20.03.2013

Sovet Azərbaycanını pisləyənlərə bir-iki kəlmə sözüm var

Ay qardaş, vətənpərvərlik zəhmətkeşlərin əməyinin istismarından qazanılan pulla səs toplayıb evrovisionda qalib olandan sonra millətin gecə saat 3 də bayraqlarla küçədə "Azərbaycan" deyə-deyə bağırmağıdırsa, tüpürüm o vətənpərvərliyə. Vətənpərvərlik 3 rəngli bayrağı öpüb altında ac yatmaqdırsa tüpürüm o vətənpərvərliyə. Vətənpərvərlik hər səhər mənə elm öyrədən yox cibimi soyan məktəbin qabağında qürurla himn oxumaqdısa, tüpürüm o vətənpərvərliyə. Vətənpərvərlik bilirsən nədi, ay bədbəxt? Vətənpərvər saymadığınız kommunistlər 70 ilə sizin ayağı çarıqlı, dini mövhumat içərisində batmış, çirkli-paslı yarıac millətinizi 100% hamının oxuyub-yazdığı, mədəniyyətli millət səviyyəsinə gətirib çıxarmışdı. Heç xəbəriniz var ki, əhalimiz oxuma səviyyəsinə görə 1991 ci ildə ən qabaqcıl kapitalist ölkələrdən irəlidə olub? Fikirləşin, Amerikadan da, Fransadan da, İngiltərədən də irəlidə olub təhsil səviyyəmiz. Sizin o demokratik xalq cümruhiyyətiniz zamanı, 1919-1920 ci illərdə 9 min nəfər şagird olduğu halda kommunistlər hakimiyyətə gələndə ilk 8 ayda bu rəqəm 79 minə yüksəldi. Artıq 1940 cı ildə Azərbaycanda düz 700 min şagird tam pulsuz təhsil alırdı. Bəyənmədiyiniz kommunistlər Azərbaycanda minlərlə kitabxana, minlərlə universitet yaratdı. Bəyənmədiyiniz kommunistlər Elmlər akademiyasını yaratdı, Şamaxı Rəsadxanasını yaratdı.
Şərqdə ilk metro Azərbaycanda tikildi. Vətənpərvərlik budur, budur xalqa sevgi, budur bizim vətənə sevgi anlayışımız. Bəs sovet hakimiyyəti dağılandan sonra nə oldu? Yüngül desək tüpürdünüz təhsilimizində, mədəniyyətimizində içinə. Kommunistlərin vicdan, qeyrət anlayışı yoxdur deyən axmaqlar, gedin sovet dövründəki sənətkarlarımızı, efir mədəniyyətinə baxın və sonra da gəlib indiki tv kanallarınıza, xalq artistlərinizə, əməkdar artistlərinizə baxın. Sovet dağılan kimi 2 milyon insan çörək dalınca getdi xaricə, bu gün yarım milyon insan işsizdi, təhsildə rüşvət, tibbdə rüşvət, hava almaqda pulnandı. Kommunistlərə milli mentalitet düşməni damğası vuranlar hardadı bəs? Çıxın da ortalığa! Bu idi milli mentalitetiniz? Bu idi vətənə olan məhəbbətiniz? Bu gün 100 minlərlə Azərbaycanlı fahişə qadınlar var. Nə üçün fahişə olublar? Çox sevdiyiniz, gözündən öpdüyünüz kapitalizmə görə. Budur qeyrət anlayışınız? Ay qardaş təkcə 12 ildə Dubaydan, Türkiyədən 11 min fahişə qadın departasiya olunub. Ey yoldaşlar, ölkədə 290 mindən çox narkoman yaşayır. Bəli, kommunistlər ölkəni ziyalılar ordusu ilə təhvil vermişdi, amma indi narkomanlar, avaralar ordusuna çevrilib. Bu idi vətənə sevgi??? Müstəqillik gerb, bayraq, himn deyil. Vətəni, milləti sevmək profilinə Bozqurd şəkli qoymaqla alınmır. Milləti sevmək üçün millət üçün çalışmaq lazımdır, "Qarabağa canım qurban" deməklə yox. Aha, birdə 1937 repressiyasını soxursuz ortalığa hər dəqiqədə. Repressiya qurbanı olan Mikayıl Müşfiqin 28 aprel inqilabına həsr etdiyi şerə baxın: 

Mən əzilən bir sinfin hayqıran,
Haqq bağıran sədasından yarandım.
Ölümlərin pəncərəsində hıçqıran,
Məzlumların nəvasından yarandım..

Aydın oldu hər şey? Mikayıl Müşfiqi bilərəkdən sovet düşməni göstərən hakimiyyətimiz məqsədi hər addımda kommunizmi qaralamaqdır. Belə milliyətçilikdəm dəm vurursuz, amma bunu da bilin ki, Mikayıl Müşfiq 1918-1920 ci illər müsavat hakimiyyəti dövründə ailəsi küçədə siqaret sataraq dolandırıb. Amma sovet hakimiyyətində 1931-1935 ci illərdə müsavat hakimiyyəti zamanı küçədə siqaret satan Mikayıl Müşfiqin 10 kitabı işıq üzü gördü. Gənc şairimiz Mikayıl Müşfiq elə sizin müsavatınızın təxribatına qurban getdi. Sovet hakimiyyəti isə gənc şairini unutmadı və Müşfiqin abidəsi qoyuldu, əsərləri çap edildi. İndi buraxın yaxamızı, vicdanınız qarşısında cavab verməyə başlayın.


Re Volution

Комментариев нет:

Отправить комментарий