21.09.2012

Şəbnəm Karslı. VƏTƏN

Vətən, səni sevirəm!
Hər şeyini, hər acını sevirəm.
Möhtac qoyduğun bir tikə çörəyini,
Allah kəliməsi dilindən düşməyən
Allahsızlarını,
ağlamaqdan gözləri şişmiş
balası ac analarını,
hər şeyini sevirəm, Vətən!
Haqq deyən dil sahibinin
ağzından dəyən gülləni,
ədalətli oğlumun
ədalətsiz türməndə

sındırılmış barmağını,
bağlı divarlar arxasında
zorlanaraq sevgilin olammayan
ən gözəl insanını,
kişilikdən məhrum edilmiş
ər oğullarını,
hər şeyini sevirəm, Vətən!

Ehtiyacım olan
yaşanmamış hissləri, sevgiləri,
sevdiklərimin, sevgilimin
və bir də özümün özümə
xəyanətlərini,
kor adətlərinin məhrumiyyətlərini,
hər şeyini sevirəm, Vətən!

Bir az da sən sev məni,
Qara torpağınla qucaqla bədənimi,
sevişim bu torpağa axan
şəhidin olmuş oğulların qanı ilə,
saçlarımı ağır daşın oxşasın,
başım üstə tək yananım-anam ağlasın.
Buludlara uçum və ordan da
tüpürüm vətən sevgisindən yazan
bütün şairlərin üzünə...
Hər şeyini sevirəm, Vətən!

Zatən gedəcək yerim yox!!!

Комментариев нет:

Отправить комментарий