Filologiya elmləri doktoru, professor Əbülfəz Rəcəbli “Talış dilinin fonetikası” Bakı, “Nurlan” 2009 səh.17-39.
Hirkan qəbilələri də Atropatendə – Xəzər dənizinin cənub-qərb sahillərində yaşamışlar. Dionisi Periyeqet göstərir ki, alban və kadusilərlə yanaşı mardlar, hirkanlar və tapirlər də yaşayırdı. Qədim zamanlarda Xəzər dənizi də bu qəbilənin adı ilə Hirkan dənizi adlanmışdır. “Hirkan dənizi” ifadəsini də ilk dəfə bizim eradan əvvəl Hekateyin əsərində rast gəlirik.
Məlum olduğu kimi, antik müəlliflər, hirkanların albanlar və kadusilərlə qonşuluqda yaşadıqlarını qeyd edirlər. Strabona görə (XI, 7, I) hirkanlar Xəzər dənizinin cənub-qərb sahillərində Xəzərlərin geniş yayıldığı yerlərdən ta onun Midiya və Erməni dağları ilə qovuşduğu yerlərədək geniş ərazilərdə yaşayırlar. Diqqət yetirilsə, bu yerlər həmin müəllifin kadusilərin yaşadığını göstərdiyi yerlərlə eyniyyət təşkil edir. Prissan isə yazır ki, “kadusilərin yaxınlığında hirkanlar yaşayır”. Strabon xəzər dənizi sahilində yaşayan xalqları cənubdan şimala doğru sadalayaraq qeyd edir ki, hirkanlardan sonra amardlar, anariklər, albanlar, kaspilər, utilər yaşayır (XI, 8, 8). Digər antik müəllif – Rufi Fest Xəzər dənizi sahillərində yaşayan xalqları bu sıra ilə sadalayır: cəngavər skiflər, acıqlı albanlar, qana həris kadusilər, cəld mardlar, hirkanlar və tapirlər (К.Г.Алиев. Античные источники по истории Азербайджана, Баку, 1986, səh.98).
Artıq yuxarıda göstərdiyimiz kimi, hirkan qəbilələrinin adı Lənkəran rayonundakı Hirkan meşəsi və Hirkan qoruğu toponimlərində qorunub saxlanmışdır.
Beləliklə, nəticə olaraq demək olar ki, müasir talışlar qədim irandilli kadusi, gel və hirkan qəbilələrinin birbaşa nəsilləridir.
Son zamanlarda ədəbiyyatda talışların türklərlə farsların qarışığından ibarət olması haqda fikrə də rast gəlmək olur. Məsələn, belə bir fikir tarix elmləri namizədi Əbülfəz Əliyev tərəfindən irəli sürüldü. “azərbaycanda olan bəzi etnik qruplar, məsələn, tatlar (bizim fikrimizcə müəllif burda talışları nəzərdə tutduğundan bu söz əslində talışlar olmalı idi R.H.) farslarla türklərin qarışığından yaranıb (“Azadlıq” qəzeti, 21 iyun 1991-ci il). Ümumdünya tarixindən məlumdur ki, iki çarpazlaşan dildən biri qalib gəlir, digəri isə tarix səhnəsindən çıxır. Qalib gəlmiş dil öz qrammatik quruluşunu qoruyub saxlayır, məğlub olmuş dilin leksikası (sözləri) hesabına qismən zənginləşir. Dil millətin, xalqın əsas atributu olduğu üçün, deməli iki çarpazlaşan xalqdan, millətdən də biri qalib gəlir, digəri, fərdlər kimi qalsa da (dilini dəyişib fərdlər kimi qalır), millət kimi, xalq kimi tarix səhnəsindən çıxır. İki dilin çarpazlaşmasından üçüncü bir dil yaranmadığı kimi, iki xalqın, millətin çarpazlaşmasından (Ə.Əliyedə: qarışmasından) üçüncü bir xalq, millət yarana bilməz, hələ ki, dünya tarixində belə hadisə baş verməmişdir.
Son zamanlar ədəbiyyatda talışların mənşəyi haqqındakı fikir daha da “inkişaf” etdirilmişdir: indi talışların farslarla türklərin qarışığından yaranması fikri “alimləri” təmin etmir, ona görə də talışların pozuq fars dilində danışan türklər olması haqqında “yeni elmi nəzəriyyə” irəli sürülür. Bu baxımdan Rəfiq Zəka Xəndanın “Aydınlıq” qəzetinin 13 dekabr 1991-ci il nömrəsində dərc edilmiş “Talışlar əski türklərdir” adlı məqaləsi daha səciyyəvidir. Məqalə elmi baxımdan o qədəır savadsız yazılmış, faktlar o qədər kobud surətdə təhrif edilmişdir ki, bu məqaləyə diqqət yetirməyə dəyməzdi. Lakin pis nümunə yoluxucu olur deyirlər. Artıq ədəbiyyatda həmin fikrə rəğbətlə yanaşan, onu təsdiq edən iddialara rast gəlmək olur. Buna görə də həmin fikrə münasibət bildirmək lazımdır.
Rəfiq Zəka Xəndan yazır: “Dünyaya Azərbaycanda göz açan talışlar özlərini “talış” deyil, “tölis” adlandırırlar”. Müəllif səhv edir, daha doğrusu, faktı öz məqsədinə uyğunlaşdırmaq üçün saxtakarlıq edir. İndiyədək bir nəfər də belə olsun talış özünü “töliş” adlandırmamışdır, talış özünü ya “tolış”, ya da “toloş” adlandırır. Müəllifin özünün dediyinə görə, qəzet həmin sözü səhv yazmışdır (məncə, söz bir yerdə səhv olaraq “təliş” kimi getsə idi, bunu qəzetin üstünə yıxmaq olardı, amma həmin söz hər yerdə “təliş” şəklində işlənir ki, qəzet bu böyüklükdə səhv edə bilməzdi), müəllif həmin sözü “töliş” şəklində işlətmişdir. Düzdür, bu yerdə (türkdilli təliş qəbiləsi haqqında danışdıqdan sonra) müəllif bu sözü ö səsi ilə işlədir: “Bu baxımdan bu gün Azərbaycanımızda yaşayan əski türk qəbiləsindən olan talışların özlərini yapma “azərbaycanlı” deyil, “töliş” adlandırmaları da təbiidir”. Əgər belədirsə, daha pis. Talış dilində “ö” səsi yoxsa, onun soyadında, özünü adlandırmasında həmin səs iştirak edə bilməz. Mən bu məsələdə də – dilində olmayan səslə özünü adlandırmağa da dünya tarixində analogiya görməmişəm.
Rəfiq Zəka Xəndan sözünü davam edərək yazır: “Bu günə qədər “təliş” sözünü açıqlayan tək bir alimlə rastlaşmamışıq. “Təliş” nə deməkdir? Bu söz haradan alınmışdır? Bu suala cavab almaq üçün tarixi sənədlərə üz tutmalıyıq. Bu sənədlərdən biri də böyük türkçü, görkəmli türk alimi Bahaəddin Ögəl bəyəfəndinin 1971-ci ildə İstanbulda Milli Əgitim Basımevinin Dövlət Kitabları seriyasından buraxılmış “Türk kültürünün gəlişmə çağları” adlı elmi monoqrafiyasının ikinci cildidir. Türk toplumunun gəlişməsi, ailə və boy düzəni, soylar, boylar və budunlar, soylardan boyların törəməsi, türklərdə millət anlayışı kimi mövzulara toxunan Bahaəddin Ögəl bu monoqrafiyasında təlişlərin (talışların) əski türk boylarından olması haqda geniş danışır. Həmin kitabdan gətirdiyim örnəklər talışların türk olduqlarını elmi şəkildə təsdiqləyir”. Müəllifin bu sözləri haqqında aşağıdakıları demək olar.
1. müəllif yenə də saxtakarlıq edir. Bahaəddin Ögəlin əsərində “təliş” sözündən sonra mötərizədə talış sözü yoxdur və ola da bilməz, çünki bir qədər sonra söyləyəcəyim səbəbdən özünə az-çox hörmət edən hər hansı bir alim “təliş” sözündən sonra mötərizədə “talış” sözünü yazmaz.
2. Bahaəddin Ögəlin 1971-ci ildə çapdan çıxmış əsəri tarixi sənəd deyil, elmi tədqiqat işidir. “Tarixi sənəd” və “elmi tədqiqat əsəri” məfhumları arasındakı nəhəng fərqləri müəllifə başa salmağa artıq hesab edirəm.
3. Rəfiq Zəka Xəndan bir məsələdə haqlıdır: “təliş” sözünün açıqlamasına heç bir əsərdə rast gəlinməmişdir, öz tərəfimdən qeyd edirəm ki, rast gələ də bilməz. Hətta onun isnad etdiyi Bahaəddin Ögəlin əsərində də bu sözün etimologiyası yoxdur. Çünki bu söz Rəfiq Zəka Zəndanın fantaziyasının məhsuludur.
4. Bahaəddin Ögəlin əsərində “təlişlərdən” yox qədim türk qəbilələri tölişlərdən (əslində onlar özlərinə “təliş” yox “tölis” deyirlər) söhbət açılır. Bahaəddin Ögəl isə tölislərdən söhbət açan birinci və sonuncu tədqiqatçı deyildir; qədim türk qəbilələrinin tarixinə həsr edilmiş yüzlərlə elmi əsərdə tölis qəbilələrindən də danışılır. Görünür Rəfiq Zəka Xəndanın həmin əsərlərdən xəbəri yoxdur.
Daha sonra Rəfiq Zəka Xəndan sözünü davam edərək Bahaəddin Ögəlin əsərindən uzun bir sitat gətirir (sitat türkcədir): “Doğru Gögtürk dövlətində töliş və tadrus boylarının meydana gətirdikləri iki başkomutanlıq, dövlətin ana ordusunu meydana gətiriyorlardı. Uyğur dövləti qurularkən də 9 soyu uyğur boylarına basmıl və karluklar da qatılmış və böyləcə II “tutuk” meydana gətirmişdir...
Sələnqə, Orkun və Tola irmaqlarının çərçivəsində oturan Uyğur boylarının tülünə birdən töliş adı verilirdi. Bunların geniş bölgələrinə yayılmalarına və bir çox boylara ayrılmalarına rəğmən, aralarında qan, kültür, dil və tarix bağları vardır. Məsəla, bütün bu ”boy qrupları, kəndilərini Gögtürklərdən kəskin olaraq ayırıyorlardı. Fəqət Gögtürklərlə əqrəba olduqlarını da biliyorlardı. Kəndiləri türk idilər. dilləri də türkcə idi. Buna rəğmən ayrı bölgələrdə yaşamış bir türk zümrəsi və Ortaasiya xalqlarının önəmli bir bölümü olduqlarının də fərqində idilər. bu qrupun başlıca boyları şunlardır: Dokuz-Oğuz, Bayırku, Buğu, Tonqra, Tələngit, Ədiz, Çibi, Səkəl, hun və s. Çin tarixçiləri bütün bu boyların həpsini birdən “Töliş-bu”, yəni “Töliş bölümü” və ya qrupu diyorlardı. Böylə deməklə də Uyğurları meydana gətirən bütün boyları, digər Ortaasiya türklərindən kəskin olaraq ayrılmış olurlardı. Sonradan bu boyların həpsinə birdən Uyğurlar da dönmişdir”.
Mən burada Ögələ cavab vermək, onun səhvlərini təhlil etmək fikrində deyiləm; bu mənim məqsədimə daxil deyildir. 2003-cü ildə mənim qədim türk qəbilələrinin tarixinə həsr edilmiş “Ulu türklər” adlı əsərim çapdan çıxmışdır. Orada mən türklərin, göytürklərin və uyğurların tarixini müfəssəl araşdırmışam. Oxucu bütün qədim türk qəbilələri, o cümlədən tölis qəbilələri haqqında da müfəssəl məlumat tapa bilər. Burada əsas məqsədim qədim türk tölis qəbilələri ilə müasir talış xalqı arasındakı münasibətləri açmaqdır.
Bahaəddin Ögəl bir məsələdə haqlıdır: tölis qəbilələri Göytürk və Uygur xaqanlığının (dövlətinin) tərkibinə daxil olmuşdur. Mən onun dediklərinə bunu da əlavə edərdim ki, tölis qəbilələri Göytürk xaqanlığından əvvəl mövcud olmuş Türküt xaqanlığının və Uyğur xaqanlığından sonra yaranmış kırğız (qırğız) xaqanlığının tərkibinə daxil olmuşdur. Lakin Bahaəddin Ögəl tölislərin Orta Asiyada yaşadıqlarını söyləməkdə yanılır. Göytürklərin özlərinin yazdıqları Kül tigin, Bilgə xaqan və Tonyukuk abidələrində deyilir ki, tölislər Göytürk xaqanlığının şərq cinahını təşkil edir. Göytürk xaqanlığının mərkəzinin (ordasının) Monqolustanın mərkəzində Tola çayının Orxon çayına tölislərin Monqolustanın şərqində yaşadıqları aydın olur.
Türküt xaqanlığı 546-cı ildən 630-cu ilədək, Göytürk xaqanlığı 682-ci ildən (əslində 689-cu ildən) 745-ci ilədək, Uyğur xaqanlığı 745-ci ildən 842-ci ilədək, Kırğız xaqanlığı 840-cı ildən 1040-cı ilədək yaşamışdır. Bütün bu xaqanlıqlar Mərkəzi Monqolustanda mövcud olmuşdur və tölis qəbilələri də həmin dövrlərdə Monqolustanın şərqində yaşamışdır.
Müasir talışların ulu babaları gellərin, hirkanların, xüsusən kadusilərin bizim eradan əvvəl II minilliyin sonu I minilliyin əvvəllərindən indiki talış mahalında yaşadıqları məlumdur. Hər halda bizim eradan əvvəl 331-ci ildə İran şahı III Dara ilə makedoniyalı İsgəndər arasında Qavqamel yaxınlığında baş vermiş döyüşdə kadusilərin müstəqil hərbi qüvvə kimi Atropaten dövləti tərəfində yunanlara qarşı vuruşduqları antik qaynaqlarda qeyd edilmişdir. Etiraz edə bilərlər ki, onlar kadusilər, gellər və hirkanlar idi, bunlar talışlardır. Talışların öz məxsusi adı ilə, yəni talış adı ilə indiki talış torpaqlarında yaşadığı da qədimdən məlumdur. Məsələn, ərəb səyyahı Əbu-qasim Übeydullah ibn Abdullah ibn Xodadbeh 846-cı ildə yazıb bitirdiyi “Yollar və məmləkətlər haqqında kitab” adlı əsərinin 118-ci səhifəsində ət-Taylasan (talış) torpağı haqqında danışır. Digər ərəb səyyahı Əbu Həmid əl-Əndəlusi əl-Qərnati 1162-ci ildə yazdığı “Ağıllara töhfə və möcüzələrin seçilməsi” adlı əsərinin 44-cü səhifəsində artıq talış xalqı (talış adı ilə) haqqında danışır. Məlum olduğu kimi, bütün tarixi mənbələrin yazdığı kimi, qədim türk tölis qəbilələri həmin bu tarixdə, yəni IX-XII əsrlərdə Monqolustanın şərqində yaşayırdı. Məşhur fizika qanunlarında deyilir ki, bir cisim eyni zamanda iki məkan tuta bilməz. Məncə, bu fizika qanunu Rəfiq Zəka Xəndanın iddiasına cavab verir: talışlar eyni zamanda həm Monqolustanın şərqində yaşayıb türk dilində, həm də indiki talış torpaqlarında yaşayıb talış dilində danışa bilməzdilər.
Yeri gəlmişkən, Bahaəddin Özəl əsərinin heç yerində tölislərin müasir talışların ulu babaları olduğunu iddia etmir.
Ərəb tarixi qaynaqlarının verdiyi məlumata görə, talışların ulu babaları elə talış adı ilə IX-XII əsrlərdə müasir Azərbaycan ərazisində, indi yaşadıqları yerlərdə yaşamışlar. B.V.Miller talış dilinin qədim azəri dilinin törəməsi haqqında fərziyyə irəlio sürmüş (Б.В.Миллер. Талышский язык, Москва, 1953, səh. 254-263), V.B.Henninq həmin fərziyəni müdafiə etmişdir (W.B.Henning. The ancietic language of Azerbaijan – Transaction of Philological Society, London, 1955, p.176). Azəri dilinin XIV əsrə aid olan nümünələri İran alimi Əhməd Kəsrəvi 1946-cı ildə Tehranda nəşr etdirmişdir (Ahmad Kesravi. Azəri ya zabane bastane Azarbaijan, Tehran,1946).
Mən ümumiyyətlə müəyyən bir xalqın müəyyən bir yerdə əzəli olması, yəni xalqın elə orada “doğulması”, indi yaşadığı ərazidə yaranması, necə deyərlər, toxum kimi həmin torpaqda cücərməsi, təşəkkül tapması, orada formalaşması və təşəkkül tapdığı zamandan orada yaşaması fikrinin əleyhinəyəm. Mən bu fikirdəyəm ki, bəşəriyyət yaranandan bütün qəbilələr və xalqlar bu və ya digər şəkildə bir yerdən başqa yerə miqrasiya etmiş, başqa torpaqlarda məskunlaşmış yerli sakinləri (aborigenləri) ya qırmış, qovmuş, onların ərazisində yerləşmiş, ya da həmin torpağın avtoxton əhalisi ilə qaynayıb qarışmış – ya mənşəcə ona qalib gəlmiş, ya da onun içində əriyib getmişdir. Artıq sübut edilmişdir ki, Amerikanın hindu qəbilələri o yerlərə Asiyadan köçmüşlər. Tarix buna da şahidlik edir ki, məsələn, ingilislər, almanlar, fransızlar, macarlar, finlər, şərqi slavyanlar (rus, Ukrayna, beloruslar), türklər, ermənilər, farslar və başqaları indi yaşadıqları yerə sonradan gəlmişlər. mən “kadusilər talışların indi yaşadıqları torpaqların əzəli sakinləridir” deyəndə talışların indiki Talış zonasında torpaqdan cücərdiyini nəzərdə tutmuram. Güman ki, talışlar da bu yerlərə gəlmişlər. Hər halda tarixə bizim eradan əvvəl və 1500-cü illərdə özünü arilər adlandıran hind-Avropa dilli İran qəbilələrinin qəbilələrinin indiki İran ərazisinə gəlmələri haqqında məlumata rast gəlmək olur: onlar İran ərazisinə şimaldan gəlmişdilər (Современный Иран, Москва, 1975, səh.110). Lakin, nə vaxt? Tarix bu suala cavab verə bilmir, tarix kadusilərin indiki Talış zonasına nə vaxt miqrasiya etdiklərinə şahidlik etmir. Mən “kadusilər talışların indi yaşadıqları torpaqların əzəli sakinləridir” deyəndə bunu nəzərdə tuturam. Buna görə də bu və ya digər xalqın bu və ya digər ərazidə yaşamasının qədimliyindən danışarkən yalnız və yalnız həmin xalqın bu yerlərə miqrasiyasının qədimliyindən, miqrasiya prosesinin qədimliyindən söhbət gedə bilər. Mən talışların bu yerlərin əzəli sakinləri olmasını deyərkən məhz bunu nəzərdə tuturam və tarixin əlçatmaz, ünyetməz dərinliklərində Talış torpağında başqa xalqın yaxud xalqların yaşamadığını iddia etmək fikrindən uzağam.
Talışların Qafqazın avtoxton əhalisi olması haqqında bir mənbədən oxuyuruq: “Bu gün kimsə şübhə etmir ki, əvvələn, talışlar Qafqazın qədim avtoxton əhalisinin nəsilləridir, güman ki, midiyalıların mədəniyyətinin varisləridir, çünki vaxtilə talış diyarı Azərbaycanın başqa əraziləri ilə birlikdə qədim midiya dövlətinə daxil idi; ikincisi, bir neçə əsr ərzində talışlar fəal surətdə Azərbaycan mədəniyyətinə qoşulmuşdur. İrandilli talış əhalisinin türkləşdirilməsi prosesi əvvəllər də, hələ VI – VII yüzilliklərdə, türkdilli qəbilələrin şimaldan irəliləmələri zamanı baş vermiş və XI – XII yüzilliklərdə, xüsusən XIII yüzillikdə güclənmişdi. XVII yüzilliyin sonunda Talış xanlığının əsası qoyulur. Xanlıq 1812-ci ildə Rusiya imperiyasının tərkibinə daxil olur. Bu hadisə əvvəlcə Gülüstan (1813-cü il), sonra isə qəti surətdə Türkmənçay (1828-ci il) müqavilələri ilə möhkəmləndirilir” (“Soyuz” qəzeti).
Talış torpağı bir tərəfdən dəniz (Xəzər dənizi), o biri tərəfdən sıx meşəli dağlar (Talış dağları), şimaldan və cənubdan bataqlıq və cəngəlliklərlə əhatə olunduğu üçün yad qəbilələrin basqınına az məruz qalmamışdır. Talış torpaqlarına yadellilərin az-az hücum etməsini mən bir də onların ən qədimdən indiyədək sülhsevər bir xalq olması ilə də izah edərdim. Tarix yalnız bir dəfə yad qəbilələrin talış ərazisinə həmləsinə şahidlik edir: XIII əsrdə Hülakülər Azərbaycanı işğal edərkən (tarix kitablarında İranı işğal edərkən yazılır, çünki o vaxt Azərbaycan dövləti yox idi və Talış İran dövlətinə daxil idi) bir neçə monqol ulusu Talışda məskunlaşmışdı. Tarixçilər Lənkaran rayonundakı Xarxatan (talışca Xaxarton) kəndinin mənşəyini monqollarla əlaqələndirirlər (müəllifin hansı mənbələrə əsaslandığını deyə bilmərəm, ancaq “Əxbərnamə”də də bu kəndlə bağlı məlumatlar var. Mənim bildiyimə görə isə, bu kənddə ağır seyidlər yaşayır. Seyidlər isə bildiyimiz kimi daha çox ərəb nəsilləridir. Xarxatan kəndinin relyefi də, bunu deməyə əsas verir ki, təqib olunan İmam övladları məhz bu ərazidə məskunlaşa bilərdilər. Tarixdən də məlum olduğu kimi, xilafətdə olan Əməvilərin, ondan sonra isə Abbasilərin uzun sürən təqiblərindən qaçan İmamlar və onların yaxın qohumları İran və Azərbaycan ərazisinə qaçmış və daha çox əlçatmaz yerlərdə məskunlaşmışdılar. Amma, hal-hazırda bu kənddə talış dilində danışmayan tapmaq çətindir. Hətta qonşu kəndlərlə müqayisədə, bu kənddə evdə də uşaqlarla talış dilində danışılır. (R.H.)); indi bu kəndin əhalisi talış dildə danışır. İranın və Azərbaycanın bütün ərazisini işğal edən və Azərbaycan ərazisindən Dağıstana hücum edən ərəblər də, dəfələrlə İrana və Şərqi Avropaya, habelə Bizansa hücum edən Orta Asiya ordaları da Talışdan yan keçmişdir. Beləliklə, talışlar uzun müddət tarixin keşməkeşində özlərinin etnoqrafik özünəməxsusluqlarını qoruyub saxlaya bilmiş, Orta Asiyada və Azərbaycanda (eləcə də dünyanın çox yerində) əsrlər, minillər boyu qanqarışması prosesindən kənarda olmuşlar. Yalnız səlcuq türklərinin XII yüzillikdə İranı və Azərbaycanı işğal etməsinin talışlara təsiri olmuşdur. Məhz bu dövrdə talışlar indi Lənkəran – Astara (əslində talış olmalıdır) ovalığı adlandırılan düzənin meşəsiz hissəsindən sıxışdırılmışdır: bu yerlərdə türklər məskunlaşmışdır.
Talışların ən çiçəkləndiyi dövr Azərbaycanda Səfəvilər sülaləsinin hakimiyyəti illərinə (XV yüzilliyin sonundan XVIII yüzilliyin iyirminci illərinədək) düşür. Məlum olduğu kimi, Azərbaycan tarixində görkəmli rol oynamış qüdrətli Azərbaycan hökmdarı Şah İsmayıl Xətai Fatehin ulu babası, Səfəvilər xanədanının əsasını qoyan Şeyx Səfiəddin İshaqın (1252-1334) gəncliyi Talış torpağında keçmişdir. Şeyx Səfiəddin öz müəllimi Şeyx İbrahim Zahidin qızına evlənmiş və özünün yazdığı kimi desək, Şeyx Zahidin çovkan topu olmuşdur (yəni Şeyx Zahid öz ideyalarını təbliğ etmək, yaymaq üçün hər yerə onu göndərmişdir). Şeyx Səfiəddin bu torpağa bağlılığını, məhəbbətini öz nəslinə də aşılaçışdır. Şeyx Səfiəddinin müəllimi Şeyx İbrahim Zahidin türbəsi indi də Lənkəran şəhərindən bir neçə kilometr cənubda yerləşən Şıxəkəran (talışca: Şıxəkon – Şeyx evləri) kəndindəndir.
talish.az
Комментариев нет:
Отправить комментарий