“VOLOŞİN SENTYABRI”
“Artıq şeir ölüb!”, “ Ədəbiyyat məhv olmaq üzrədir!”, “Poeziya daha kimə lazımdır?” ...Yaşadığımız bu çətin və qarmaqarışıq
dövrdə bunlara bənzər çümlələri tez-tez eşidirik. Və hətta, bəzən bu kəlmələrin doğruluğuna inanmaq belə istəyirik.
Amma bu fikirlәr әdәbiyyat tarixinin dolanbac yollarında birinci dəfə deyil
ki, ağıla glir. 1821-ci ildə Vyazemskiyə mәktubunda görün gәnc Puşkin nә yazırdı: “Nə
deyirsiniz deyin, әsrimiz şairlәr әsri deyil. Tәәssüflәnmәyә dәymәz, amma yenә dә çox tәәsssüf! Əsil şairlәrin çevrәsi getdikcә daralır, oxucu
yoxluğundan çox keçmәz ki, şeirlәrimizi
bir-birimizin qulağına pıçıldayarıq. Buna da şükür!” Başqa
bir önәmli Rus şairi Tyutçev
baltanı kökündən vurmuşdu: “V naş vek stixi jivut dva-tri mgnovenya. Rodilis utrom, k
veçeru umrut...”
Bu örnəkləri, yaşadığımız zamana yaxın yazıldıqlarından önə çəkdim. Bütün bunlardan daha öncə Füzuli dədəmiz deməmişdimi: "Bir dövrdəyəm - nəzm olub xar."
Bu örnəkləri, yaşadığımız zamana yaxın yazıldıqlarından önə çəkdim. Bütün bunlardan daha öncə Füzuli dədəmiz deməmişdimi: "Bir dövrdəyəm - nəzm olub xar."
Sonrakı әdәbi gedişatlar biz başqa hәqiqәtlәri diqtə etdi: Neçə ki,
dünya var və neçə ki, insanları düşünməyə vadar edən misralar vә bu misraları yazan şairlər dünyaya gəlirlər – nə şeir, nə də ədəbiyyat məhv olmayacaq. Şer dә yaralı cəngavər kimi, özündə güc tapıb yenə ayağa qalxacaq, yenә dә insanları heyrətə gətirəcәk. Çünki Baxsanın dediyi kimi, “Kitab öz dәyәrbiçilmәz yükünü hәssaslıqla daşıyan, zaman dalğalarında sәyahәtә çıxmış fikir gәmisidir”. Onun,
qabarma vә çəkilmәlәrdәn, gözlәnilmәz qasırğalardan çəkinəcəyi yoxdur. Vә әlindә dәyәrli bir kitab olan adam heç zaman tənha
olmaz.
Bu günlərdə iştirak
etdiyim “Voloşin sentyabri “ 10-cu beynəlxalq şeir
simpoziumu bu həqiqətin birbaşa təsdiqi idi. Dünyanın müxtəlif ölkələrindən gəlmiş, məsafələrə, yollara baxmadan yalnız Poesiya adlı bir ocağın işığına toplaşmış
yüzdən artıq şairlə bir arada olmaq, həvəslə etdiklәri çıxışları eşitmәk vә onları böyük bir ilgi ilә dinlәyәn sәnәtsevәrlәri görmәk, insana həyatın hər bir məhrumiyyətini və acısını unutduracaq bir güc verirdi.
Sentyabrın 10-16 tarixlərində davam
edən simpoziuma Türkiyədən, İsraildən, Polşadan, Amerika Birləşmiş Ştatlarından, Almaniyadan, Belçikadan, Estoniyadan, İrlandiyadan,
eləcə də, Rusiyanın və Ukraynanın ən müxtəlif şəhərlərindən şairlər,
yazıçılar, incəsənət xadimləri Koktebel şәhәrinә şeir işığına toplaşmışdılar.
Tam 6 gün davam edən poeziya gecələrinin hər biri tədbirlərlə, yarışmalarla, toplantılar və çıxışlarala zəngin idi.
Bu simpoziumda doğma vətənimiz Azərbaycanı,
Türkiyənin Çanaqqala şəhərində yaşayan sevimli şairimiz Məmməd İsmayıl və mən (Afaq
Şıxlı) təmsil edirdik. Hər ikimiz Vətəndən uzaqda yaşamağımıza baxmayaraq ürəyi öz doğma
torpağına bağlı olan türk övladı kimi, bu günlərdə
çiynimizə düşən məsuliyyətin böyüklüyünün fərqindəydik.
Ayın 11-də M. Voloşinin ev
muzeyinin həyətində, günəşli havada әdәbiyyat bayramının açılışı oldu. Gül-çiçək və yaşıllıqlar içәrisindәki bu hәyәtin aurası da bir başqaydı. Gərək
Voloşinin sağlığında, gәrәksә dә ölümündәn sonra bu hәyәtә kimlәr gəlib getmәmişdi ki?!
Muzeyin həyətində ayrı
bir ruh, ayrı bir atmosver vardı. Sanki mərhum şair özü buraya toplaşanlara
xeyir-dua verirdi:
(1877-ci ilin may ayında Kiyevdə doğulan
Maksimilian Voloşin (Maks) on üç yaşından şeir yazmağa başlamış, sonralar şair,
rəssam və tərcüməçi kimi ün qazanmışdır.
Universitetdə təhsilini
yarımçıq buraxan gənc Maks bəxtini Parisdə sınamaq qərarına gəlir. Parisdə okkultizmlə, mistik təlimlərlə maraqlanan keçmiş universitet tələbəsi,
istedadlı şair və rəssam velosipedlə səyahətə çıxır, bütün Avropa şəhərlərini gəzib dolaşır, hətta yolu Misirə qədər uzanır.
Parisdə rəssam Marqarita Sabaşnikova ilə tanış olur və evlənir. Böyük maq və
ekstrasens, əfsanəvi Rudolf Şteyner sevgililərə xeyir-dua versə də, bu kəbinin ömrü qısa olur, çox keçmədən Marqarita ilə Maksın
yolları ayrılır.
O, inqilabi çevrilişlərə
baxmayaraq Vətənə dönür və “Vətən – anadır, xəstə olarkən oğul öz anasının yanında olmalıdır!” - deyir.
Siyasətə qarışmayan,
bohem sənətkar həyatı yaşayan Voloşin Qara dəniz sahilində, Koktebeldə anasına
məxsus ərazidə öz layihəsi əsasında mülk tikdirir. Burda onun geniş emalatxanası və zəngin
kitabxanası yerlәşirdi. Mülkün iki otağı anası Yelena Ottobaldovna üçün ayrılmışdı. Üçmərtəbəli
binada otel odalarına bənzər daha on beş otaq mövcuddu. Bu
otaqlar şairin sevimli dostları və müsafirləri üçün nəzərdə tutulmuşdu: zəmanənin görkəmli rəssamları, şairləri, yazıçıları, Bryuosov, Erenburq, Balmont, Aleksey Tolstoy, Qumilyov,
Svetayeva, N.Rerix və başqaları bu evin qapısını tez-tez döyərdilər... Xəyalpərəst
Voloşin öz evini əsl sənət məbədinə çevirmişdi.
1924-cü ildə Xalq
komissarlığının icazəsi ilə, o öz evini Ədəbiyyat fondunun yaradıcılıq evinə çevirir. 1927-ci il martın 9-da,
onun bütün gələcək çətinliklərini paylaşacaq və yaradıcılıq irsinə sahib çıxa biləcək bir qadınla - Mariya Stepanovna Zabolotskaya ilə evlənir.Dövrünün
möhtəşəm şəxsiyyətlərindən biri olan, öz evini Yazıçılar İttifaqına vəsiyyət edən
Maksimilian Voloşin 1932-ci il avqustun
11-də ikinci insultdan sonra vəfat edir. Öz vəsiyyətinə əməl edərək onu Koktebel yaxınlığındakı Küçük-Yanıçar dağının təpəsində dəf edirlər.Hər il
yüzlərlə əbəbiyyatsevərlər, şairin poeziya qədər sevdiyi Qara dənizin sahilindən bir neçə daş götürüb (bir daha doğma sahillərdə gəzə bilməyəcək şairin
vəsiyyətlərindən biri də bu idi) onun qəbrini ziyarət etmək üçün bu dağın başına çıxırlar.)
Bayramın açılışında çeşitli ölkələrdən gələn sənət
adamlarına söz verilir və onlar da öz təbriklrini meydana toplaşanlara
çatdırıdılar. Məmməd müəllimin çıxış edəcəyi əvvəlcədən planlaşrılımışdı, amma bizə məlum olmayan səbəbdən ona məclisin
sonuna doğru söz veriləcəkdi. O da hər zamankı kimi bu olumsuzluğu da öz xeyrinə çevirməyi
bacaracaqdı. Çıxışına hamının təkrarladığı şablon cümləllərlə başlamaq əvəzinə: “Bizim toy məclislərində aşığın yaxşısını sona saxlayarlar, görünür məclisi aparan
xanım əfəndi buna görə mənə sona yaxın söz verdi”, -dediyində məclisə mehriban
bir gülüşmə düşdü və şairimizi həlә çıxışının əvvəlində alqışlamağa başladılar. Burada Məmməd İsmayıl
nitqinin bütün detallarını sadalamaq fikrindən uzağam, amma
bir fikrini yazmadan keçməyəcəyəm, əvvala o məclisə toplaşanları, “bədnam qonşu”muzun nümayəndəsinin gözünün içinə baxa-baxa, yalnızca Azərbayacan yazarları adından deyil, həm də Türkiyəli
yazarlar adından da alqışladı. Çıxışının sonunda dediyi fikirlər həqiqətən də diqqətə şayan
idi: “Bir zamanlar Rus orduları Erzuruma qədər şərqi
Anadolunun böyük bir ərazisini işğal etmişdilər, Rus orduları Türk torpaqlarından çoxdan, Azərbaycandan isə iyrimi
il öncə çəkilmək zorunda qaldı. Amma Rus ordularının deyil, Rus yazıçı və şairlərinin mənəvi təsiri
Türkiyə və Azərbaycan
coğrafiyalarında hələ də davam edir və yəqinki sonuncu oxuyacaq adam qalana qədər də davam
edəcəkdir. Bizim Afaq Şıxlı ilə M.Voloşin şeir festivalına gəlişimiz də bunun bir
sübutudur! Dostoyevski demişkәn “dünyanı gözәllik xilas edәcәkdir!”
Məmməd müəllim istəyirdi ki, biz bu ədəbiyyat bayramında Azərbaycan poeziyasını ən yüksək səviyyədə dinləyicilərə çatdıra və ruhlarına aşılaya bilək. (...Gedişat göstərdi ki, heç bir çətinliksiz biz buna nail olacaqdıq).
Məmməd İsmayılın, onlarla ölkənin nümayəndələri arasında xüsusi hörmət və ehtiram mənbəyi olması məndə öz xalqımın böyük şairinə pərəstiş hissi oyatmaya bilmirdi. Və mən Azərbaycanımizin
adının hər dəfə məhəbbətlə anılmasından, Azərbaycan bayrağının Simpozium afişalarında birinci yerdə həkk
olunmasından qürur duyurdum.
Hər gün müxtəlif ölkələrin poeziya gecələri keçirilir və biz də imkan dairəsində bütün bu mərasimlərdə iştirak etməyə çalışır, vacib olan heç nəyi nəzərdən qaçırmırdıq.
Ayın 12-sində olan ən
maraqlı tədbirlərdən biri - gözəl şairlər Viktor Hoffmanın və Qennadiy Kalaşnikovun çıxışları idi.
Öz qeyri-adi baxışları, dinləyiciləri
hipnoza sala biləcək inamı ilə altmış iki yaşlı, ucaboylu Viktor və onun tam əksi olan,
mehriban, sadə, nisbətən gənc Q. Kalaşnikov öz çıxışları ilə maraqlı bir təzad yaradaraq
uğur qazandılar. Hər iki şairin M.İsmayılla öncədən dostluğu
vardı. "Drujba narodov" jurnalı iyun nömrəisində G.Kalaşnikovun
tərcüməsində şairimizin "Danışan çinarlar" lirik poemasını dərc
etmişdi.
Həmin günün axşamı təntənəli şam yeməyi zamanı Beynəlxalq Voloşin mükafatı nominantlarının təbrik mərasimi
keçirildi.
Sabahısı gün, müxtəlif çıxışlar və
yarışmalardan əlavə, dəyirmi stol arxasında “Ədəbi festivalların əhəmiyyəti və labüdlüyü” mövzusunda görüş təşkil olunmuşdu. Söhbətdə A.
Korovin (Moskva), N. Miroşniçenko (Koktebel), M. İsmayıl (Azərbaycan-Türkiyə),
Liliya Karas, S. Minakov (Xarkov), M. Sinelnikov (Moskva) və
başqaları iştirak edirdilər. Görüş çox maraqlı keçdi. Mövzu lazımlı məsələlərlə əlaqələndirilərək genişləndirildi.
Axşamüstü isə Qaradağa səyahət etmək üçün dəniz gəzintisi
təşkil olunmuşdu. Sönmüş vulkanlardan biri sayılan Qaradağ müxtəlif
fiqurları andıran yönləri ilə təbitəin möhtəşəmliyini bir daha sübut edirdi. Biz Qızıl darvaza (Şeytan-kapu), Qarağac
təpəsi, Xoba-təpə (mağaralı təpə), Xırsız-liman, Mayak-təpə və s... fotoşəkillərini çəkir, bu
yerlərdən ayrılmaq istəmirdik. Öz qəribəlikləri ilə insanı heyrətə gətirən bu möcüzəyə əl çatacaq qədər yaxınlaşmaq həqiqətən də unudulmaz bir xatirəyə çevrildi. Və mən hər qarış torpağından, yer-yurd adlarından türklük yağan bu yerlərdə
olmağımdan qurur duyurdum. Sahilboyu düzənlənən sərgilərdə,
alış-veriş yerlərində, bazar və dükanlarda tez-tez Krım tatarları ilə qarşılaşır, rus
və ukraynalı şair dostlarımzın yanında tatar qardaş-bacılarımızla onların
öz dilində danışırdıq. "Krım tatarları dönür Krıma" misraları da
yolumuza yoldaşlıq edirdi.
Ayın 14-də Simperopol şəhərində Rusiya
Elm və Mədəniyyət mərkəzi tərəfindən M. Voloşinin 135 illiyinə həsr olunmuş “Müasir poeziyanın səsləri” gecəsi təşkil
olunmuşdu. Burada simpozium iştirakçıları arasından sayseçmə şairlər
çıxışlar edəcək, öz ürək sözlərini deyəcək və bir neçə şeir ifa edəcəkdilər. Hər şey düşünüldüyündən daha maraqlı oldu. Gecəni şair Evqeniy Çiqrin açdı. Yerli şairlərin çıxışından
sonra, o, Azərbaycan adına çıxış edəcək şairimizi, xüsusi bir ehtiramla səhnəyə dəvət
etdi. Məmməd
İsmayıl çıxışına: “Mən inanıram ki, bu salonda heç zaman mənim mübarək Azərbaycan-türk
dilimdə şeir səslənməyib, bəlkə heç bundan sonra da səslənməyəcək, ona görə də ilk şerimi öz dilmdə oxuyacağam!” – kəlmələrilə başladı. Onun iki dildə oxuduğu şeirlər, söylədiyi gözəl nitq salonda gurultulu alqışlarla qarşılandı. Gələnlər
arasında Ukrayna və Rusiya jurnalistləri də vardı, onlar Məmməd bəylə tanış olduqları və ondan reportaj ala bildikləri üçün xoşbəxt olduqlarını
bildirdilər.
Beləcə bir gün daha
keçdi...
Bu günlərdə bizi heyrətə gətirən
nüanslardan biri də - axşam toplantılarından birindən sonra, Polşadan gələn şair və
publisist Tomaş Lyubenskinin qəflətən yıxılıb huşunu itirməsi oldu. Ürəyində problem olan şair Feodosiya şəhər xəstəxanasına
çatdırıldı. İki günə yaxın ciddi rejimdə müalicə olunan Lyubenski, ayın 15-də olan Polşa Poeziyası tədbirində iştirak
etmək üçün, səhhətini təhlükədə qoyaraq xəstəxananı tərk etmişdi. Sənətə və şeirə bu qədər məhəbbət və dəyər verməsi hər kəsin qəlbində polşalı şairə dərin rəğbət hissi doğurdu.
Bəli, əbədiyyat məncə elə bir qüvvədir ki, onu sevənləri hətta ölümün pəncəsindən belə qoparmağa qadirdir!
Bir şeyi yazmağı unutmayım. Azərbaycan
poeziyası saatından əvvəl, sabah erkən M. Voloşinin qəbri ziyarət olunacaqdı. Öz tədbirimizə gecikə bilmək qorxusu olsa da, biz hər ikimiz, bunu çox vacib hesab edərək, dəstəyə
qoşulduq. Bu şəhərə gəlib şeir gecələrinin iştirakçısı olmaq, amma o böyük ürəkli şairin qəbrini
ziyarət etməmək ən azından nankorluq olardı.
Hər birimiz dəniz sahilindən iki daş götürüb ucu-bucağı görünməyən yola
üz tutduq. “Bənövşənin xətrinə kol dibinə iz düşdü” deyən şair nə qədər də haqlı imiş. Düz səksən ildir ki, şerə, sənətə sevgi insanları dəniz sahilindən dağların zirvəsindəki tək mazara doğru çəkir.Və insanların şairə və şerə olan sevgisi dağ yamacını cadar-cadar yola çevirib. Budur insanlığın
bitib tükənməyən sənət sevgisi!
Ömrünü sadə yaşayan və hər zaman
xeyirxahlıq rəmzi olan mərhum şairin qəbri də dəbdəbədən uzaq idi. Müsəlman olmasa da, bütün dinlərə ehtiram bəsləmiş insanın qəbrinin üstündə dua oxumaya bilməzdik. Ürəyimizdə bir ümid işığı, onun müqəddəs ədəbiyyatçı ruhundan gələcək işlərimizdə bizə kömək olmasını dilədik.
Günəşin qaynar şüaları altında bizə bu yolu
qət edib, geriyə yorulmadan qayıda bilməkdə və sonra da müvəffəqiyyətlə çıxış etməkdə Voloşin möcüzəsinin olmamasına məni kimsə inandıra bilməz. Allah bütün məhhum şairlərə və ürəyi ədəbiyyat sevgisiylə dolu
yazarların ruhlarına rəhmət eləsin!
...Məhz həmin günə –
sentyabrın 15-ə təyin olunmuş Azərbaycan Poeziyası gecəsi başladı. İlk öncə gecəni moskvalı şair, Məmməd İsmayıl şeirlərinin böyük pərəstişkarı və eləcə də rus dilinə tərcümə edənlərdən biri – Mixail Sinelnokov açdı. O şairimizi bütün layıq olduğu gözəl sözlərlə dinləyicilərə bir
daha təqdim edərək sözü ona verdi. Məmməd bəy mikrofonu əlinə aldığında meydana sükut çökdü. Hər kəs diqqət kəsilərək onu
dinləməyə müntəzir dayandı. Və ardınca əzbərdən dediyi şeirlər... A. Kuşnerin, M. Sinelnikovun tərcüməsində dә Məmməd
İsmayıl şeiri cazibədardı... Rus dilli oxucular bizim poeziyanı öz dilində mənimsəyir və sevməyə
bilmirdi. Bu şeirlər elə bir qələmdən süzülmüşdülər ki, sevilməyə məhkum idilər.
Daha sonra M. Sinelnikov və
Q.Kalaşnikov azərbaycanlı dostlarının – Məmməd İsmayılın şeirlərindən örnək tərcümələr oxudular.
Sonra söz mənə
verildi. Mən “İki tarix” və “Nədən mənim deyilsən” adlı şeirlərimi ifa etdim. Tərcümələr M. Sinelnikova və S. Karatova məxsus idi. Necə qarşılandığını özüm deyə bilməyəcəm, amma şair dostlarımın sevgi dolu baxışları heç də fəna
olmadığını söyləyirdi.
Azərbaycan poeziyası gecəsindən sonra
M. Sinelnikovun öz şeirləri səsləndi. Ardınca Polşa şeirləri axşamı, və daha sonra da, E. Çiqrinin və B. Kendjiyevin yeni kitablarının təqdimat mərasimi
oldu.
Bir-birinin ardınca keçən bu maraqlı tədbirlər
axşamüstü ayrılıq gecəsinə çevrildi. Qapanış gecəsi Qara dənizin sahilindəki meydanda təşkil olunmuşdu: Simpozium iştirakçılarının diplom təltifləri, son
sözlər və vidalaşmalar… Qapanış mərasimində mənə gözəl şeirlərə və səlist ifaya görə Simpoziumun “Təşəkkür bəlgəsi”, sevimli şairimizə isə ən gözəl şeirlərə görə “Voloşin sentyabrı” diplomu təqdim olundu. Hətta muzeydə əbədi
saxlanacaq, üzərində M.Voloşinin şəkli olan mis lövhələrdən birində Məmməd müəllimin öz dəst-xətti ilə gözəl şeirlərindən bir parça da həkk olundu:
"Beləcə bir ömrün dastanı bitər,
Çay daşar, sel gedər,sahillər qalar.
Adilər illərə qoşulub
itər,
Zamandan zamana dahilər qalar!
Belə dahilərdən biri
olan M.Voloşin əbədi yaşamaq səlahiyyətini hәlә sağlığında qazanmış sənətkardır,
ruhu şad olsun!”
Təltif olunanlar adından çıxış etmək şərəfi də şairimizə nəsib
oldu: "Biz bu gün məkanı və ruhu Allaha yaxın olan böyük M.Valoşinin sadədən sadə məzarını
ziyarət etdik. Bilirsinizmi o məzar və ruh bizə nələr pıçıldadı: Allah və Allahın insanlara bəxş etdiyi həzzin qaynağı olan poeziya Allahın özü kimi əbədidir!"
Doğru sözə nə əlavə edə bilərik...?!
Afaq ŞIXLI.
Avrasiya Yazarlar birliyinin üzvü, Rusiya Poeziya Akademiyasının müxbir üzvü
22.09.12.Moskva.
Комментариев нет:
Отправить комментарий