25.12.2012

ÜZ QARASI - QARA KÜRÜ

Zümrüd Yağmur

Dünya adamdan üz döndərəndə yaman olur. Nə edirsən et, boşunadır, bütün qapılar üzünə bağlanır. İndi də Azərbaycan hökuməti belə bir üz döndərmə ilə üzləşib. Hətta iş o yerə çatıb ki, nəinki buradan daşıdıqları kürünü onlarla bir süfrədə yemək istəmirlər, hətta bir masada durub kofe belə içməyi özlərinə ayıb sayırlar. Avropa Şurasında kofe breyk zamanı bu qurumdakı nümayəndə heyətimizin başçısı deputat həmkarı ilə birlikdə Britaniyadan olan deputatların masasına yaxınlaşıb və öz kofesini onlarla içmək istəyib.

Əlbəttə ki, kofe içmək bir bəhanə olub, yəqin xoş-beş edib buradan təyyarəyə doldurub apardıqları kürünü, xalça-palazı onlara vermək, bahalı çaxırlar hədiyyə etmək üçün fürsət əldə etmək istəyiblər. Yəni əsil iş başında olublar. Ancaq iş tərsə düşüb. Britaniyadan olan deputatlar Səməd Seyidovu və yanındakı həmkarını stolda tək buraxıb onlardan uzaqlaşıblar. Bizimkilər də suyu süzülə-süzülə pərt vəziyyətdə qalıblar. Bu qədər bir yerdə çörək kəsib kürü yeyəsən, üstündən də bahalı Fransız çaxırı içəsən, axırda da bir yerdə kofe içməyi belə  özünə sığışdırmayasan!?
Yəqin Səməd Seyidov britaniyalı deputatların arxasınca “Haram olsun sizə yedirtdiyim bunca kürü, kürüsü dizinin üstündə olanlar” deyib qarğış da edib.
Nümayəndə heyətimiz böyük bir yanlışlığa yol verib. Gərək oturduğu sıranın qarşısında böyük bir poster asaydılar və üstündə də bu sözlər yazılardı... “Adam yediyi kürüyə hörmət edər”. Avropalıları utandırmağın yollarını görünür hələ də öyrənə bilməyiblər...
Avropa demokratik dəyərlərini ölkəyə daşımaq əvəzinə onu kürüyə qatıb elə avropalıların özünə yedirən deputatlarımızın belə pərt edilməsinə laqeyd qalmaq əlbəttə ki, YAP-ın təbliğ etdiyi vətənpərvərlik anlayışına sığa bilməz. Ona görə də ingilislərin üstünə getmək lazımdır. Ola bilər ki, Ramiz Mehdiyev “Demokratiya üçün incəsənət” layihəsinə dəstək verən Qərb ölkələrinin səfirlərinə daxili işlərimizə qarışdıqlarına görə təpinməyə davam edəndə deyəcək ki, “diplomatik etiketdən, nəzakət qaydalarından danışıb adamla kofe içməkdən imtina etmək, nəinki bizim gənc ”kürü diplomatiyasının" dəyərlərinə uyğun deyil, yəqin ki, heç klassik ingilis diplomatiyasında da belə hörmətsizlik məqbul sayılmır. Kürünü istəmirsinizsə, adam kimi deyin ki, sizin qara kürünü yeyib üzümüzü, vicdanımızı onun rənginə boyamaq istəmirik. Zorla verəsi deyillər ki..."
Əslində S.Seyidovun masa başında tək qalması təkcə onun pərtçiliyi demək deyil. Gör ölkəni nə günə salıblar ki, uğurlu “balans xarici siyasətinin” axır gəlib hara dirənib ki, indi Avropa Şurası kimi bir qurumda nümayəndə heyətimizin başçısı ilə kofe içməyi özlərinə təhqir, ayıb sayırlar. Bizi idarə edənlərə, Azərbaycanı təmsil edənlərə bu gün təhlükəli virus, xəstəlik kimi yanaşırlar, onlardan qaçırlar. Qorxurlar ki, bunlarla xoş münasibətdə olduqlarına görə korrupsiya virusu onlara da sirayət etmiş sayılar, öz ölkələrində, mediada hörmətdən düşərlər. Böyük Britaniyanın Ticarət Nazirliyini icra edən şahzadə Endryu bizim iqtidarla dostluğun güdazına getdi və vəzifəsindən istefa verməli oldu.
Azərbaycanda “dünya şöhrətli, böyük siyasətçi” dedirdib tv-lərdə kimlərisə özünə yaltaqlandırmaqla iş bitmir. Bu gün dünyada ona-buna kürü paylamaqla, ziyafətlər, örtülü ödənişlər verməklə diplomatik “uğur” qazanmaq istəyənlərə diktatora olan münasibətdən da aşağı səviyyədə yanaşırlar. Bu gün Lukaşenko, İ.Kərimov diktatorluq edir, ancaq beynəlxalq səviyyədə kiməsə rüşvət vermir, diplomatlarını kürü daşıyıcısına, dəllala çevirmir. Amma bizdə məsələ başqadır, iqtidar hələ də kimlərisə bəsləməklə diplomatik “uğurlar” əldə edəcəyinə ümidini itirmək istəmir. Hətta Azərbaycanda işləyən o məşhur “otvyorka” görünür, iqtidardakıların o qədər xoşuna gəlib ki, hələ də Avropada bu üsulla işləməkdən əl çəkmək istəmirlər. Nə olacağısa bəlli deyil, otaqlarda çamadanlar “otvyorka ” ilə açılacaqmı, yoxsa daha Avropa çamadan və “otvyorka”dan bir dəfəlik imtina edəcək, hətta bunlarla  kofe içməyəcək qədər prinsipiallıq nümayiş etdirəcək?
Gözləyək... Görək yenəmi iqtidarın o məşhur “lazımı” kimi, Qərbin də burdakı məşhur “demokratiyaya doğru addım”ı,  kürü diplomatiyası qalib gələcək, yoxsa adına “demokratiya” deyilən anlayışa sədaqət?!

musavat.com

Комментариев нет:

Отправить комментарий