20.03.2013

Tural Adışirin. Özünlə üz-üzə dayan


Sən kimsən?

Sən kimsən?-bu sual yerinə düşdü,
Özünü ələ al tələsmə bir an.
Bu sənin özünlə qəfil görüşdü,
Sən kimsən? Özünlə üz-üzə dayan.

Gör, kimin eşqiylə döyünür ürək,
Gör, kimin odunda bu qəlb isinər”
Sən öz kimliyini biləsən qərək,
Kimsə kimliyini soruşa bilər.

Ovçumda çığırlar ömür yolusa,
Əllərim bilir ki,sabah mən kiməm.
Əgər sonralardan xəbərim olsa,
Mən öz kimliyimə bilki hakiməm.


Sən kimsən?-bu fikrin tərkinə mindim,
Sən kimsən?-bu fikiri çəkdim ortaya.
Torpaqdan boyumca dərinə endim,
Baxdım uzaqlara,baxdım sonraya.

Mən elə Fərhadam-qayalar yaran,
Ya da,haqq yolunda güllə hədəfi,
Mən öz kimliyimi unudammaram,
Mən elə hər yerdə düzün tərəfi.

Sən ana südündən halallıq istə,
Özünə məhrəm bil,mənim ərkimi.
Heykəl oğullar var bu torpaq üstə,
“Kimsən” sualına bir cavab kimi.

 Bir də gördük

Başı qatıb “baş üstəmiz”,”bəlimiz”
Bir də gördük ocaq üstə süd daşıb
Bir də gördük cib kəsəndi əlimiz
Bir də gördük ürəyimiz daşlaşıb

Bir də gördük bir əkən var,min yeyən
Bir də gördük çib cuvaldı,cuval-çib
Cayır kimi çoxalıb baş girləyən
Bir də gördük şum yerində söz bitib

Bir də gördük əyri çəkir tərəzi
Adam baxır,kirpiyində yaş yanır
Haqqdan gəlir yox sözünün qərəzi-
Bir də gördük quru qalıb yaş yanır

Bir də gördük çüçə çıxdı faladan
Bir də gördük papağımız tərsinə
Gözümüzün qabağında kal adam
Gecə-gündüz aş bişirir nəfsinə

Elə bildik əl-iş tutan iş görür
Nə biləydik min döngə var, min dalan
Adam var ki, yuxusunda daş görür
Adam var ki, damağında dəyirman

Bəsdi daha qurda verdik quzunu
Toz elədik, bu bulağın gözünə
Tez ol, silək bu güzgünün tozunu
Tez ol, tez ol bir əl gəzdir özünə...

Комментариев нет:

Отправить комментарий