırlayıb içinə dolan qüssədən yenə ağladı. İtlərin ağlamağını adamlar
görmürdülər, amma it sahibinin ağladığını dəfələrlə görmüşdü, hər dəfə də
sahibinə qoşulub it ürəyi ilə ağlayıb, sızlamışdı. Ən kədərlisi, dəhşətlisisə
bu idi ki, sahibinin ölməsindən, onun tək qalmasından bu dünyada kimsə xəbərdar
deyildi, kimsə onların yoxluğunun, kədərinin fərqində olmayacaqdı. Min-min,
milyon-milyon adamların fərqində olmayan bu dünya belə kimsəsizin heç fərqində
olmayacaqdı. Bu dünyanın səbəblə əlləşən, səbəblə hesablaşan vaxtı olmamışdı,
əsas nəticə idi, it belə görmüşdü və it ağlı ilə hiss edirdi ki, bundan sonra
da belə olacaq.
Gecənin belə sabahladı. Məzarının ətrafında fırlanıb təkrar
bir müddət ayaq ucunda oturub gözlədi, elə bil it ürəyi bu dəqiqə
partlayacaqdı. Bu, nə dərd idi... Allah, o adamları etinasız olan bu şəhərdə
necə qalacaqdı?!
Yenə əvvəlki günləri,
qoyub gəldikləri o torpaqlarda sahibi ilə keçirdiyi günləri xatırladı. Qəfil,
özünə belə aydın olmayan bir titrəyişlə sıçrayıb, döyükdü. O torpaqlarda qoyub
gəldikləri məzarlar yaddaşına gəlmişdi. İt mat qalıb hərəkətsiz dayandı, o
torpaqların, məzarların hikmətini indi anladı, adamları göynədən məzar dərdini
indi anladı, anladı ki, məzar son ümiddir, insanın bitməməsinə özünü inandırmaq
üçün uydurduğu bir yalandır və bu nağıl əslində insan üçün ən böyük
gercəkdir...
İnsan özünü həyatla
aldadıb ovundurmağı bacardığı kimi, məzarla da özünü ovundururdu və yalnız indi
sahibinin hərdən tanımadığı birinin məzarına gedib orada oturub ağlamasının
səbəbini anladı...
İt məzardan ayrılıb ağaclıqdan çıxdı. Sürətlə irəliləyirdi,
heç kimə, bu qaynar şəhərin etinasızlığına fikir vermirdi, beynində o
torpaqlar, o torpaqlarda qoyub gəldiyi məzarlardan başqa heç nə yox idi.
Başını sinəsinə sıxıb birdən dayandı. Dönüb gəldiyi yollara baxdı,
artıq şəhərdən aralanmışdı, sahibi ilə orada qalmışdı, ömürlük, həmişəlik. Və
it başa düşdü ki, sahibini qoyub gəldikləri torpaqlara heç vaxt apara
bilməyəcəkdir. Ölmək istəyirdi, amma xatırlayanda ki, bu boyda dünyada
sahibinin varlığından, ölümündən, məzarından ondan başqa kimsə xəbərdar
deyildi, yaşamaq ümid artdı, o sahibi üçün yaşamaq istəyirdi.
Sahibi əslində o öləndə tam öləcəkdi.
İt yoluna davam etdi. Aramla, tələsmədən gedirdi, onu bu
etinasız adamların yaşadığı yerə gətirmiş bu yol, indi onu qoyub gəldiyi
torpaqlara çəkirdi.
O gün növbəti qaranlıq dünyanın üstünə səpələnəndə it o
torpaqlara tez çatmaq ümidi ilə irəliləyirdi, sahibi, etinasız olsalar da, yad
olmayanların arasında idi.
İt yadların arasında əsir qalmış məzarların keşiyini çəkməyə
gedirdi...
Комментариев нет:
Отправить комментарий