14.03.2012

Paxıllığa çevrilən qısqanclıq


İlkin Ağalı



Artıq dünya səviyyəsində etiraf olunur ki, Azərbaycan iqtisadi inkişafına görə öndə gedən ölkədir. Doğrusu Azərbaycanımızın bu uğuru heç də bədxahların ürəyincə deyil. Onlar bütün səylərini işə salıb Azərbaycanın inkişaf mexanizminin sirrini öyrənməyə çalışırlar.

Bu günkü prizmadan Leninə necə yanaşılmasından asılı olmayaraq onun bir vaxtlar dediyi "kadrlar hər şeyi həll edir!" ifadəsi öz gerçəkliyini qorumaqdadır. Bu mənada hər hansı bir ölkənin iqtisadi uğurunun sirrini ilkin olaraq onun kadrlarında axtarmaq lazımdır. Ancaq məsələ burasındadır ki, Azərbaycanda kadrların (oxu: məmurların) iş prinsipinin mahiyyətini anlamaq üçün bütün dünya nə qədər baş sındırsa bir şey əldə edə bilmirlər. Hətta qeyri-rəsmi məlumatlara görə Qərb dünyası Azərbaycan məmurlarının iş prinsipindəki özəllikləri öyrənmək üçün xüsusi kəşfiyyat qrupu yaratsa da, nəticəsi hələ ki yoxdur.
Azərbaycan məmurlarının orijinal iş metodu ona görə Qərb dünyasını cəlb edir ki, bu fəaliyyətin səmərəliliyi birbaşa göz önündədir. Belə ki, Azərbaycanda əməlli-başlı səlahiyyəti olan məmurun vur-tut ikicə ilə nail olduğu iqtisadi imkanlara Qərbin ən ağıllı iş adamları on illərlə nail ola bilmir. Axı şəxsi həyatını qura bilməyən məmur xalqa nə gün ağlaya bilər. Bu gün Avropada bir-birinin ardınca böhrana düşən Avropa ölkələri ilə müqayisədə Azərbaycanın sıçrayışlı inkişafının sirrini də məhz bunda axtarmaq lazımdır.
Dünyanın ən super dövlətlərinin birinci şəxsi ilə müqayisədə ondan qat-qat yaxşı iqtisadi şəraiti özünə təmin edə bilən Azərbaycan məmurlarının bu fövqaladə qabiliyyəti ilə qürur duymamaq olmur. Çünkü hər kəs tərəfindən iqtisadi gücün aparıcı rolu birmənalı olaraq qəbul edildiyindən, digər bütün çatışmamazlıqlar bunun kölgəsində qaldığından cılız görünür. İqtisadi imkanın verdiyi əzəmətin fonunda çox güclü görünən məmurlarımızın iş metodunu öyrənə bilməyən Qərbdəki bədxahlar məmurlarımızın uğurunu "korrupsiya" damğası ilə kölgədə qoymağa çalışırlar. Ancaq paxıllıqdan başqa bir məzmun kəsb eləməyən bu ittiham belə iqtisadi gücün önündə əyilməyə məhkumdur. Çünki Azərbaycan reallığında pulun həll edə bilmədiyi problemin olduğuna inam itdiyindən iqtisadi potensial hər cürə böhtandan silkinməyə qadirdir.
O ki qaldı məmurlarımızın iş üsulunu öyrənməyin çətinliyinə, burada bir sirli mətləb var ki, Qərbdə sadəcə olaraq bizim məmurların iş prinsipini anlaya bilmirlər. Çünki bizim məmurlarımızın fəaliyyəti reallıqdan daha çox fantaziyalar üzərində qurulduğundan, bu fantaziyalar yalnız təxəyyül məhsulu kimi ortaya çıxa bilər. Həm də ayrı-ayrı fəaliyyət sahələrində müxtəlif şəkildə təzahür edə bilər. Həm də nəzərə alanda ki, bu fantaziyaların gerçəkliklə heç bir əlaqəsi yoxdur, o zaman bu fantaziyanın yaranması üçün xüsusi istedadın lazım olduğunu qəbul etməkdən başqa çarə qalmır. Deməli bizim məmurların xüsusi istedad sahibi olması qeyd-şərtsiz qəbul olunmalıdır.
Misal üçün deyək ki, şəhərin mərkəzində mənzillərin birində bütün sənədləri qaydasında olmaqla 20-30 il əvvəl qaz çəkilmişsə də, qapını hörmətlə döyüb içəri daxil olan müvafiq qurumun əməkdaşı vətəndaşa tələbnamə təqdim edir: Üç gün ərzində bir neçə nazirliyin süzgəcindən keçməli olan xüsusi qaz smeta layihəsi təqdim olunmasa, mənzilin qazı kəsiləcək!
Vətəndaş heyrət içində qalsa da, heç nə etmək imkanı yoxdur. Axı hər bir sənədi qaydada olan və çox-çox əvvəl mənzilə çəkilmiş qazın yenidən çəkilişi üçün smeta layihəsinin hazırlanması hansı ehtiyacdan ortaya çıxır? Bax, elə əsl yaradıcılıq da burdadır! Məsələ belədir ki, xüsusi istedadın məhsulu olan fantaziya heç nədən bir şey çıxarmağı bacarır. Həm də tələbnamədə üç gün müddəti ona görə vurğulanır ki, bunu eləmək sadəcə olaraq Azərbaycanda qeyri mümkün hesab olunur. Bu isə məmurun aşkar uduşudur. Çünki hədəfə alınmış vətəndaşın onun istəyi ilə razılaşmaqdan başqa çarəsi yoxdur.
Azərbaycan reallığında belə iş "metodu" hər gün və hər kəsin rastlaşdığı bir iş olduğu halda bunun mexanizmini mənimsəyə bilməyən Qərb bədxahlarının gücü paxıllıqdan başqa bir şeyə çatmır.
 

Комментариев нет:

Отправить комментарий