29.12.2012

Tarixçi alim Kərəm Məmmədov Fazil Qəzənfəroğluna cavab yazıb

Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dosenti, tanınmış tarixçi-alim Kərəm Məmmədov millət vəkili Fazil Qəzənfəroğluna cavab yazıb

Salam olsun salama layiq olanlara (Həzrət Əli).

Fazil Mustafanın məni "cahil" alandırdığınız yazını oxudum. Mən Fazil Mustafanı təhqir edəcək bir şey yazmadım, sadəcə bəzi məsələləri bilmədiyinin şahidi oldum. Əvvəlcə cavab verməyi lüzumsuz saysam da sonradan MÜƏLLİM olduğumu xatırlayıb bəzi yanlışlıqları diqqətinə çatdırmaq istərdim: 1.Osmanlı 1517-ci ildən sonra faktiki teokratik dövlət oldu. Fazil bəy isə Osmanlıda dinin dövlətdən ayrı olduğunu söylədi; 2."Türk dövləti" deyə ictimaiyyətə tanıtmaq istədiyini Osmanlı -Türklərin qanının axıdılması hesabına yaranmış dövlətdir. Osmanlının Karamanoğulları, Teymurilər, Ağqoyunlu, Səfəvilər, Misir məmlük sultanlığına qarşı apardığı qanlı müharibələrdən yəqin ki tarixi az-çox bilənlərin xəbəri var. Bunlardan tutaq ki Səfəvilər yolunu "azmışdı". Bəs qalanları sünnü olan dövlətlərin nə günahı var idi?
Osmanlı olmasaydı bu gün Misir və Doğu Anadoluda Türk dilində danışalardı. Daha Misirdə Osmanlının qucaq açdığı ərəb və kürd dillərində yox. Məhz Misir məmlük sultanlığının Ayn Callut döyüşündəki qələbəsi İslamın müqəddəs əmanətlərinin nəsturilərin əlinə keçməsinin qarşısını aldı.3.Azərbaycan türklərinin özlərini Səfəvilərin yox,Səlcuqluların varisi saymalarını tövsiyə etdi.Lakin qeyd edək ki Səfəvilər özləri elə Böyük Səlcuq sultanlığının varisləridir.Yenə yada salmağa məcburam ki istər ərazi baxımından,istər qoşunun tərkibi,istərsə də dövlətin apardığı siyasət və paytaxtı baxımından Səfəvilər Böyük Səlcuq sultanlığının varisləri olduqları halda,Osmanlı bu dövlətə qarşı qiyam qaldırdığından ömrünün sonuna qədər çobanlıq etməyə məhkum edilmiş Süleyman Qutalmış tərəfindən qurulmuş Rum səlcuq sultanlığının varisidir. 4.Fazil Mustafa Səfəvilərin guya qılınc gücünə sünnüləri zorla şiələşdirdiklərini qeyd etdi.Lakin 1514-cü ildə osmanlılarının özlərinin Yavuz adlandırdıqları Səlimin 120 min sivil qızılbaşı qətl etdiyini unuduldu.Əgər Səfəvilər kimlərisə zorla məzhəbini dəyişməyə məcbur edirdisə,onda niyə quruluşundan süqutuna qədər Səfəvilər tərəfindən idarə olunan Qazax-Borçalı-Şirvan camaatına toxunulmadı? Şəxsən öz timsalımda deyə bilərəm ki mənim əcdadlarım sünnü olublar və indi də sünnü olaraq qalsaq da dövlətçiliyimi məzhəbçilikdən uca tuturam. 5.Qızılbaşlıqla indiki iran şiəliyini bir-birinə qarışdırmaq düzgün deyil.6.Türkiyə özünü Osmanlının rəsmi varisi hesab etmir və bu Türkiyə Cümhuriyyətinin anayasasında öz əksini tapıb.7.İndiyə qədər 2 dəfə 100 milyondan çox insanın ölümü ilə nəticələnmiş dünya müharibəsi törətmiş alman-roman xalqları bu gün Avropa Birliyində birləşib vahid valyutadan istifadə edərək,sərhədləri aradan qaldırdığı bir dövrdə Fazil bəyin Səfəvi-Osmanlı qarşıdurmasını xortlatmaqda məqsədi nədir? "Cahil" sözünə gəlincə... Məhəmməd Füzuli demiş : KİM NƏ MİQDAR OLSA,ƏHLİN EYLƏR OL MİQDAR SÖZ. Və sonda...Şah Babam nə gözəl söyləmiş :

Cahil olan söylər, sözünü bilməz,
Meydana gəlincə özünü bilməz,
Dörd şey vardır cənnət yüzünü görməz,
Bir münkir, münafiq, bir Yezid, qanmaz.

yaxa.org

Комментариев нет:

Отправить комментарий